11 sentyabr 2019 11:01
1505

Prezident İlham Əliyev: Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq

Dövlətimizin başçısı prioritetləri açıqlayarkən bu əminliyi ifadə edir ki, sosial sahə daim diqqətdə olacaq

Dövlətimizin başçısı İlham Əliyev ötən il andiçmə mərasimində 15 ilin uğurları fonunda prioritetləri açıqlayarkən bildirmişdir: “Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər.” Bu rəqəm də açıqlanmışdır ki, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Həmin kreditlərin, həmçinin sahibkarların öz vəsaitləri hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılıb, qeyri-neft sektorunun inkişafı təmin edilib. Ölkə Prezidenti hədəflər sırasında bu mühüm məsələni da diqqətə çatdırmışdır ki, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq azaldılacaq.

Ölkəmizdə iş yerlərinin yaradılması daimi prosesdir. 2004-cü ildə regionların inkişafına dair ilk Dövlət Proqramının icrasına başlanandan bu günə bir milyon 900 minə yaxın yeni iş yeri yaradılıb. Dövlətimizin başçısı bunu belə əsaslandırır ki, bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bundan sonra da  işsizliyin ən aşağı səviyyədə saxlanılmasına çalışacağıq.

Məhz bu məqsədə çatmaq üçün atılan addımlar uğurlu nəticələrlə müşayiət olunur. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, cari ilin birinci yarısında ölkədə 92 min yeni iş yeri yaradılıb. İş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunda yaradılıb. Bu da ölkədə sahibkarlığın inkişafından xəbər verir. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır.

Hazırda özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Strateji Yol Xəritəsində hədəf kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasının əsasında da qeyri-neft sektorunun, qeyri-neft sənayesinin azı üç dəfədən çox artımı dayanır. Bunun əsas şərti isə ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaqdır. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. O da məlumdur ki, 2015-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan  “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmana  əsasən sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır. Bu müddət cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilədək uzadıldı. Daim qeyd olunduğu kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir.

Görülən bu işlərin nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyevin “Made in Azerbaijan” brendinin təşviqinə dair qəbul etdiyi qərarla ölkəmiz dünyanın 170-dən çox dövləti ilə ticarət əlaqəsi yaradıb. Tərəfdaşlar artdıqca istehsal edilən qeyri-neft məhsullarının çeşidi də çoxalır. Statistik məlumatlara diqqət yetirsək, bu gün Azərbaycan artıq 167 yeni növ məhsulun ixracına başlayıb. İxrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb.

2013-2020-ci illəri əhatə edəcək mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə də əsas prinsiplər kimi diqqət mərkəzində saxlanıldığından daim bu istiqamətdə ciddi addımlar atılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır, sağlam investisiya mühitinin yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. Sahibkarlar onlara yaradılan şəraitdən məmnun qalaraq, “Made in Azerbaijan” brendinin təqdimatına öz töhfələrini verirlər.

Göründüyü kimi, hər addımın əsasında insan amilinə dəyər dayanır. “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən dövründə təsdiqlədiyi iki sosial paket deyilənlərə bariz nümunədir. İcrasına başlanan ikinci sosial paket çərçivəsində minimum əməkhaqqı üzrə 950 min, digər sahələr üzrə isə 400 min nəfərin maaşı artdı. Bütövlükdə maaş artımının ümumi əhatə dairəsi 1mln 350 min nəfərdir. İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. “ASAN xidmət”in fəaliyyəti, həmçinin ABAD mərkəzlərin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkşafını təmin edir. Ailə biznesinə asan dəstək kimi dəyərləndirilən ABAD mərkəzlərin yaradılması və fəaliyyətlərini genişləndirmələri hər bir ailənin öz məhsulu ilə tanınmasına geniş imkanlar açır ki, bu da öz növbəsində sosial müdafiənin təminatıdır. Məhz bu hədəflər iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsinin formalaşdırılmasında da özünü göstərir. Dövlətimizin başçısı bildirir ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. 2019-cu ilin dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqət çəkir. Bu artımlar ölkəmizin iqtisadi imkanlarına əsaslanır ki, bunlar da öz növbəsində təkmil islahatları bir zərurətə çevirir. Birinci mərhələdə, yəni, müstəqilliyimizin ilk illərində yaşanan iqtisadi böhranın aradan qaldırılmasında ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə vacib amilə çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafını neft amili ilə bağlaması düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi idi. Artıq son 15 ildən artıq dövrdə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığı minimuma endirir. Artıq ÜDM-də özəl bölmənin payı 75 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Davamlı inkişaf öz növbəsində yeni texnologiyaların tətbiqini zərurətə çevirir. Andiçmə mərasimində cənab İlham Əliyev bu məqamı da qeyd etmişdir: “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu... Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.”

Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Ölkə Prezidenti İlham Əliyev əminliklə bildirir ki, dünya bazarında mövqeyimiz möhkəmləndikcə, Azərbaycan məhsullarına tələbat çoxaldıqca nailiyyətlərimiz də artacaq. Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, aqroparkların, heyvandarlıq komplekslərinin, bitkiçilik təsərrüfatlarının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq. Sahibkarlar aparıcı beynəlxalq sərgilərdə iştirak edir. İxrac məsələləri mütəşəkkil qaydada, kompleks şəkildə həll edilir. Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir. “Azexport” portalının fəaliyyəti nəticəsində ixrac edilən məhsulların həm coğrafiyası genişlənir, həm də çeşidi getdikcə artır. Statistikaya əsasən, cari ilin 6 ayında Azərbaycanın ixracı 9,98 milyard dollar təşkil edib və bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar çoxdur. Nəticə olaraq “Made in Azerbaijan” brendi dünyada tanınır və şöhrət qazanır. Bunun nəticəsidir ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət daha da artıb. Pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük inkişaf etdirilir. Fındıq, pambıq, barama, sitrus meyvələri, xam ipək istehsalının artırılması ilə ipək xalçaları üçün ipliyin istehsalına başlanması yeni ixrac sahəsinin yaranmasını təmin edir. Təkcə ötən il Azərbaycanda 10 xalça emalatxanası yaradılıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Naxçıvan Muxtar Respublikasında, Qobustan rayonunda xalça istehsalı emalatxanalarının tikintisi, təchizatı və infrastrukturunun yaradılması haqqında sərəncamlar bu qədim el sənətinə göstərilən diqqətdir. Beləliklə, Azərbaycan xalçalarının dünya bazarına çıxarılması üçün mühüm baza formalaşdırılır. Bu il daha 10 bölgəmizdə “Azərxalça”nın filiallarının yaradılması nəzərdə tutulub. Bütün bu addımlar ölkəmizin ixrac coğrafiyasının genişləndiyini təsdiqləyir.

Yeganə Əliyeva,

“İki sahil”