13 fevral 2020 21:04
2692

“ASAN xidmət” mərkəzləri:  Yeniləşən Azərbaycanın yeni siması

Dövlətimizin başçısı İlham Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin açılışındakı  nitqində bildirmişdir  ki, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir:

“Ona görə mən həm könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur.”

Qeyd edək ki, mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək. “ASAN Həyat” kompleksinin tərkibində sayca 4-cü “ABAD Food Hall”un fəaliyyətə başlaması nəzərdə tutulur. Burada ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil ediləcək.

Fəaliyyətə başladığı vaxtdan “ASAN xidmət” mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib.

“ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə “ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb. Platforma hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.

Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır.   Azərbaycanın “ASAN xidmət”, “ABAD”, “DOST” kimi layihələri dünyanın diqqətindədir.  Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

8 il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini  nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur. Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir.

Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyaları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır. Ötən ilin mayında  “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır. Tətbiq üzərindən 90 minə yaxın müraciət qeydə alınıb.

“ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsi fonunda şəffaflığın təmin olunması əsaslı şəkildə diqqətə çatdırılmışdır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Vətəndaşlar bu mərkəzlərdə onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundular.

“ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir: “Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faiz faizdir. Yəni, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.”

Dövlətimizin başçısı İlham Əliyev həmin nitqində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi: “Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur. Bir daha demək istəyirəm ki, xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir. Bax, bu istiqamətdə inkişaf edən ölkəmiz uğur qazana bilər. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər.”

“ASAN xidmət” mərkəzlərinin açılışı, eyni zamanda, yüzlərlə iş yerinin yaradılması deməkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  hazırda bütün mərkəzlərdə 4 mindən çox əməkdaş var. Bu mərkəzdə 250-dən çox əməkdaş və 45 könüllü fəaliyyət göstərir. Bu mərkəz 6 rayonun vətəndaşlarına xidmət göstərəcək.

Dövlət başçısı onu da bildirmişdir ki, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir.  Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır.  İqtisadi inkişaf buna uyğun olmalıdır.

Göründüyü kimi, ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. İqtisadi və sosial inkişaf innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Bu uğurlara yol açan əsas amil isə həyata keçirilən islahatların dövrün, zamanın tələbinə uyğun təkmilləşməsi, müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etməsidir.

Yaqut Ağaşahqızı, “İki sahil”