22 yanvar 2019 10:26
687

Qondarma qətnamələr müstəqil dövlətin daxili işlərinə müdaxilədir

Ölkəmizin artan beynəlxalq nüfuzundan qıcıqlanan Avropa Parlamenti (AP) Azərbaycana qarşı növbəti “məhəbbətini” “Mehman Hüseynovla bağlı təcili qətnamə”si ilə bildirib. Bu “tələskənliyə” səbəb də Azərbaycanın dünya birliyində artan nüfuzundan, qazandığı etibardan yaranan təlaşdır. Azərbaycanın çevik, milli maraqlar üzərində qurulan, beynəlxalq səviyyədə dəstəklənən xarici siyasətinin uğurları AP-də toplaşan ermənipərəst parlamentariləri qıcıqlandırır.

“Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı” söyləyən Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın diplomatiyada qazandığı uğurları əks etdirməklə, dövlət siyasətimizin bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu da göstərir.

Enerji layihələrindən siyasi məqsədlər naminə istifadənin yolverilməzliyini əməli ilə təsdiqləyən, geosiyasi, təhlükəsizlik məsələlərinin həllində iqtisadi əməkdaşlıq və sabitlik tərəfdarı kimi öz sözünü ən yüksək tribunalardan  deyən Azərbaycanın dünya birliyi tərəfindən sabitlik adası kimi tanınması, sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi çoxlarını narahat edir. Ölkəmizə qarşı qərəzli mövqelərini  apardıqları təxribatları ilə bildirən dairələr, qruplar Avropa Parlamenti kimi ermənipərəst təşkilatlar istəsələr belə ölkəmizin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinə ləkə sala bilməzlər.

Birinci Avropa Oyunları zamanı da ölkəmizə qarşı qərəzli siyasət yeridən Avropa təşkilatlarının, “demokratiya hərislərinin” mərəzi başqadır. Qitə dövlətlərində miqrantlara qarşı törədilən qeyri-insani rəftarları təbii qəbul edən Avropa Parlamentinin Mehman Hüseynovun “taleyinə təcili acıması” ölkəmizə qarşı törədilən təxribatların növbəti ssenarisidir. Avropanın mədəniyyət mərkəzi sayılan Fransada aylardan bəri “sarı gödəkçələr”ə qarşı törədilən təsir və təzyiqləri, asayiş keşikçilərinin qırmancları altında inildəyən aksiya iştirakçılarını “görməyən”, monoetnik dövlət Ermənistanda baş verən hadisələri “ demokratiyanın “tərkib hissəsi” kimi səssizcə müşahidə edən AP-nin Mehman Hüseynova olan “isti münasibəti”ni alovlandıran erməni təəssübkeşliyi ilk baxışdan bəlli olur. Ümumiyyətlə, Azərbaycanın uğurlarına xəbisliklə yanaşan AP ölkəmizə qarşı oxşar münasibətini əvvəllər də sərgiləyib. Qərəzli qətnamənin qəbulunda daha çox canfəşanlıq edən AP-nin üzvü, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın səlahiyyəti xaricində Mehman Hüseynovun “təcili azadlığa buraxılması” ilə bağlı əsassız tələbi elə Avropasayaq demokratiya, insan hüquqlarının müdafiəsidir. Bu cür qeyri-qanuni istəklər avropalı parlamentarilərin demokratiyadan xəbərsiz olduğunu, “insan hüquqlarının qorunmasının” məqamı gəldikdə, özlərinə sərf etdikdə  dəyərləndirildiyini göstərir.

Xatırladaq ki, ötən illərdə də belə “sürprizləri” ilə məkrli siyasətini davam etdirməkdə israrlı olan, erməni lobbisinin təsiri ilə fəallaşan, onların diktəsi ilə Azərbaycanla bağlı qərəzli mövqeyini bildirən AP yetərsay olmadığı hallarda belə ölkəmizə qarşı ikili standartlardan yanaşmadan çəkinməyərək “İlqar Məmmədovu müdafiə” adlı  bəyanat qəbul etmişdi.

