KÖŞƏ

Zahid Rza

Senatın 145 nömrəli qətnaməsi Fransanın tarixində qara ləkədir

27 noyabr 2020 17:44
1811

Noyabrın 18-də Fransa Senatının Rəyasətində qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub. Qətnamə təklifi bir qrup qatı ermənipərəst, ifrat erməni millətçi-işğalçı əhval-ruhiyyəsinə dəstək verən fransız senator tərəfindən irəli sürülüb. Erməni lobbisinin təsiri altında Senat tərəfindən qərəzli şəkildə qəbul edilən bu qətnamə əslində Azərbaycan üçün heç bir əhəmiyyəti olmayan  kağız parçası və fransız senatorların növbəti təxribatı kimi qiymətləndirilir. Erməni lobbisinin təsiri altında  qəbul edilən bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Fransa Prezidenti və Xarici İşlər nazirinin münaqişənin həlli ilə bağlı səsləndirdikləri fikirlər də Senatın mövqeyi ilə üst-üstə düşmür.  Hətta bu ölkənin Xarici İşlər Nazirliyi Senatın “dqr”in müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi qətnamənin Fransanın özünün əleyhinə işlədiyini qeyd edib. Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan bəyan edib ki, Dağlıq Qarabağın müstəqilliyinin birtərəfli qaydada tanınması nə Ermənistanın, nə Qarabağ əhalisinin, nə də Fransanın özünün xeyrinə olmayacaq: “Qarabağın müstəqilliyini heç bir ölkə, hətta Ermənistanın özü belə tanımayıb.” Hərçənd ki, məsələyə bir az geniş müstəvidə baxdıqda bu ölkənin rəsmilərinin söylədiklərinin də səmimiliyi şübhə doğurur.

Fransalı ermənipərəst senatorların qəbul etdikləri bu sənəd bir yandan beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması, digər tərəfdən isə Fransanın Minsk qrupunun həmsədr ölkəsi və BMT TŞ-nin daimi üzvü kimi fəaliyyəti ilə bağlı bir sıra suallar yaradır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi mandatına sahib olan bir ölkənin Senatının bu mövqeyi haqlı olaraq Azərbaycan ictimaiyyətinin kəskin etirazına və hiddətinə səbəb olur.

Əslində Fransa Senatının bu addımı bizim üçün heç də gözlənilməz deyildi. Çünki azərbaycanlılar yaxşı bilirlər ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də başlayan bu müharibədə Fransa rəsmiləri və parlamentariləri Ermənistan ordusunun təmas xəttindən çox uzaqda yerləşən şəhər və kəndlərimizi bombalamasına, dinc əhalini günahsız insanları qətlə yetirməsinə səssiz qalaraq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə görə öz ərazilərini işğaldan azad edən, haqq işi uğrunda mübarizə aparan Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirirdilər. Ancaq fransızlar unudurlar ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. 

Cəmiyyətimiz yaxşı bilir ki, bu münaqişənin həllində vasitəçi öhdəliyini unudan Fransanın ikiüzlü siyasəti və ədalətsiz mövqeyi sayəsində təcavüzkar Ermənistan 30 ilə yaxın müddətdə Qarabağı işğal altında saxlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütmüş, doğma torpaqlarımızı ekoloji terrora məruz qoymuş, orada qeyri-qanuni məskunlaşdırma apararaq, təbii sərvətlərimizi, maddi-mədəni irsimizi vəhşicəsinə talan etmişdir.

Ötən yazılarımızdan birində qeyd etmişdik ki, axı Fransa Senatı mövcud olmayan “dağlıq qarabağ respublikası”nı necə tanıya bilər? 2020-ci ilin noyabr ayının 10-dan sonra artıq heç kim 30 ilə yaxın müddətdə Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz olaraq terrorçu ermənilər tərəfindən yaradılan və tanınmayan “dqr” adlı oyuncaq qurumdan bəhs etmir. Çünki belə məfhum artıq yoxdur. Buna görə də ermənidən artıq erməni olan bəzi fransız parlamentariləri tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdindən başqa bir şey deyil.

 Əlbəttə ki, bu məsələni  təkcə Fransadakı güclü erməni lobbisi ilə əlaqələndirmək doğru olmaz. Düzdür, bu ölkədə  öz maliyyə imkanları və siyasi əlaqələrinə görə güclü erməni diasporunun varlığını inkar etmək qeyri-mümkündür. Ancaq fransız senatorlarının yekdilliklə qəbul etdikləri bu qanunsuz, heç bir əsası olmayan sənədi yalnız erməni diasporu ilə əlaqələndirmək yumşaq desək, çox sadəlövhlük olardı. Çünki sentyabrın 27-dən başlayan müharibənin ən gərgin vaxtlarında belə Fransa rəsmiləri öz ermənipərəst mövqelərini dolayısı ilə yox birbaşa nümayiş etdirdilər. İkincisi, heç kimə sirr deyil ki, özünü “demokratiyanın beşiyi, nə bilim çarpayısı, kətili, tənəkəsi adlandıran Fransada bu gün türk-müsəlman əleyhdarlığı və islamofobiya çox fəal şəkildə tügyan edir. Qətnamədə heç bir əlaqəsi olmadığı halda Türkiyənin adının qərəzli şəkildə bir neçə dəfə hallanması da çox mətləblərdən xəbər verir.

