KÖŞƏ

Röya Rasimqızı

“YAŞAT” Fondu: Şəffaf, effektiv və əlçatan platforma

10 dekabr 2020 19:54
2979

44 günlük Vətən müharibəsinin gedişində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Ordumuz zəfər uğrunda sona qədər döyüşdü. 30 illik həsrətə son qoyuldu. Biz Qələbəyə gedən bu yolu və bu yolda canından keçən şəhidlərimizi heç vaxt unutmamalı və unutdurmamalıyıq.

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyev hər zaman Vətənimizin bütövlüyü uğrunda canında keçən şəhidlərin ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçularla bir yerdə olacağını bildirib. Azərbaycanda bu kateqoriyadan olan insanlar dövlətimizin başçısının tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Bu günə qədər Azərbacan dövləti onlara maliyyə dəstəyi göstərib, mənzillərlə, minik avtomobillərlə təmin edib. Hər zaman onların sağlamlıq və sosial vəziyyəti ilə yaxından maraqlanıb. Şəhid ailələri və müharibə əlilləri mənzil, avtomobil təminatı və birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla dövlətdən aylıq 700 manat sosial ödəniş alırlar.

Göründüyü kimi bu məsələ daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe bu gün də davam etməkdədir. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar. Məlum olduğu kimi, hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat sığorta ödənişi verilir. Həmçinin müharibə əlillərinə sığorta ödənişi kimi birinci dərəcə əlilliyi olan şəxslərə 8800 manat, ikinci dərəcə əlilliyi olan şəxslərə 6600 manat, üçüncü dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün şəffaf, effektiv və əlçatan müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ( “YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin Fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Ən əsası odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək. Azərbaycan Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir.