KÖŞƏ

Röya Rasimqızı

Biz öz tarixi torpaqlarımıza qayıdırıq

02 noyabr 2020 19:04
3754

Qarabağda erməni təcavüzkarlığına qarşı əks-hücum əməliyyatlarının davam etməsindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq şanlı ordumuzun uğurları müasir hərb tarixində öz təsdiqini tapıb. Əldə edilən böyük nəaliyyətlər, azad olunan ərazilər, düşmənə vurulan maddi-mənəvi zərbələr bunu deməyə əsas verir. Bütün bunların isə səbəbkarı heç şübhəsiz Ali Baş Komandan cənab İlham Əliyevdir. Ordumuzun dünya standartlarına cavab verən maddi-texniki bazasının yaradılması istiqamətində illərlə görülən işlər öz sözünü deməkdədir. Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi “Azərbaycan Ordusu Qafqazın ən qüdrətli ordusudur” cümləsi bu gün praktiki olaraq döyüş meydanında öz isbatını tapır. 

Döyüş meydanında özünün üstünlüyünü sübut edən Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi müqayisələrə əsasən, Azərbaycan Ordusu dünyada aparıcı olan 50 ordusu sırasındadır. Qüvvətli və müzəffər ordumuz sayəsində bir ay ərzində torpaqların xeyli hissəsi işğaldan azad olundu.  Bunu artıq həm düşmən ölkənin dövlət rəsmiləri, həm də Azərbaycanın inkişafını qəbul etmək istəməyən xarici və daxili qüvvələr də qəbul etməyə başlayıblar.

Prezident İlham Əliyev hər dəfə müraciətlərində Azərbaycanın öz humanist dəyərlərinə sadiq qaldığını, məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. Lakin Ermənistanın mövcud siyasi rejimi bu müraciətlərə bir qayda olaraq mülki əhalini hədəf alan kasetli raketlərdən istifadə edib terror aktları törətməklə cavab verir. Münaqişənin başlamasından bu günə kimi artıq 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox insan yaralanıb. Bu isə cənab Prezidentin də qeyd etdiyi kimi hərbi cinayətdir.

Cənab Prezident münaqişənin sülh yolu ilə həll olunmasından sonra nəinki münaqişə tərəflərinin, həmçinin regionun da iqtisadi inkişafa nail olacağını, burada regional gücə sahib ölkələrin də hərtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyini bildirir. Dövlətimizin başçısının haqlı olaraq beynəlxalq təşkilatların münaqişənin həllində daha aktiv olmalarını qeyd etməsi bir daha onu göstərir ki, mövcud problemin aradan qaldırılması istiqaməti ancaq və ancaq Azərbaycanın xeyrinə həll olunmaqla başa çata bilər. Cənab Prezident Dağlıq Qarabağdakı ermənilərin də orada yaşamaq hüququnu tanıması, onların təhlükəsizliyinə zəmanət verməsi Azərbaycan xalqının əsrlərdir malik olduğu multikultural dəyərlərinə söykəndiyini göstərir. 

İşğal olunmuş Qarabağ torpaqları azərbaycanlıların tarixən yaşadıqları ərazilərdir və onlar ermənilər tərəfindən zəbt olunub və dağıdılıb. Bu gün hamımızın yekdil fikri belədir ki, Qarabağ Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.

Bu gün cənab Prezident öz xalqının maraqlarını və mənafeyini qürurla, ləyaqətlə qoruyur.  İnanırıq ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımız qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində qaldırılacaq.