KÖŞƏ

Röya Rasimqızı

Ermənilərin vandalizm aktlarına hüquqi qiymət verilməlidir

24 dekabr 2020 18:30
2611

Vandalizm və terrorizm bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur.  Bu metoddan istifadə edən dövlətlərdən biri də Ermənistandır. Məhz bu vandal dövlət  Azərbaycan torpaqlarını işğal altında saxlayaraq öz cinayətkar, faşist və işğalçı siyasətini davam etdirmək istəyirdi. Zaman-zaman atəşkəs rejimini pozan, hərbi təxribatlar törədən düşmən ölkə bununla mövcud status-kvonun saxlanmasına çalışırdı. Hələ iyul ayında ermənilərin Tovuz istiqamətində təxribatları ölkəmizə qarşı yeni müharibənin hazırlanmasından xəbər verirdi. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni təxribatlara və müharibəyə hazırlaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı və bu təcavüzün qarşısının alınması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdi. Bununla belə, cənab Prezident hər çıxışında Ermənistanın yeni təxribatlara əl atacağı təqdirdə Azərbaycan tərəfinin cavabının ağır olacağı ilə bağlı xəbərdarlıq edirdi.

Bütün bunlara məhəl qoymayan Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı genişmiqyaslı təxribatlara başladı. Lakin güclü Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi və onu böyük itkilərə məruz qoydu. Ordumuz 300-ə yaxın  yaşayış məntəqəsini, 5 şəhəri, 4 qəsəbəni, strateji yüksəklikləri  işğaldan azad etdi. Rəşadətli Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən hər zaman olduğu kimi, çirkin ənənəsini davam etdirərək dinc əhalini və yaşayış obyektləri atəşə tutdu, bu təxribatlar nəticəsində 100-ə yaxın günahsız insan həlak oldu, 400-dən çox mülki əhali isə yaralandı.

Azərbaycan Silahlı Qüvvələri  bütün bunlara baxmayaraq təxribatlara uymadı və düşmənin mülki vətəndaşları ilə deyil,  terrorçu ordusu ilə müharibə aparmaqda  davam etdi. Onların layiqli cavabını verərək torpaqlarımızdan qovdu.

Ermənistan tərəfi bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması bütün bunlara əyani sübutdur. Bu il iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində də bir neçə mülki şəxs həlak olmuş, eyni zamanda, Qazax rayonunun Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri orada yaşayan şəxslərin evlərinə xeyli miqdarda ziyan vurmuşdu.

Məlum olduğu kimi, beynəlxalq hüquq münaqişələr və müharibələr vəziyyətində insan hüquqlarının mühafızəsinin və müdafiəsinin əsas elementlərini və onun icra mexanizmlərini ətraflı tənzim edir. Ermənistan isə beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozdu. Ermənistan Respublikası tərəfindən “Müharibə qurbanlarının müdafiəsinə dair” 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının tələbləri, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi “İtkin düşmüş şəxslər haqqında”, habelə “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” qətnamələri mütəmadi olaraq pozuldu. Bu da Ermənistanın dövlət səviyyəsində bilərəkdən müharibə qanunlarına riayət etməməsi, bu siyasətin isə ağır nəticələrə səbəb olması beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ciddi tədbirlər görülməsinə zərurət yaradır. Bunun üçün də insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli təşkilatlar Ermənistan dövlətinin mülki vətəndaşlara qarşı törətdiyi sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinə dair faktları toplamaqla beynəlxalq səviyyədə mühakimə qurulması üçün tədbirlər görməlidirlər. Erməni təxribatlarının, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir.