KÖŞƏ

Röya Rasimqızı

Erməni faşizminin iç üzü

14 oktyabr 2022 00:38
2721

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Türkiyə və Azərbaycana qarşı terror aktları 1980-ci illərin sonlarından başlayaraq Ermənistan xüsusi xidmət orqanlarının da fəal dəstəyi ilə ardıcıl xarakter almışdır. Hələ Birinci Qarabağ müharibəsi dövründə kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmişdir. İkinci Qarabağ müharibəsi zamanı isə cəbhədən uzaqda yerləşən şəhərlərə raket zərbələri ilə mülki Azərbaycan vətəndaşlar qətlə yetirilib. Amma nədənsə terrora qarşı mübarizədən dəm vuran beynəlxalq təşkilatlar bunları “görməyib”.

İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Mingəçevir, Tərtər və Bərdə şəhərləri erməni terrorunun acısını yaşayıblar.  Ermənistan dövləti qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini hədəf alıb. Bu isə müvafiq konvensiyaların pozulması, müharibə cinayətidir. Ölənlər və yaralananlar arasında körpələrin də olması əslində erməni faşizminin mahiyyətini bir daha ortaya qoyur.

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə bitsə də erməni terrorizmi bitməyib. Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı qeyd edib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Ümumiyyətlə, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu il işğaldan azad edilmiş daha iki kənddə kütləvi məzarlıqlar aşkar edilib.

Vətən müharibəsi bir daha erməni faşizminin iç üzünü açdı, Ermənistanın törətdiyi bütün vəhşiliklər faktlarla təsdiqini tapdı. Bəs beynəlxalq təşkilatlar, beynəlxalq hüquqdan danışan dövlətlər görəsən erməni vandalizminin qarşısında niyə susurlar?

Mahir Rəsuloğlu
Di cavab verin...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?