31 may 2020 12:09
784

Klublar AFFA-nın qərarını gözləyir

Azərbaycanın futbol komandaları Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsinə baxmayaraq, bu gün məşqə başlamayacaqlar. 

Bu barədə "Report"a klublardan məlumat verilib. Onlar məşqə başlamaq üçün AFFA-nın qərarını gözləyəcəklərini bildiriblər. 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə "Report"a açıqlamasında milli assosiasiyanın klublara qadağa qoymadığını bildirib. 

Federasiya rəsmisi bu gün Klublar Komitəsinin (KK) iclasının olacağını xatırladıb: "Klublara qadağa yoxdur, sadəcə, AFFA ilə məsləhətləşmələr olmalıdır. Çünki hazırda fərqli vəziyyətdir. Pandemiya ilə bağlı karantin rejimində idman qurğularının fəaliyyəti dayandırılıb. KK-nın iclasından sonra, yəqin ki, bütün detallar bəlli olacaq". 

Qeyd edək ki, bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında Azərbaycan Premyer Liqasının taleyi müzakirə olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.