18 yanvar 2021 17:44
1317

İşğaldan azad edilmiş ərazilərdə ilk hava limanı: Niyə məhz Füzulidə?

Xəbər verildiyi kimi, yanvarın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulub. Ölkə başçısı bildirib ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Füzulidə hava limanının inşası hansı zərurətdən irəli gəlir və onun əhəmiyyəti nədən ibarət olacaq?

Əvvəlcə ondan başlayaq ki, Prezident İlham Əliyev bildirib ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir: “Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Hava limanı ilə bərabər, təməli qoyulmuş Füzuli-Şuşa yolunun uzunluğu təxminən 100 kilometrdir. Belə demək olarsa Azərbaycanın mədəniyyət paytaxtına daha tez çatmaq üçün əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına enmək, oradan isə birinci dərəcəli yolla Şuşaya getmək gərək olacaq. Bu amil Şuşaya Azərbaycanla bərabər, ölkə xaricindən də gəlişi asanlaşdırmaqla həm daxili, həm də xarici turizm üçün vacibdir. Xüsusilə də aşağı büdcəli ucuşlar tətbiq edilərsə, qeyd etdiyimiz amilin əhəmiyyəti daha da artmış olur.

Füzulidə beynəlxalq hava limanının inşası, təkcə Şuşa üçün deyil, ümumiyyətlə, həmin bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsi deməkdir. Bu bölgədə istər yenidənqurma və bərpa işləri dövründə, istərsə də, sonrakı dövrdə beynəlxalq hava limanının zərurliyini xüsusi əsaslandırmağa ehtiyac da yoxdur. Məlum məsələdir ki, bölgədə yenidənqurma və bərpa işləri hava nəqliyyatına da tələbat yaradır.

Bölgənin iqtisadi potensialının bir hissəsinin turizmlə bağlı olmasını nəzərə alanda bu, sonrakı dövrdə turizm üçün əlverişli nəqliyyat növüdür. Söhbət ondan gedir ki, işğaldan azad edilmiş ərazilərdə müalicəvi suların olması buranın müalicəvi turizm baxımından böyük imkanlara malik olmasından xəbər verir. Təsadüfi deyil ki, vaxtilə həmin ərazilərdəki sanatoriyalar buraya müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların üz tutduqları müalicəvi məkanlardan olub. Digər tərəflərdən dünyanın ən qədim insan məskənlərindən birinin - Azıx mağarası və digər tarixi abidələr işğaldan azad edilmiş ərazilərin turizm baxımından cəlbediciliyini artırır.

Bu mənada işğaldan azad edilmiş ərazilərdə turizmin digər sahələrlə müqayisədə daha böyük  imkanlara malik olmasını iddia edən ekspertlər də var. Hesab edilir ki, azad olunmuş bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlıdır. Söhbət ondan gedir ki, bölgədə tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün şərait mövcuddur.

Burada diqqətiçəkən əsas amil ölkə başçısının ən azından hava limanının uçuş-enmə zolağının bu il istifadəyə verilməli olmasını xüsusi vurğulamasıdır. Bu, bölgədə hava nəqliyyatına tələbin hansı səviyyədə olmasından xəbər verir. Bu tələb şübhəsiz ki, ilk növbədə xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gəlişi üçündür. Bundan irəli gələrək, paralel olaraq, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindəki hava limanlarından da  Şuşaya gediş-gəliş mümkün olacaq.

Bütün hallarda Füzuli Beynəlxalq Hava Limanı nəqliyyat infrastrukturunun şaxələndirilməsinə imkan verməklə təkcə həmin bölgənin deyil, ümumilikdə ölkənin iqtisadi inkişafına öz töhfəsini vermək iqtidarındadır. Məsələ burasındadır ki, hava limanının bu ərazidə olması turizmdən başqa,  bölgənin sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Hava limanı bu ərazilərdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi, eyni zamanda, istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələlərini də aktuallaşdırır.

İstənilən halda, işğaldan azad edilmiş ərazilərdə hava limanı təkcə Füzuli rayonu ilə məhdudlaşmayacaq. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. Havanı limanı layihələrinin kifayət qədər böyük sərmayətutumlu olmasını nəzərə alanda bu, bölgəyə qoyulacaq ümumi investisiyaların miqyası barədə əyani təsəvvür yaratmağa imkan verir.

Ceyhun Piriyev, “İki sahil”