11 yanvar 2019 11:21
2304

Qəhrəmanlıq salnaməsi

Ötən əsrin 90-cı ilinin ilk ayına,  şənbə gününə təsadüf edən 20 Yanvar hadisəsi 1905-ci ildə   çar Rusiyasında   törətdilən  “9 yanvar, qanlı bazar günü”nün təkrarı olmaqla imperiyanın  “Parçala, hökm sür” siyasətinin çirkinliklərini göstərdi.  Çar  üsul-idarəsinin zülmündən  əziyyət çəkən yüzlərlə insanı aldadaraq meydana toplayan keşiş Qaponun əmri ilə   günahsız insanlar qətlə yetirildi.  Sovetlər dönəmində tarix dərsliklərinə   daxil edilən bu hadisələri  lənətləyən o dövrdəki nəsil 20  Yanvarda imperiyanın vəhşiliklərinin  canlı şahidi oldu.  Sadəcə çar Nikolayı SSRİ-nin birinci və axırıncı prezidenti, ermənipərəst M.Qorbaçov,  keşişi isə   milli mənəvi dəyərlərdən uzaq olan Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov,  sovetlərin güc strukturlarının rəsmiləri D. Yazov, B.Bakatin, B.Barennikov... kimi qana susayan qatillər əvəzlədilər.  

...Yanvarın 19-da erməni silahlılarının Sədərəyə (Naxçıvan MR) silahlı  hücumları zamanı   azyaşlı Maliklə  Elvin qardaşlarının adları şəhidlik  salnaməmizə  ilk yazılanlardan oldu.  Amma insanlar bilmirdilər ki, əsrlərdən bəri sadiq qaldığı mənfur siyasətini yeritməklə  günahsız insanların qanını tökən imperiyanın susadığı qan-qada bununla bitməyəcək.  Yanvarın 20-nə keçən gecə ermənilərin çoxluq təşkil etdiyi imperiya qoşunları Bakını güllələdilər. 29 il bundan əvvəl,  20 yanvar  1990-cı ildə Bakı gözünü qanla açdı.  Xalqların milli oyanış istəyini  boğmaq  üçün Alma-Atada, Vilnüsdə, Tbilisidə  günahsız insanlara aman vermədən qətlə yetirən imperiyanın növbəti ünvanı  Bakı oldu.  Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş  “xilaskar qızıl ordu”nun  zirehli hərbi maşınları, tankları sovetlərin buxovundan,  əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq  edilmədən insanlara qarşı  vəhşiliklər törədən “qırmızı ulduzlu paqonlular”  Bakıda qanlı qırğınlar törətdilər.  İnsanların azadlıq, istiqlaliyyət, müstəqillik  səslərini   güllələrin dili ilə  susdurmağa  çalışdılar. Amma   unutdular ki, zalımın zülmü  olsa da,  haqqın da bükülməz qolu, dönməz üzü vardır. Canlı sipər çəkməklə tankların qarşısını  kəsən, düşmənə meydan oxuyan oğullarımız ölümləri ilə  imperiyanın gücsüzlüyünü göstərdilər. Moskvada yaşayan, o qanlı hadisələrə münasibətini  “Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi  səhv  buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar görünür işlərin belə ağır  faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında  vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar” sözləri ilə bildirən ulu öndər Heydər Əliyev  günahkarların  cəzalarına çatması üçün cinayətə cəlb olunmalarını tələb etmişdir. Hadisələr zamanı  Bakıda 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra da Bakı şəhərində daha 21 nəfər öldürülmüş, paytaxtdan kənar rayonlarda - Neftçala və Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə,  sovet ordusu qoşunlarının  hərbi əməliyyatları nəticəsində Bakıda və  rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Bütün dünya isə bu qətliama göz yumdu.

... O hadisələrdə   erməni-sovet birləşmələrindən ibarət  ordunun qarşısına əliyalın çıxan, canlı sipər olan  qəhrəmanlardan birinin xatirəsini yad edirik: Azər Nəsib oğlu  Ələkbərov. Azərbaycan xalqının  milli oyanış tarixi kimi salnaməmizə yazılan 20 Yanvar hadisələrində   həyatının 21-ci baharını yaşayan Azər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun III kurs tələbəsi idi. Arzusu rejissor olmaq, filmlər çəkmək idi.

Müsahibimiz Azərin anası Sürəyya xan ımdır.

...“O illəri  necə xatırlayırsınız?” sualını  övlad itirən anaya ünvanlamaq bəlkə də  ədalətsizlik olardı.  Çünki qaysaqlanmayan, daim sızıldayan övlad  itkisi valideynin qəlbinə əbədi yazılan və nəzərlərindən bir an da olsun çəkilməyən daimi yaddaşdır. Bu baxımdan Azər sorağı ilə   bu gün də qulağı səksəkədə olan   Sürəyya xanımla söhbətə ana ürəyini qırmamaq üçün bütün şəhidlərin Azərbaycan xalqının övladı olduğu təsəllisi ilə  körpü saldıq.

O illəri təzədən  yaşayırmış kimi fikrini toplamağa çalışdı. Hiss olunurdu ki, Azər haqqında sözünə   hardan, necə başlayacağına özü də  çətinlik çəkir.   Çünki övlad hansı yaşda olursa olsun onun hər dəqiqəsi ana üçün əziz, unudulmazdır. Nə qədər çətin olsa da,  yaddaşını çözələyən Sürəyya xanım gözlərini  divardan asılmış Azərin  şəklindən  ayırdı. Azər sanki  gözləri yaşlı, ürəyi qubarlı  anasına güc, qüvvət verdi:

- Nə deyim... Bütün şəhid məzarlıqlarında yatanların hamısı   mənim üçün Azərdir.  Amma hər bağın öz meyvəsi,  hər meyvənin  öz dadı var. Allah ölənlərə rəhmət eləsin, qalanlara uzun ömür versin.

