09 yanvar 2019 10:21
858

Demokratik dəyərlərə, insan haqlarına sadiqlik nümunəsi

Dövlətimizin başçısı İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının VI qurultayında qarşıdakı illərin prioritetlərini açıqlayarkən bildirmişdir: “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik... Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.”

Tarixə prezident seçkiləri ili kimi daxil olan 2018-ci ilin ardınca 2019-cu il bələdiyyə seçkiləri ilindəyik. Daim qeyd olunduğu kimi, hər bir  seçki prosesi ölkədəki ab-havanın göstəricisi kimi dəyərləndirilir. 2018-ci ilin fevralında VI qurultayını keçirərək, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham  Əliyevin namizədliyi barədə qərarın  yekdilliklə qəbulundan sonra təkmil seçki təcrübəsi əsasında hazırlıq prosesinə başlayan Yeni Azərbaycan Partiyası daim bu prinsipi öndə saxlayır ki,  hesabat dövrü ərzində görülən işlər, davamlı uğurlar, ən əsası populizmdən uzaq olaraq, sözlə əməl birliyi seçki kampaniyasının son mərhələsi olan səsvermə prosesinin yüksək fəallıq şəraitində keçməsini, xalqın böyük dəstəyinin qazanılmasını şərtləndirir.  1995-ci ildə milli Konstitusiyamızın qəbulundan  bu günə kimi ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində, eyni zamanda,  ümumxalq səsverməsində  ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması da deyilənlərin təsdiqidir.

2018-ci il  Azərbaycanın 27 illik müstəqillik tarixinə növbəti uğur səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyev xalqın böyük dəstəyi əsasında  qələbəsini yenidən  təmin etməklə  növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açdı. Təbii ki, bu dəstəyə əsas verən Azərbaycanın bugünkü reallıqlarıdır.

Ölkəmizin uğurlarında öz payı, rolu olan Yeni Azərbaycan Partiyasının 2018-ci ilin prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində “Dünənə bir nəzər”  fonunda açıqladığı 10 möhtəşəm uğur, eyni zamanda, hədəflər qarşıdakı illərin aydın mənzərəsini yaratdı.  10 mühüm hədəf sırasında Azərbaycanın demokratik inkişafının davamlılığı üçün atılacaq addımlar xüsusi  yer tutmuşdur: Azərbaycanda demokratik inkişaf təmin olunacaq. İnsan hüquq və azadlıqlarının müdafiəsi cəmiyyət həyatının normasına çevriləcək.

Sadalanan möhtəşəm  uğurlara və hədəflərə söykənərək “İlhamla irəli” deyən Yeni Azərbaycan Partiyası seçicilərə bu müraciəti etmişdir: “Tariximizin son 10 ili möhtəşəm quruculuq illəridir. Yüksəlişin daha əzəmətli üfüqləri isə qarşıdadır. Biz “İlhamla irəli” deyir və uğurlu gələcəyə üz tuturuq. İnanırıq ki, siz Azərbaycanın gələcək uğurlarına səs verəcəksiniz.  Sizin səsiniz Sizin gələcəyinizdir.”

11 aprel 2018-ci il prezident seçkiləri ölkə vətəndaşlarının yüksək fəallığı,  ölkə Prezidenti İlham Əliyevin  qələbəsi  ilə tarixə yazılaraq, son 15 ilin uğurlarının, həmçinin  qarşıdakı illərin hədəflərinin təqdimatı oldu.

Azərbaycan bu gün həmin uğurlara söykənərək bələdiyyə seçkilərinə hazırlaşır. Son illər Yeni Azərbaycan Partiyasının təkmil seçki praktikasının əsas tərkib hissələrindən, eyni zamanda, qarşıya qoyduğu əsas hədəflərdən biri məhz gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılmasıdır. Partiya son parlament və bələdiyyə seçkilərində bu istəyinə  nail olub. Düşünürük ki, 2019-cu il bələdiyyə seçkiləri də bu hədəfə yüksək səviyyədə çatmağa böyük töhfə verəcək.

Demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amillərdən biri kimi seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə dövlətimizin göstərdiyi diqqət ilk olaraq müraciət etdiyi təcrübələrdən də aydın görünür. Barmağın gözəgörünməyən mürəkkəbə boyanması, “exit-poll”un keçirilməsi və s. kimi addımlar deyilənlərin təsdiqidir. Təhlillər onu deməyə əsas verir ki, demokratiya Azərbaycanın strateji kursunun əsasını təşkil edir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Ötən ilin  mühüm xarici siyasət uğurları sırasında yer alan  Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənəd də  ölkəmizin bütün sahələrdə, o cümlədən demokratik istalahatlar sahəsində əldə etdiyi  uğurların təqdimatı kimi  dəyərləndirildi. Həmin sənəddə ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar, demokratiya təcrübəmiz təqdir olunaraq, qeyd olunmuşdur ki, Avropa İttifaqı  Azərbaycanla bu sahədə də mövcud imkanlardan istifadə edərək, əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Dövlətimizin başçısı  “Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik” söyləyib, bir daha  ulu öndər Heydər Əliyevin həyata keçirilən siyasətin önündə dayanan “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” tezisinə söykənərək, Avropa dövlətləri ilə əməkdaşlığın prioritetliyini açıqlayır. 2018-2020-ci illəri əhatə edən sənəd  tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. “Tərəfdaşlığın prioritetləri”ndə demokratik inkişafın vacib elementlərindən biri kimi Azərbaycanın multikultural dəyərlərin, tolerantlığın inkişafına töhfələri xüsusi vurğulanmışdır. Asiya ilə Avropa arasında yerləşən, regionda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan Azərbaycanın Avropa dəyərlərini paylaşan bir ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əminliyi  ifadə edir  ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə tərəflərin qarşısında yeni imkanlar açacaq, yeni sazişlər imzalanacaq.

Azərbaycanın demokratik, sivil dəyərlərə sadiqliyini Almaniyanın Federal Kansleri Angela Merkel də Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olarkən xüsusi qeyd etmişdir. “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” söyləyən  Almaniya Kansleri münasibətlərin inkişafında demokratik inkişafın düzgün dəyərləndirilməsinin böyük rolu olduğunu da qeyd etmişdir.

Göründüyü kimi, ölkəmizdə  demokratikləşmə prosesinin sürətləndirilməsi yalnız bir şüar, niyyət deyil, hərtərəfli inkişaf üçün əsasdır. Siyasi və iqtisadi islahatların paralelliyinin təmin olunması davamlı inkişafı şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”