12 oktyabr 2020 18:30
1442

Məhəbbət İbrahimova: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir

«Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, millətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Təcavüzkar ölkənin cəzasız qalması, onlarda cəzasızlıq sindromu yaradır ki, bu da onları yeni cinayətlərə, müharibələrə sövq edir. Hesab edirəm ki, mütləq Ermənistanı dayandırmaq lazımdır.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova deyib.

Məhəbbət İbrahimova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qərəzli təşkilatlar və dövlətlər tərəfindən ölkəmizə qarşı yönələn siyasi təzyiqlərə sinə gəlir,  vaxtında atılan diplomatik addımlarla əks -hücumları neytrallaşdırır.

M.İbrahimova qeyd edib ki, işğalçı Ermənistanın hətta humanitar atəşkəs dövründə özünün terror siyasətini davam etdirməsi artıq bu ölkənin qanlı, vəhşi məqsədini növbəti dəfə ortaya qoydu”. Təcavüzkar Ermənistanın Azərbaycanın cəbhə bölgəsindən kilometrlərlə kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalması bu terror ölkəsinin heç vaxt humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməyəcəyini növbəti dəfə sübut edir”.

M. İbrahimova vurğulayıb ki, təəssüf ki, bu gün dinc şəhərlərimiz bombalanarkən, raket zərbələrinə məruz qalarkən ermənilərin humanitar atəşkəs rejimini pozmalarına, vətəndaşlarımızın öldürülməsinə, yaralanmasına yenə də göz yumanlar var. Çünki ötən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Bu isə işğalçı Ermənistanı qane edirdi. Belə olan halda haqlı tərəf olan Azərbaycan özü status-kvonu dəyişdi.  Torpaqlarımızın bir hissəsini düşmən tapdağından azad etməsi ilə hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə mane oldu. Bununla da 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistanın baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. M. İbrahimova diqqətə çatdırıb ki, bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərtləri irəli sürür. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatları Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayırlar.

Şəmsiyyə Əliqızı, «İki sahil»