Bir az fasilədən sonra  söhbətinə davam edən Sürəyya xanım o günlərin dəhşətini sanki yenidən yaşayırmış kimi narahat idi:

-  İki övladım var idi. Biri Azər, o biri qızım Gülsəda. Yanvarın 19-u idi.   Azərin  oxuduğu  institutun bir qrup say-seçmə  tələbəsi  Almaniyada keçiriləcək festivala hazırlaşırdı. Bütün günü gərgin çalışdığı üçün yorulmuşdu deyə, ertədən yatmışdı. Mən də qonşu qadınla  söhbət edirdim. Həyat yoldaşım, jurnalist Nəsib tay-tuşları ilə   görüşmək üçün evdən çıxmışdı. Yəni, tam sakitlik idi. Birdən göy üzü işıqlandı, atəş səsləri eşidildi. Qonşu qadın dedi ki, yəqin uşaqlardır, fişəng atırlar. Sonra gördük ki,  bayırdan səslər gəlir. Baxdıq ki, adamlar “Bizi öldürürlər” deyə-deyə qaçırlar. Səsə oyanan Azər də  bayıra baxdı, atasını soruşdu. Dedim ki, hələ gəlməyib. Tələsik geyinib evdən çıxdı. Qarşısını  kəsdim.  Dedim ki, ay bala, bu qarğaşada hara gedirsən? Pilləkənləri yenə- yenə  dedi ki,  atam gəlməyib,  insanlar da kömək gözləyir. Görüm nə olub. Elə o gedən oldu. Daha Azəri görmədim.     

Yenidən susaraq söhbətinə ara verən Sürəyya xanım sanki  Azərin gəlişini gözləyirmiş kimi  baxışlarını  qapıya zillədi.

-  Atası gələn kimi birgə Azəri axtarmaq üçün o vaxtlar  hamının “Salyan kazarması” kimi tanıdığı səmtə  yollandıq. Amma addım atmaq mümkün deyildi. Hər tərəfdən güllə yağırdı. Evə qayıtdıq. İki gün Azərdən soraq verən olmadı. Xəstəxanaları ələk-fələk etdik. Yolda-izdə  rast gəldiyimiz ölüləri nəzərdən keçirdik.   Bir hərbçi qonşumuz var idi. Dedi ki, bir maşın meyidi yığıb aradan çıxarmaq istəyirlər. Bilmirəm, necə oldusa həmin şəhidləri  1saylı Şəhər Kliniki Xəstəxanasına  ( Semaşkoya) gətirdilər.  Orada başından güllə yarası alan Azəri  qan içində  tapdıq.  O gün rast gəldiyim  bir hadisəni unuda bilmirəm.  Əlindəki  kəsilmiş  qolu  bərk-bərk qucaqlayan, ağlayan bir kişi  bizə təsəlli verdi: “Sevinin ki,  övladınızın heç olmasa ölüsünü tapdınız. Mən oğlumun əlimdəki qolunu  saatından tanıdım.” Başqaları kimi Azəri də  Şəhidlər xiyabanında dəfn etdik.  Sonradan eşitdik ki,  bu hadisədən sarsılan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına göndərdiyi  başsağlığı teleqramını belə  xalqa çatdırmayıblar.

Fikirləşdim ki, qısa həyat yolunu bir neçə vərəqə sığışdırmaq olar. Amma bu qısa yolun illərlə  davam edən, ana qəlbinə  övlad dağı çəkdirən düşmənin vəhşiliyini unutmaq olmaz. Arxada qalan həsrətli, nisgilli  illər Sürəyya xanımın çöhrəsində  dərin izlər buraxmaqla ürəyi övlad yaralı   ananın sağlamlığına da “əl gəzdirib.”

- Əvvəllər tez-tez məzarını ziyarət edərdim. Amma indi  “sirdaşım, həmsöhbətim” divardan asılmış şəkli ilə mənə həyan olan, sakit baxışları ilə  təsəlli verən Azərimdir.

Arada  şəklin tarixi  barədə də məlumat verdi:

- Bir gün  bir rəssam bizə zəng etdi. Dedi ki, sizin məndə  əmanətiniz var. Təəccübləndik. Azərin şəklini bizə təqdim edəndə bildirdi ki,  Azər və  torpaq, Vətən yolunda  canlarını qurban vermiş  şəhidlərimiz  bütün Azərbaycan xalqının  hörmətlə yad etdiyi övladlardır. Sağ olsun, dövlətimiz. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daimi qayğısını hiss edirik.  Bütün şəhid ailələri kimi bizə də diqqət göstərilir.  Azər Ələkbərovun  adının  Respublika İncəsənət Gimnaziyasına verildiyi gün övladım sanki yenidən dünyaya gəldi. Çox sevdiyi incəsənət sahəsində  çalışmaq ona nəsib olmasa da, adını daşıyan məktəbdə  Azərin yüzlərlə davamçısı yetişir.

... Azər kimi  Vətən mücahidləri az yaşasalar da, xalqımızın  müstəqillik tarixində əbədiyyət rəmzinə çevrildilər.  Torpaqlarımızı işğaldan azad etməyə hazır olan, Prezident,  Ali Baş Komandan  İlham Əliyevin əmrini gözləyən Azərbaycan əsgərinin qəlbində azərlərin, mübarizlərin qələbəyə inam ruhu yaşayır.  Qələbə günü gələcək. Həmin gün  bütün şəhidlərin ruhu rahatlıq tapacaq. 

Xuraman İsmayılqızı, “İki sahil”