04 noyabr 2020 18:18
1050

Hər birimiz yeni qaydalarla yaşamağı həyat tərzimizə çevirməliyik

COVID-19 tamamilə yox olana qədər bu çağırış gündəlik fəaliyyətimizin əsası olmalıdır

İstər dünya ölkələrində, istərsə də Azərbaycanda  koronavirus infeksiyasına yoluxma sayında hər gün nəzərə çarpan artım mübarizə tədbirlərinin daha da gücləndirilməsini, məhdudiyyətlərin dərinləşdirilməsini bir tələbə çevirir. Ölkəmizdə  həftəsonlarının statistikasına diqqət yetirdikdə yoluxma sayında qismən azalma müşahidə olunsa da, həftənin ilk günlərində artım diqqətdən kənarda qalmır. Buna səbəb həftənin şənbə-bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması fonunda evdən çıxmaların azalmasıdır. Düşünürük ki, hər kəs bu ənənəni həftənin digər günlərində də davam etdirmək imkanındadır. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq təcrübəsinin nəticəsini  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığımız  ilk günlərdən görürük.

Təbii ki, hər bir  məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Dünyanı bürüyən  koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında, eyni zamanda, vəziyyətdən çıxmaq üçün düzgün  istiqamətin seçilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan koronavirusa qarşı mübarizədə də kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirir.  Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirməsi də səbəbsiz deyil. Dövlətimizin başçısı İlham Əliyevin  ilk günlərdə «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» fikirləri Azərbaycan təcrübəsinin nümunəviliyini  təsdiqləyir. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə  ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar sırasındandır.  Mübarizəyə başlandığı gündən əsas çağırış məsuliyyətli olmaq,  sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək olub və bu gün də öz aktuallığını qoruyur.  Dövlətimizin başçısının   «Biz birlikdə güclüyük!» çağırışı dövlət-vətəndaş  birliyinin önəmini açıqlamaqla yanaşı, birliyin, həmrəyliyin bugünkü gündə  əsas amil olduğunu bir daha qabardır.

Hazırda İkinci Qarabağ müharibəsinin getdiyi zamanda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı   həyata keçirilən bütün tədbirlər, görülən işlər yenə də  dövlətimizin başçısı İlham Əliyevin   diqqət mərkəzindədir. Koronavirusun həm insanların, həm də hər bir ölkənin iqtisadiyyatına böyük zərbə olduğu halda, cənab İlham Əliyev əhalinin sağlamlığının prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri olan bütün addımları atdı və bu gün də davamlılığı ilə diqqət çəkir.   COVID-19-la mübarizə tədbirlərinin ilk günündən ölkəmizdə istifadəyə verilən iki müəssisə tibbi  maska  ilə yanaşı, tibbi spirt, dezinfeksiya məhsulları,  qoruyucu kombinezonlar istehsal etməklə virusa yoluxmadan qorunmaq üçün tətbiq edilməsi zəruri olan qaydalara riayət etməyə geniş imkanlar yaradır.   Məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində tətbiq olunan karantin rejimində gah sərtləşmələr, gah da  yumşalmalar   həyata keçirilir. Ölkəmiz aparılan testlərin sayına görə də öz birinciliyini qoruyur.  Bu hər bir ölkəyə geniş  imkan yaratdı ki,  xəstələrinin sayını müəyyənləşdirsin, onlara  operativ tibbi xidmət göstərsin və eyni zamanda, özünü bu  böyük bəladan qorusun. 3 noyabr tarixində koronavirusa yoluxanların sayı 1242, sağalanların sayı 551, aktiv xəstələrin sayı 12484 nəfər, 4 noyabr tarixində yoluxanların sayı 1227, sağalanların sayı 667 nəfər, aktiv xəstələrin sayı 13032 nəfərdir. Bu günədək ümumi test sayı bir milyondan çoxdur.  

Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik.» Bunun üçün  məsuliyyətimizi artırmalı, nizam-intizam qaydalarına riayət etməli,  hər kəs özünün həkimi olmaqla evdə qalmağa daha çox üstünlük verməlidir. Cənab İlham Əliyevin,  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində məsuliyyətli olmağa, evdə qalmağa çağırışlar əsas yer tutur. «Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb» söyləyən Mehriban xanım Əliyeva bildirir ki, bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə bütün dünyada, ölkəmizdə  hələ davam edir. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Heç bir halda sayıqlığımızı itirməməliyik. Əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq.  

Göründüyü kimi, vətəndaş məsuliyyəti əsasdır. Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər zaman  bu çağırış gündəmdədir ki,  maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi prioritetdir. Bu baxımdan hər bir vətəndaş  üzərinə düşən məsuliyyəti yerinə yetirməklə artıq birinci mərhələsini az itki ilə başa vuran ölkəmizin yeni dalğaları yaşamamasına,  xəstəliyin  coğrafiyasının genişlənməsinə öz dəstəyini göstərə bilər.  Günü-gündən gözəlləşən, müasirləşən paytaxt  Bakımızın, rayon və qəsəbələrimizin hər addımlığında rast gəldiyimiz reklam lövhələrindəki çağırışlar  hər birimizdə  məsuliyyət hissini yaratmaqla yanaşı, sabahımıza böyük inamla addımlamağımızı tələb edir.  Özünütəcrid koronavirusla mübarizədə əsas amil olduğu halda, özünəqapanma, depressiyaya düşmə uğursuzluğa yol açar. Bunun üçün məsuliyyətli olaq,  qaydalara  riayət edək, son günlərin artan yoluxma sayından   özümüzə qapanmayaq, imkan olduqca  evdə qalaq ki,  koronavirusla mübarizənin qaliblərinə çevrilək.  

Yeganə Əliyeva, «İki sahil»