KÖŞƏ

Zahid Rza

Siyasi və ictimai münasibətlər sistemində yeni keyfiyyət mərhələsi

05 may 2020 10:46
2734

Növbəti illərdə də Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq

Milli maraq və mənafeləri hər şeydən ustün tutan, cəmiyyətin maraq və mənafelərini ümumi bir ideya ətrafında birləşdirmək bacarığına malik olan Azərbaycan hakimiyyəti hər zaman ümimi bir atmosfer, münasibətlər toplusu və siyasi mədəniyyət nümunəsi olan dialoqun tərəfdarı kimi onun baş tutması üçün siyasi iradə nümayiş etdirərək qətiyyətli addımlar atıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların böyük hissəsi 2019-cu ildə uğurla icra olunub. Bu istiqamətdə atılan adımlar cari ilin ilk aylarından uğurla davam etdirilir. Bütün bunlar ölkə başçısının siyasi iaradəsi və qətiyyəti sayəsində resllaşdırılan iqtisadi, sosial, hüquqi, institusional və siyasi islahatların davamlı və prinsipial xarakterini nümayiş etdirir.

Bu gün ictimai həyatın bütün sahələri üzrə yeniləşən, modernləşən Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması işində mühüm addımlar atılır. Elə Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi də idarəetmədə aparılan islahatların təsdiqidir. Xüsusilə qeyd edilməlidir ki, ötən il Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Əslində bu, siyasi sistemimizdə demokratik idarəçiliyin yeni keyfiyyət formasının təzahürüdür. Sözügedən şöbənin müdiri Ədalət Vəliyevin müxalifət partiyaları ilə əlaqə saxlaması isə ölkə rəhbərliyinin siyasi dialoqa müsbət münasibətinin göstəricisidir.

Parlament seçkilərindən sonra Milli Məclisin rəhbər heyətinə müxalifət nümayəndələrinin seçilməsi Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatları bundan sonra da davam etdirəcəyini bir daha təsdiqlədi. Bu yaxınlarda iki müxalif mövqeli partiyanın qeydiyyata alınması da bunun əyani təsdiqidir. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması, müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi bu prosesin uğurla davam etməsinin bariz nümunəsidir.

Ümumiyyətlə, iqtidar-müxalifət dialoqu, Milli Məclisin komitələrində müxalif nümayəndələrin, bitərəflərin rəhbərlikdə təmsil olunması, partiyaların dövlət qeydiyyatına alınması yeni siyasi konfiqurasiyanın yaratdığı siyasi dialoqun müsbət nəticələrini də özündə göstərir. Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində bəyan etdiyi “Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır” tezisi siyasi səhnədə təmsil olunan bütün sağlam siyasi qüvvələr tərəfindən dəstəkləndi. Ölkədə siyasi münasibətlərin digər iştirakçıları olan müxalifət partiyaları dövlət başçısının bu çağırışlarına və xoş niyyətinə adekvat qiymət verdilər. Əslində hakimiyyətin təşəbbüsü ilə başladılan bu dialoq müxalifət və iqtidar arasında qarşılıqlı etimad mühiti yaradır.

Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır: “Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.”

Şübhəsiz ki, ölkəmizin başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi respublikamızda siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır.

Bu gün ölkə başçısının islahatların davamlı olması, mənfi halların tam olaraq aradan qaldırılması, siyasi dialoq istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqe, güclü siyasi iradə cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, birmənalı olaraq dəstəklənir. İctimaiyyətimiz, həmçinin inanır ki, siyasi səhnədə təmsil olunan sağlam, konsrtuktiv müxalifət bu gün daha çox ehtiyac duyulan siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə, bütövlükdə ümummili məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına öz fəaliyyəti ilə töhfə verəcəkdir.