03 dekabr 2019 19:47
1156

Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür

Heydər Əliyev xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir

Müdriklik üçün əsas meyar təşəbbüs vərdişi, fərqli düşüncədirsə, dahilik insanın intellektual keyfiyyəti ilə bağlıdır. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə “tarixiləşirlər” ki, Tanrının onlara verdiyi bu “sərvətləri” ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə “xərcləyirlər.” Bu dahilər dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edir, baş verəcək hadisələri qarşıdakı onillərin proqnozları əsasında müəyyənləşdirirlər. Yalnız qeyri -adi istedadı, zəkası ilə izi qalan tanınmışlar tarix yazır və tarixdə yaşayırlar.

Dünya siyasətçiləri, təcrübəli dövlət adamları, siyasi xadimlər arasında sayılıb-seçilən, liderlərə məxsus keyfiyyətləri şəxsiyyətində birləşdirən müdrik siyasətçi, ulu öndər Heydər Əliyevin adı öndərlər sırasında birinci çəkilir. Bəsirət, irəlini görmək kimi nadir istedadı Tanrı yalnız seçilmiş, dünyanı dəyişən iqtisadi və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Fenomen biliyi ilə baş verənləri düzgün qiymətləndirib, perspektivləri dərk edən zəka sahiblərindən olan Heydər Əliyev kimiləri əsrdə bir yetişir. Ulu Öndər haqqında deyilənlər də bu həqiqəti təsdiqləyir.

“Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər” kitabının müəllifləri V. Solovyov və Y. Klepikova ittifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: “ Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyyətinə görə yox.” Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı: “Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.” Böyük şəxsiyyət Heydər Əliyevi müasirləri beynəlxalq miqyaslı siyasətçi adlandırırdılar. SSRİ-nin sabiq xarici işlər naziri Andrey Qromıko ulu öndər Heydər Əliyevi Kremldə sayılıb seçilən, ən məhsuldar kadr adlandırır, bacarığını belə qiymətləndirirdi: “ O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngülxasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idi...Öz özümə düşündüm: “ Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir. Bu keyfiyyətlər Heydər Əliyevdə var.”

“Belə düşünürəm ki, Azərbaycan xalqı keçilmiş mərhələyə baxmayaraq Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir” söyləyən Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Ulu Öndərin hakimiyyətə qayıdışını Azərbaycanın nicatı, xalqın xilası kimi dəyərləndirmişdir.

Tanınmışların Ulu Öndərlə bağlı dəyərli fikirlərindən istənilən qədər misal gətirmək olar. O dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da Dağlıq Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması sərkərdə Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı ( Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Onun siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. 1997-ci ildə Vaşinqtona səfər edən Heydər Əliyev o zamankı amerikalı həmkarı B.Klintonla ədalətsiz qərar olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişin ləğvi ilə bağlı müzakirələr aparılıb, bəyanat imzalansa da sənədin həyata keçirilməsi baş tutmadı. Səbəb qəbuledilməz təklif idi. ABŞ 907-nin ləğvi üçün Azərbaycan- Ermənistan sərhəddinin hər hansısa ərazisində işğalçılara ticarət üçün imkan yaradılmasını təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu: “Azərbaycan indiyədək 907-ci maddə ilə yaşamışdır, bundan sonra da yaşayacaq.” Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli sürülmüş “ ümumi dövlət” təklifinə qarşı da göstərildi. ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verildi. Qüdrətli dövlətlərlə müqayisədə kiçik bir ərazidə yerləşsə də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycanın heç bir dövlət qarşısında əyilməzliyini Ümummilli Liderinin simasında beynəlxalq ictimaiyyətə bəyan etdi. Bildirildi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman yol verilməyəcək.

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən Heydər Əliyevin əsas məqsədi AXC-Müsavat cütlüyünün bərbad hala saldığı ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək idi. Bunun üçün isə qüdrətli ölkələrin maraqlarını ölkəmizə yönəltmək başlıca şərt idi. “Əsrin müqaviləsi”ni reallaşdırmaqla, uzunmüddətli neft strategiyasını hazırlamaqla ölkəmizin təbii sərvətlərinin dünya bazarlarına çıxarılmasına nail oldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın qeyri-sabit, riskli ölkə kimi tanındığı bir zamanda ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması ulu öndər Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsi sayəsində mümkün oldu.

Məhz Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün onun siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. “Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi” söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində Azərbaycan İttifaqda ən çox Keçici Qırmızı bayraq alan respublika kimi tanınırdı. “Qırmızı bayraq”” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün sahələrdə böyük uğurlar var idi. Gənclərin bacarıqlı kadrlar kimi yetişməsini daim diqqətdə saxlayan Uu Öndər sovetlər məkanında analoqu olmayan bir təcrübəni həyata keçirdi. Onun səyi ilə hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Sovet İttifaqının tanınmış ali məktəblərində təhsillərini davam etdirdilər. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı formalaşdırıldı. Ulu Öndərin qətiyyəti sayəsində İttifaq miqyasında ilk olaraq Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Uzaqgörən müdrik siyasətçi bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və hərbi kadrlara ehtiyac yaranacaq.

1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qaldığı çətin zamanlarda da xalqına bələdçilik edən Ulu Öndər Azərbaycanı bəlalardan xilas etdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqında gələcəyə inamı artırdı.

20 Yanvar faciəsini Azərbaycana qarşı siyasi təcavüz adlandıran Ulu Öndər uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. Halbuki o dövrdə respublikanın rəhbərliyində təmsil olunanlar susdular. 20 Yanvar faciəsiniə siyasi qiymət verilmədi. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət verildi. Bir ildən çox hakimiyyətdə olan AXC-Müsavat cütlüyü isə ölkə iqtisadiyyatını dağıtmaqla kifayətlənməyərək, Azərbaycanda vətəndaş müharibəsi üçün şərait yaratdılar.

“Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan MR Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist”” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, digər dövlət atributlarını bərpa edən Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.

Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərə qədərki rəhbərlərin xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq Moskvaya və Kələkiyə fərarilik etmələri satqınlıq və xəyanət idi. Halbuki ən ağır, çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. “Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik” söyləyən Prezident İlham Əliyev Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyəti dövründə baş verənləri xatırladaraq bildirir ki, o ağır günlərdə xəzinə boş idi. Bu cütlüyün dırnaqarası rəhbərləri ləl-cavahirat fondunu belə talan etmişdilər.

Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində uğur yoluna qədəm qoyan Azərbaycanın iqtisadiyyatı qısa müddətdə inkişaf etdi.

Dünya dövlətləri arasında mövqeyi möhkəmləndi. Ulu Öndərin siyasi məktəbinin davamçısı cənab İlham Əliyevin səyi ilə neft strategiyasının şaxələndirilməsi siyasəti davam etdirildi. Ölkəmiz enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi, etibarlı tərəfdaşı kimi şöhrət qazandı. “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz” söyləyən cənab İlham Əliyevin sözlərini aparılan rəy sorğuları da təsdiqləyir.

Anti-Azərbaycan dairələrin təzyiqlərinə qarşı güclü, demokratik cəmiyyət formalaşdıran cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin əbədi müstəqillik missiyasını qətiyyətlə davam etdirir : “Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Bu gün Azərbaycan bax, belə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır.” Bu inamın təməlində isə xalqına misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin liderlik səriştəsi, bu irsi davam etdirən cənab İlham Əliyevin dövlətçilik təcrübəsi, cəsarəti, siyasi iradəsi dayanır.

Xuraman İsmayılqızı, “İki sahil”