15 yanvar 2021 15:28
1120

Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi

1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda azadlıq uğrunda ayağa qalxmış silahsız adamlara qarşı törətdiyi qırğında 131 nəfər öldürülmüş, 700-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi…

...O qanlı günlərdən indiki Bakımızı və onun azad sakinlərini 31 il ayırır. Aradan illər ötüb keçsə də, qanlı-qadalı 20 Yanvar hadisələri canlı şahidlərin yaddaşında və Azərbaycan tarixində silinməz izlər qoyub. Əslində  Odlar yurdumuzun paytaxtı 20 Yanvara 1980-ci illərin sonlarından başlayaraq günbəgün, addımbaaddım yaxınlaşırdı... Hələ 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Sovet imperiyasının rəhbərliyi paytaxtın baş meydanında xalqımızın azadlıq və müstəqillik istəyi ilə qatıldığı fasiləsiz mitinqləri zor gücünə dağıtmaq məqsədi ilə Bakıya hərbi qüvvələr yeritmiş, azad ruhun daşıyıcıları olan bir çox mübariz insanlar həbs edilmişdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Şübhəsiz ki, Ermənistanda bir nəfər də azərbaycanlının qalmadığı o günlərdə, Bakıda yaşayan ermənilər də  bu  qanlı hadısələrə fitnəkarcasına zəmin hazırlamışdılar.  Məhz həmin fitnəkarlığın  nəticəsi  idi ki, Sovet ordusunun təpədən-dırnağadək silahlanmış böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya təcavüzü xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilirdi. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar “barrikadaları” dağıdıb keçirdilər. Gözləri qızmış sərxoş əsgərlər dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdilər. Hətta təcili tibbi yardım maşınları, evlər gülləyə tutulurdu. Paytaxtın 20 yanvar səhəri dəhşətli mənzərələrlə sakinlərinin yaddaşına həkk olundu. Hər tərəfdə tankların əzib keçdiyi avtobuslar, yük və minik maşınları, qar üzərindəki qan izləri ağır faciənin miqyasından soraq verirdi. Bakının mərkəzi küçə və meydanları tanklarla, əli avtomatlı hərbçilərlə dövrəyə alınmışdı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunan saatadək hərbçilər 100-ə yaxın günahsız  insanı amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və ondan sonrakı günlərdə Bakı şəhərində 21 nəfər qətlə yetirildi.  Lakin Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Eyni zamanda, Kremlin “qızıl əsgərləri” fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfəri nişan alaraq qətlə yetirdilər. Yanvarın 13-14 -də Gəncədə 9 nəfər, yanvarın 18-19-da Sədərəkdə 9 nəfər soydaşımız da erməni ekstremistləri tərəfindən qətlə yetirilmişdi.  Beləliklə, Qara Yanvarda   Bakıda və respublikanın rayonlarında 148 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar,  həmçinin təcili yardım işçiləri və milis nəfərləri də vardı. Artıq heç kimə sirr deyildi ki,  Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayət əməli idi.

 O müdhiş gecənin səhəri ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə pisləyərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. 

 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun şəhidlik zirvəsi, xalqımızın azadlıq istəyinin milli oyanış günüdür. Bu hadisə barədə ən dolğun fikri ulu öndər Heydər Əliyev söyləyib: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilib. 2006-cı il yanvarın 19-da  ölkə başçısı İlham Əliyevin fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bununla yanaşı, hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verilir. Bu təbəqədən olan insanlar üçün qanunvericilik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqətdə  saxlanılır. Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı dövlət başçısının Sərəncamı da Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsidir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Eyni zamanda, 20 Yanvar şəhidlərinin fədakarlığı məhəbbətlə xatırlanır, onların əziz xatirəsi böyük ehtiramla yad olunur. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını fəda vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Nurəddin Muğanlı, “İki sahil”