  Türk düşmənçiliyinin, islamofobiyanın bariz nümunəsi olan bu qətnamənin əsl mahiyyəti layihə ilə bağlı məruzəçi, senator Brüno Retayonun açıqlaması ilə üzə çıxır.: "Dağlıq Qarabağ münaqişəsi lokal konflikt deyil, fransızlara da birbaşa dəxli var. Münaqişə lokallıq səviyyəsindən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana genişmiqyaslı və həlledici dəstəyindən sonra çıxdı. Ərdoğan isə ekspansionist, neoosman və islamçı siyasət yürüdür. Ərdoğanın yürütdüyü siyasət qlobal təhlükəsizliyə təhdid olmaqla yanaşı, Fransanın maraqlarına qarşıdır. Ərdoğan Liviyadan və Suriyadan Cənubi Qafqaza, Yunanıstana və Kiprə qədər geniş arealda bir sıra regional münaqişələrə təkan verib".

Hələ bu harasıdır? Fransız senatorlar o qədər azğınlaşıblar ki, hətta həyasızcasına Azərbaycanla Türkiyəyə qarşı iqtisadi və diplomatik sanksiyaların da gerçəkləşdirilməsini tələb edirlər. Bundan başqa, qətnamədə Türkiyə ilə bərabər Rusiya da açıq şəkildə günahlandırılır: "Rusiyanın yürütdüyü siyasət və tutduğu mövqe Fransa ilə ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması prosesindən sıxışdırılıb çıxarılmasına səbəb oldu. Rusiya və Türkiyə COVID-19 koronavirusu ilə bağlı Avropadakı ağır vəziyyətdən, habelə ABŞ-da prezident seçkiləri ilə bağlı situasiyadan sui-istifadə etdilər. Unutmayaq ki, Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Avropa Birliyinin üzvü olan Kiprin bir hissəsini işğal edib, Yunanıstanın hava məkanını pozur". 

 Göründüyü kimi, Senatın 145 saylı qətnaməsi ermənipərəst fransızların məkrli niyyətlərini bir daha  üzə çıxardı.  Məlum olduğu kimi, Azərbaycan və Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hərbi toqquşmalardan sonra Rusiya və Türkiyə qısa zaman ərzində hərəkətə keçdilər. O vaxt ATƏT-in Minsk qrupunun digər üzvləri gərginliyi azaltmaq və danışıqlar masasına qayıtmaq üçün heç bir addım atmadılar. Rusiyanın isə aktiv olaraq Ermənistan ilə hərbi təlimlər keçirməsi Türkiyənin Azərbaycana açıq şəkildə  dəstək verməsinə səbəb oldu. Türkiyə Azərbaycana siyasi, texnoloji və hərbi istiqamətdə tam dəstək göstərəcəyini dərhal bəyan etdi.

Sentyabrın 27-dən başalayan 44 günlük müharibədə qələbə qazanan  Azərbaycan yeni reallıq yaratdı. Regionumuz geosiyasətin yeni bir mərhələsinə qədəm qoydu. Bildiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Lakin hər ilin sonunda bu müqavilə yenə 1 illik artırıla bilər. Türk qardaşlarımız hər il bu müqavilənin müddəti uzadılaraq daha bir il, sonra yenə bir il və s. ölkəmizdə qalacaqlar. Yəni təxminən yüzillik bir fasilədən sonra Türkiyə Cənubi Qafqaza gəlir.

Göründüyü kimi, bu yeni reallıqda, regiondakı yeni geostrateji planlamada və Cənubi Qafqazda yaradılan yeni geosiyasi xəritədə ya Fransa bəribaşdan  özünün yerini görə bilmir, ya da onun darlığından narahatdır. Ancaq nə etmək olar? Deyəsən, fransızlar belə bir deyimi unudublar: “Bəy verən atın dişinə baxmazlar”.

 

Bu gün Azərbaycan ictimaiyyəti çox haqlı olaraq Fransa Senatının 145 nömrəli qətnaməsini ciddi etirazla qarşılayır. Xalqımızın yekdil rəyi belədir ki, bundan sonra Fransa  heç bir vəchlə hər hansı demokratiyadan, insan hüquq və azadlıqlarından, beynəlxalq hüququn norma və prinsiplərindən danışa bilməz. Bu ölkə artıq ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasından könüllü şəkildə imtina etməlidir, ya da uzaqlaşdırılmalıdır. Çünki Fransa artıq  bu istiqamətdə, necə deyərlər, bütün resurslarını xərcləyib. Bu məsələlərdə onun bəhanə limiti qalmayıb. Buna görə Azərbaycan bu istiqamətdə çox haqlı olaraq əks tədbirlər görməlidir. Belə ki, qəti şəkildə  tələb olunmalıdır ki, son vaxtlar tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin, Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın,  Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi əlaqələr dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün, bütün mədəni layihələr dayandırılsın və sair. Bu istiqamətdə atılacaq əməli addımları bir an belə gecikdirmək olmaz.

 Fransa isə ciddi düşünməlidir. Bu ölkə ya öz milli maraqlarını bir qrup riyakar ermənipərəst senatora qurban verməlidir, ya da Azərbaycanla münasibətlərini, bu regionda öz nüfuzunu qoruyub saxlamaq istəyirsə, ciddi şəkildə özünə çəki-düzən verməlidir.