KÖŞƏ

Zahid Rza

Qələbə Azərbaycana anasının ağ südü kimi halalıdır

07 dekabr 2020 16:09
770

Prezident , Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əmri ilə sentyabrın 27-dən  qətiyyətli əks-hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan Ordusunun zəfər yürüşü ilə 30 illik Vətən həsrətimizə, Qarabağ nisgilimizə son qoyuldu. 44 gündə müzəffər Azərbaycan Ordusunun  şücaəti sayəsində şəhərlərimiz , kəndlərimiz, qəsəbələrimiz yağı düşməndən, erməni  işğalçılarından azad edildi.

Müzəffər Ali Baş Komandanımız hər dəfə xalqımıza müraciət edərək bu xoş xəbərləri çatdırdı. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabında xalqımıza işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çatdırırdı.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirdi.

Azərbaycan xalqı bu xəbərləri böyük sevinc hissi və qürurla qarşılayırdı. Azərbaycan II Qarabağ müharibəsində müasir döyüşlərin aparılmasının nümunələrini yaratdı. Xalqımız və beynəlxalq ictimaiyyət, dostlarımız da düşmənlərimiz də bir daha dövlətimizin mükəmməl hərbi gücə malik olduğunu gördü.

Biz haqq işi uğrunda mübarizə arardıq, öz torpaqlarımızda vuruşduq.  Şanlı Azərbaycan Ordusu  işğalçını darmadağın edərək torpaqlarımızdan vurub çıxardı. Heç bir təzyiq bizə təsir edə bilmədi.  Ağır , taleyüklü və tarixi günlərdə Prezident , yenilməz sərkərdə, Ali Baş Komandan İlham Əliyev öz qətiyyətini , əzmini, siyasi iradəsini bir daha ortaya qoyaraq "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!”, - deyə bildirdi.

 Azərbaycan tarixinin qızıl səhifələrinə yazılan 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Ali Baş Komandanımızın qətiyyəti, əzmi, siyasi və diplomatik ustalığı sayəsində Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atmadan, bir əsgərimizin burnu qanamadan Azərbaycana qaytarıldı. İndi Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı Qarabağ səmalarında qürurla dalğalanır. Qarabağ bu gün ömrünün ən qürurlu və şərəfli günlərini yaşayır.

Xalq-iqtidar-ordu birliyi , milli birliyimiz və həmrəyliyimiz, Azərbaycanın siyasi iradəsi, iqtisadi gücü , müasir, rəşadətli və qüdrətli Ordusu sayəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Azərbaycan yeni reallıqlar yaratdı. Xalqımızın çağdaş tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı.

Bəli, ölkə başçısının dediyi kimi, biz bu torpaqları əsgərlərimizin və zabitlərimizin qanı-canı bahasına azad etdik. Öz canlarını bu Vətən uğrunda qurban vermiş şəhidlərimizin, qanını axıtmış qazilərimizin hesabına öz ərazi bütövlüyümüzü bərpa etdik. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 əsgər və zabiti şəhid olub, döyüşlərdə 1245 hərbçi yaralanıb, onların müalicəsi davam etdirilir. Xalqımız dekabrın 4-də Vətən müharibəsi qurbanlarının xatirəsini ehtiramla anıb.

Dekabrın 10-da isə Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək. Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Azərbaycan Vətən müharibəsində qalib gəldi. Prezident, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin dediyi kimi, “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı qələbəmizdən qürurla bəhs edərək bildirib ki, Azərbaycanlı qardaşlarımızın mücadilələri nəticəsində bu gün Qarabağ səmalarını əski parçaları deyil, ay və ulduz bəzəyir: “Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?