KÖŞƏ

Zahid Rza

Lökbatan uzaq deyil, əksinə Əli Kərimli xalqdan uzaq düşüb

02 oktyabr 2019 20:12
2507

Xaricdəki antiazərbaycan dairələrdən aldıqları qrantların müqabilində onlardan antimilli ideyalar idxal edən başda AXCP sədri Əli Kərimli olmaqla dağıdıcı müxalifət bütün gücü, fəaliyəti və davranışı ilə ölkəni ötən əsrin 90-cı illərinə sürükləmək istəyir. Həmin dövr isə xaqlın yaddaşında xaos, anarxiya, qarşıdurma, torpaqların erməni təcavüzkarları tərəfindən işğalı, separatizmin güclənməsi nəticəsində ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı dövr kimi qalıb. Dağıdıcı düşərgənin lokomotivlərindən olan AXCP və “Milli Şura” təmsilçilərinin başlarında hələ də o illərin havası var. Axı onlar məhz respublikada hökm sürən xaos və anarxiyanın tüğyan etdiyi bir dövrdə tanklardan və toplardan istifadə edərək hakimiyyəti zəbt etmişdilər.  

Xaqlın dəstəyindən məhrum olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların züytutanları bu gün ölkədəki sabitliyin pozulması və respublikada yenidən 90-cı illərin ictimai-siyasi mühitinin bərpası fonunda hakimiyyəti qamarlamaq naminə erməni lobbisi və Azərbaycan əleyhdarları ilə işbirliyini gücləndirmək üçün ən iyrənc “texnologiyalardan” istifadə edirlər. İndi qətiyyətlə demək olar ki, antiazərbaycan dairələrin ölkəmizin əleyhinə olan “yol xəritələri”nə uyğun hərəkət edən dağıdıcı müxalifət düşərgəsinin təmsilçiləri antimilli bir gücə çevrilərək hakimiyyətə, iqtidara deyil dövlətə, dövlətçiliyə qarşı mübarizə aparırlar.

Son vaxtlar partiya sədrliyindən bloger səviyyəsinə düşən, sosial şəbəkələrdə siyasi demoqogiya ilə məşğul olan, öz dağıdıcı fəaliyyəti ilə xalqdan uzaq düşən, marginallaşaraq özünü cəmiyyətdən təcrid edən AXCP sədri Əli Kərimlinin və yandaşlarının icazəsiz aksiyalara başlamaq haqqında cağırışları, onun marionetkası olan “Milli Şura”nın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarı bunun əyani təsdiqidir.

Təbii ki, ictimai dəstəyini bütünlüklə itirən, xarizması və liderlik keyfiyyətləri olmayan, siyasi dünyagörüşü tam formalaşmayan beş-üç nəfər gənci yalançı vədlərlə başına yığaraq onları öz məqsədləri üçün istismar edən Ə.Kərimlinin bu çağırışlarının arxasında məkrli niyyətlər dayanır. Əgər belə olmasaydı AXCP sədri “Milli Şura”nın mitinqi üçün Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsində ayrılan yerin uzaqlığını bəhanə gətirməzdi. Əksinə, təyin olunan saatda mitinq edər, tərəfdarlarını (əgər varsa) oraya dəvət edər və istədiyi qədər cigır-bağır, haray-həşirlə müşayiət olunan bəlağətli, pafoslu nitq söyləyə, xaricdəki ağalarına “görürsünüz, mən meydanlardayam” mesajını verə bilərdi. Cəbhəçilərin “lideri” özüdə yaxşı bilir ki,  mitinq-şouya özünün əlaltılarından başqa adam toplaya bilməyəcək. Ona görə də  Ə.Kərimli  növbəti mitinq-şounu şəhərin mərkəzi yerlərində keçirmək istəyir. Özü də Bakı meriyasından elə yerləri istəyir ki, oralarda mitinq üçün münasib şərait yoxdur. Mitinq üçün şəhərdə insanların kütləvi olduğu yerləri istəməkdə AXCP sədrinin əsl məqsədi sosial bazasının guya güclü olduğunu göstərmək, cəmiyyətin normal həyat ritmini pozmaq, qarışıqlıq yartamaq cəhdindən başqa bir şey deyil.

Ancaq Ə.Kərimli unudur ki, indi 90-cı illər deyil. Nə də Azərbaycan vaxtilə onların hakimiyyətdə olduqları bir il ərzində viran etdikləri həmin ölkə deyil. İndi XXI əsrdir və respublikamız son onaltı ildə inkişaf, tərəqqi baxımından böyük nailiyyətlərlə müşayiət olunan uzun və şərəfli  yol keçib. Ölkədə  möhkəm təməllərə əsaslanan sabitlik, təhlükəsizlik, əmin-amanlıq hökm sürür. Cəmiyyətimizdə baş verən rasional dəyişikliklər yeni ictimai dəyərlər yaradıb, yeni, modern düşüncəyə məxsus gənclik formalaşıb. Məhz ağı qaradan yaxşı seçməyi, tərəqqi ilə tənəzzülü fərqləndirməyi bacaran həmin gənclik, bütünlükdə cəmiyyətimiz imkan verməz ki, antiazərbaycan dairələrin direktivləri ilə hərəkət edən, hər addımda ümummilli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd göstərən Ə.Kərimli kimilər hakimiyyət, kreslo naminə ölkəni xaos və anarxiya müstəvisinə çəksinlər. 

Təbii ki, bütün siyasi kapitalı tükənən, siyasi sistemin bir parçası, bir ideologiya, siyasi düşüncə tərzi olan müxalifətçiliyi dağıdıcılıq, pozuculuq, inkarçılıq kimi qavrayan, mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyətin ən aşağı faizinə sahiblənən Ə.Kərimlinin “Milli Şura”nın mitinq üçün ayrılan Lökbatanın uzaq olması bəhanəsinin heç bir əsası yoxdur. Əslində Lökbatan uzaq deyil, absurd teatrındakı rolunu  oynayan, marginallşamış Ə.Kərimli xalqdan uzaq düşüb.