İkisahil.TV-nin bugünkü müsaşibi tarix elmləri doktoru Həvva Məmmədovadır
- Havva xanım, Xocalı faciəsi xalqımıza qarşı amansız soyqırımı idi. Təpədən dırnağa kimi silahlanmış erməni quldurları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə qəfildən Xocalıya hücum çəkərək minillik tarixi olan şəhəri yerlə-yeksan etdilər. Necə bilirsiniz, qanlı qətliam baş verməyə bilərdimi?
- Bu gün Xocalı soyqırımından 29 il keçir. Xocalıda məsum, günahsız insanlarımız XX əsrin ən dəhşətli faciəsini, soyqırımını yaşadılar. Əslində, Xocalı faciəsinə gedən yol XX əsrdən başlasa da, ancaq faciənin kökləri daha əvvələ gedir. I Rus – İran müharibəsi, II Rus –İran müharibəsi və bu müharibənin nəticəsi olaraq ermənilərin İrəvana, Yelzavetpol quberniyasına, o cümlədən Dağlıq Qarabağa köçürülməsi, ən gözəl, münbit torpaqlarda onların yerləşdirildiyi vaxtdan millətimizin faciəsi başlamışdır. Bu da bir alın yazısı, bir tarixdir ki, Azərbaycan xalqının taleyinə çörəyini yeyən, suyunu içən nankor ermənilərlə qonşu yaşamaq yazılmışdır.
Ermənistanın ərazi iddiaları və onunla birlikdə cərəyan edən separatizm işğalçılıq və soyqırımı siyasətinə çevrilərək SSRİ-nin dağılması və müstəqilliyin elan edilməsi dövründə Azərbaycanı ağır sınaqlarla üzləşdirdi.
Təəssüflər olsun ki, Xocalı soyqırımı ərəfəsində Azərbaycanda dövlətçilik, idarəçilik yox səviyyəsinə enmişdi. Ölkədə anarxiya, özbaşınalıq baş alıb gedirdi. Orduda vahid komandanlıq yox idi. Bütün bunlar düşmənə fürsət verdi. Onlar uzun illərdən bəri gözlədiklərinə nail oldular. Xocalını yerlə-yeksan etdilər, xocalılılara divan tutdular, Xocalıda qanlı qətliam, soyqırımı həyata keçirdilər. Keçilən yola nəzər saldıqda bir sıra məqamları xatırlamaq yerinə düşərdi. Belə ki, Xocalı faciəsinə gedən yolun başlanğıcı 1990-cı ilin qanlı 20 Yanvar faicəsi, 1991-ci il noyabrın 20-də Qarakənd üzərində vertalyotun vurulması və nəticədə Azərbaycanın hökumət və dövlət adamlarının faciəli şəkildə həlak olması, 1991-ci ilin oktyabrında tarixdə ikinci dəfə müstəqilliyinə nail olmuş Azərbaycan xalqının müstəqilliyinin itirilməsi təhlükəsi, 1992-ci ildə 28 yanvarda yeganə hava yolu olan Ağdam- Şuşa vertalyotunun vurulması və nəticədə 40 nəfər azərbaycanlının həlak olması... Xocalı soyqırımına gedən yol bu dəhşətli faciələrdən keçmişdir.
- Xocalı faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməməsinin, bu cinayəti törədənlərin məsuliyyətə hələ də cəlb olunmamasının səbəbləri nədir?
- Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq faciə zamanı əli qocaların, körpələrin, qız-gəlinlərin qanına batmış Ermənistanın eks-prezidentləri R. Koçaryan, S. Sarkisyan, müdafiə naziri olmuş S.Ohanyan beynəlxalq məhkəmənin qanunları ilə hələ də cəzalandırılmamışlar. Ermənistanda son 25-30 ildə hakimiyyət başında olmuş bu şəxslərin hər birinin Xocalı soyqırımında, Azərbaycana qarşı baş vermiş hərbi cinayətlərdə birbaşa əli var. Onlar cinayətkar, hərbi canidirlər. Təəssüf ki, himayədarlarının köməyi ilə onlar hələ də öz layiqli cəzalarını almayıblar, Azərbaycan xalqına qarşı etdikləri cinayətlərin ədalət mühakiməsindən yayına biliblər. Bu da bizə qarşı dünyada hökm sürən ikili standartların tərkib hissəsidir.
Gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən xocalılara qarşı törətdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər. Cinayətkarlar cəzasını alacaq. Necə ki, 44 günlük müharibədə layiqli dərslərini aldılar. Azərbaycanın dəmir yumruğunu hiss etdilər. Ali Baş Komandanımız İlham Əliyev və müzəffər ordumuz erməniləri kapitulasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”. Ali Baş Komandanın Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi, biz qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı.