Halbuki beynəlxalq ekspertlərin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı mövcuddur. İfadə, mətbuat azadlığı üçün məhdudiyyət yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən artıqdır. Azad internetin mövcudluğu, senzuranın olmadığı Azərbaycanda söz azadlığının məhdudluğundan danışmaq siyasi naşılıqdır. Bu yolu seçənlər başa düşməlidirlər ki, media azadlığının özü demokratiya deməkdir.

Təşkilatlanma və toplaşma azadlığı tam şəkildə təmin edilir. Siyasi təşkilatların icazəli mitinqlər, aksiyalar nümayişlər keçirmələri təhlükəsizlik qorunmaqla təmin edilir. Avronest Parlament Assambleyasının, AŞPA, NATO PA-nın sessiyalarının Bakıda keçirilməsi Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı müsbət rəylərin səslənməsi ölkədə aparılan demokratik islahatlara verilən dəyərdir.

Təcrübədən də aydın olur ki, iqtisadi, siyasi, diplomatik uğurları ilə diqqət çəkən ölkəmizdə  keçirilməsi nəzərdə tutulan mühüm tədbirlər ərəfəsində Azərbaycana qarşı kampaniyalar başlanır, qarayaxma, böhtan, əsassız iradlardan istifadə olunur. Mehman Hüseynova dəstək kampaniyası da növbəti siyasi oyundur.  Azərbaycanın Avropa Birliyinə daxil olan ölkələrin enerji təminatındakı rolunu, əhəmiyyətini həmişə yüksək dəyərləndirən qitə dövlətlərinin başçıları və xalqları da ölkəmizə isti münasibət bəsləyir və əməkdaşlığın möhkəm təməl üzərində qurulduğu bütün görüşlərdə əsas amil kimi diqqətə çatdırılır. Davamlı inkişaf yolu ilə qüdrətlənən Azərbaycanla bağlı neqativ fikirlər səsləndirmək, ölkəmiz haqqında “siyasi məhbus”, “avtoritar”, “despotizm” kimi ifadələri işlətmək naşılıq və korluqdur. Bütün dünyada güclənən mövqeyi, iqtisadi qüdrəti, qazandığı siyasi nüfuzu təsdiqlənən Azərbaycanın uğurlarına həsəd aparanlar məqsədli şəkildə ölkəmizə qara yaxmağa , inkişafımıza mane olmağa çalışırlar. Belə mənfur niyyətlilərə ən tutarlı cavabı  Prezident İlham Əliyev qəti şəkildə bildirib: “Bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və olmayacaqdır.” “Eurovision” mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında bu cür çirkin “təcrübədən” istifadə də iflasa uğradı. Ölkəmizə gələn qonaqların müasir Azərbaycanın inkişafı ilə bağlı söylədikləri xoş sözlər qərəzlilərin qara fikirlərinin əsassızlığını göstərdi. Ermənipərəst dairələr, ölkə müxalifəti güclü Azərbaycan xalqı , onun qətiyyətli lideri Prezident İlham Əliyevin siyasəti, cəsarəti qarşısında məğlub olurlar.

Xarici dairələrin dəstəklədiyi Leyla Yunus-Barseqyan, Xədicə İsmayıl, Əlikram Hümmətov kimilərinin diktəsi əsasında formalaşan, respublikamızda sabitliyin pozulmasında maraqlı olan qüvvələrin iştirakı ilə qəbul olunan belə cızma-qaralar müstəqil dövlətin daxili işlərinə müdaxilədir və beynəlxalq hüquq normalarına zidd olmaqla heç bir hüquqi əsası yoxdur. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmiş, güclü dövlət quruculuğu istiqamətində önəmli siyasi, iqtisadi, demokratik islahatlar aparılmışdır. “Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir, müdafiə olunur. Xalq-iqtidar vəhdəti isə demokratiyanın əsas şərtləri olmaqla uğurlarımızın təməlidir.

Xuraman İsmayılqızı, “İki sahil”