19 oktyabr 2018 17:37
1395

UEFA PSJ klubunu cərimələyib

UEFA “Pari Sen-Jermen” klubunu 20 min avro cərimələyib

UEFA Fransanın “Pari Sen-Jermen” (PSG) klubunu Çempionlar Liqasının qrup mərhələsində Serbiyanın “Red Star” komandası ilə keçirdiyi matçda yaşananlarla əlaqədar 20 min avro məbləğində cərimələyib. Bununla yanaşı, hər iki komandanın azarkeşlərinin səbəb olduğu hadisələrlə bağlı əlavə araşdırmanın aparılması qərara alınıb.

Bu barədə UEFA-nın saytında məlumat verilib.

“PSG”nin cərimələnməsinin əsas səbəbi oyunun gec başlaması olub. Komandanın baş məşqçisi Tomas Tüxelə bu barədə xəbərdarlıq edilib. Parislilərə qarşı, həmçinin oyun zamanı azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə və klub nümayəndələrinin uyğun olmayan davranışları ilə bağlı da iddialar irəli sürülüb. UEFA-nın “Red Star” klubunun azarkeşlərinin davranışları ilə bağlı da müəyyən ölçü götürəcəyi gözlənilir. Bununla əlaqədar oyunda baş vermiş hadisələri və hər iki komandanın azarkeşlərinin davranışlarını araşdırmaq üçün müfəttişin təyin olunması qərara alınıb.

Xatırladaq ki, oktyabrın 3-də Parisdə keçirilən həmin qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.