- Ermənilərin vəhşiliklərinin, azğınlıqlarının şahidi olan bir çox əcnəbi yazarlar və jurnalistlər olmuşdur. Ancaq buna baxmayaraq hələ də ikili siyasət Azərbaycandan yan keçmir…
- Əcnəbi jurnalistlərdən Robert Arekilov, Jani Buyunetti, Tomas Qolds, Yuri Romanov, Tomas Deval bu qanlı faciənin şahidləri olublar. Hadisədən az sonra çəkiliş aparmaq üçün dəvət ediliblər. Amerika vətəndaşı Tomas Qolds bildirir ki, bizi Xocalıya dəvət etmişdilər. Ancaq biz bilmirdik ki, burada nə baş verir. Hamımız bu faktın qarşısında aciz qalmışdıq. İnsan insana nə qədər nifrət edə bilər ki, bu böyüklükdə qəddarlığa yol verə bilsin. Jurnalist qeyd edir ki, baş vermiş qanlı hadisədən sonra Xocalıda küçələrə səpələnmiş meyitləri gördük. Bizə deyirdilər ki, heç nədən çəkinməyin meyitlərin üzərindən keçin. Çox vahiməli mənzərə idi. Külək meyitlərin paltarlarını tərpətdikcə qorxunc mənzərə yaranırdı. Soruşdum ki, bəs meyitlərin aqibətləri necə olacaq? Çünki bir azdan bu meyitlərdə cürümə yaranacaqdı. Dedilər ki, siz narahat olmayın, çəkilişdən sonra o meyitlər yığılıb tonqalda yandırılacaq. Bildirdim ki, axı onların içərisində yaralı vəziyyətdə sağ olanları var. Ancaq veclərinə almadılar. Altı-yeddi yaşlarında bir qızcığaz sakit-sakit can verirdi, ona yaxınlaşanda gözlərinin siqaretlə yandırılmış olduğunu gördüm. Bir az keçdikdən sonra yandırılmış tonqalda qalaqlanmış meyitlərin üzərinə bu qızcağızı da tulladılar. Hələ sağ vəziyyətdə idi. İmdad diləyirdi. Bu hadisədən sonra uzun müddət özümə gələ bilmədim. Çəkdiyim qısametrajlı film əllərimi yandırdı. Səhər oyandım ki, bütün saçlarım ağarıb.
Robert Arekilov da etiraf etdi ki, biz o gündən Ermənistana nifrət etdik…Çünki ermənilərin Qarabağda əliyalın dinc əhaliyə qarşı apardığı bu soyqırımı hadisəsinin heç bir müdafiə olunası tərəfi yoxdur. Xocalı faciəsinə başçılıq edən Serj Sarkisiyan verdiyi müsahibələrində bir daha bu vəhşiliyi, bu qəddarlığı törədən «qəhrəman» ” kimi utanmadan, çəkinmədən danışır. «The Times of London»” mətbuat agentliyində çalışan jurnalist, «Çornıy Sad»” kitabının müəllifi Tomas de Vaala verdiyi müsahibəsində bildirir ki, «Xocalı olayına qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış sindromu sındıra bildik. Baş verənlər göz önündədir…»
- Qeyd etdiniz ki, Xocalıda məhv olan insanlarla bağlı kitabınız var. O hadisələrin şahidləri ilə görüşmək, müsahibə almaq üçün deyərdim ki, cəsarət tələb edir…
- Elədir… Xocalı əsirliyindən gələn insanlarla görüşmək böyük ürək tələb edir. Çünki elə ağır sarsıdıcı hadisələrə şahidlik ediblər ki, özləri də dözə bilmirlər. Ancaq bu insanların vasitəsilə ermənilərin iç üzünü açıb dünya gördü.
Bu gün hər bir ziyalının üzərinə böyük bir məsuliyyət düşür. Biz bu insanların faciəsini dünyaya çatdırmaqda dövlətimizə, bu işdə xocalıların haqq səsini dünyaya çatdırılmasında xüsusi olaraq böyük əməyi olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dəstək olmalıyıq.
- Xocalı soyqırımının tanıdılması istiqamətində hansı işlər görülür?
-1993-cü ilə kimi Xocalı soyqrımına siyasi qiymət verilmədi. Xocalıya siyasi qiyməti ulu öndər Heydər Əliyev verdi. 1994-cü ildə sağ qalan, o müdhiş gecənin fəlakətindən qurtaran insanlarla görüşdü. Onların dərdinə şərik oldu. Onların bütün problemlərinin həllini dövlət üzərinə götürdü.
Hər il 26 fevral gününü Milli Matəm Günü elan etdi. Dünya dövlətlərinə müraciət etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra
azərbaycanlıların XX əsrdə soyqırımına, deportasiyaya məruz qalması ilə bağlı fərmanlar verdi. Bu fərmanlarda bir daha göstərilirdi ki, xalqımızın başına gələn müsibətləri unutmaq olmaz.
Hər il Xocalı faciəsi dünyanın 80-dən artıq ölkəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun Moskva nümayəndəsi və vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən yüksək təşkilatçılıqla həyata keçirilir. Leyla xanım Əliyeva İslam Konfransı Təşkilatına daxil olan ölkələrlə birlikdə «Xocalıya ədalət» kampaniyasını uğurla davam etdirir. Nəticədə okeanın o tayında, Avropada və bir sıra ölkələrdə Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin sayı getdikcə artır. İllər ötüb keçəcək. Ancaq nə Xocalı dərdi, nə də xocalıların naləsi yaddan çıxmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Gələcək nəsillərimiz o müdhiş gecəni – 26 fevralı unutmayacaq.
Şəmsiyyə Əliqızı, «İki sahil»
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib