21 noyabr 2018 15:21
2087

BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb

BANM-in tələbələri Malayziyada təhsil almaq üçün təqaüdə layiq görülüblər

Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən olan Malayziyanın “Petronas” şirkətinin təqaüdünü əldə ediblər.

BANM-dən bildirilib ki, tələbələr Malayziyanın Petronas Texniki Universitetində şirkətin hesabına təhsil alacaq, təhsil haqqı, yataqxana və hər ay ehtiyaclarını ödəmək üçün təqaüdlə təmin olunacaqlar. Ali məktəbin tələbələri “Petronas” şirkətinin imtahan və xüsusi müsabiqəsindən uğurla keçdikdən sonra bu təqaüdə layiq görülüblər.

Bu münasibətlə BANM-in rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşüb. Rektor bacarıqlı və bilikli tələbələrlə fəxr etdiyini deyib və onları əldə etdiyi bu böyük nailiyyət münasibətilə təbrik edib.

Valideynlər öz növbəsində rektora BANM-də onların övladları, eləcə də bütün tələbələr üçün yaradılmış şəraitə görə təşəkkür ediblər. Valideyn Qalib Şahbalayev bildirib ki, oğlu BANM-də təhsil aldığı bir ildə ingilis dilini mükəmməl mənimsəyib və güclü İKT biliklərinə yiyələnib. Məhz bunun nəticəsidir ki, bu gün o, imtahan və xüsusi müsabiqədə qalib gələrək Malayziyada təhsil almaq üçün təqaüd qazanıb.