25 fevral 2021 21:14
1090

Ev heyvanları sadiq dostumuza çevrilirlər

Pişik və it saxlayanların xərçəng xəstəliyinə tutulma riski 30 % aşağıdır

Heyvanların əhliləşdirilmə tarixi çox əsrlər öncəyə təsadüf edir. Belə təxmin olunur ki, it hələ 14 min il bundan əvvəl əhliləşdirilib. Heyvanların evcilləşdirilməsinə, təsərrüfatda, istərsə də insanla eyni məkanda saxlanılmasına xeyli vaxt sərf olunur. Düzdür, əhliləşdirilən heyvanların hamısı olmasa da bir neçəsi məişətdə bizim ayrılmaz, sadiq dostumuza çevrilirlər. Psixoloqların araşdırmaları sübut etdi ki, onlar nəinki vaxt keçirərkən məmnun olduğumuz canlılardı, eyni zamanda, həmin heyvanlar bizə psixoloji cəhətdən, yaxşı mənada təsir edir. Heyvanlarla oyun oynamaq, akvariumdakı balığın üzməsini izləmək, isti çayı içə-içə yatmış pişiyinin mırıltısını seyr etmək, quşun cək-cəkinə qulaq vermək bədəndəki xoşbəxtlik hormonunun ifrazını artırır. Hələ bu görüntüləri izləyərkən gülümsəmək və ya gülümək endorfinin miqdarı kəskin artırır. Fikrimcə, bu həzz heç də şokolad yeyərkən aldığımız ləzzətdən az deyil. Təbii ki, belə mühitdə olan insan daha az stresli, baş verən hadisələrə daha yumşaq reaksiya verən, radikal qərarlardan uzaq və ən vacibi özünü olduqca gümrah hiss edəcək.

2015-ci ildə aparılan araşdırmaya görə, pişik sahibləri insanlar heyvanlarının onların sağlamlıqlarındakı müsbət yöndə dəyişikliklərin fərqindədirlər.  Pişik saxlayan qadınların 40, kişilərin isə 25 faizi heyvan dostlarının onları fiziki cəhətdən sağaltdıqları fikrini əminliklə dilə gətiriblər. Yeri gəlmişkən, bəzi elm adamları Alzheimer xəstəliyinin tənhalıqla bağlı olduğunu vurğulayırlar. 2013-cü ildə Amerika Veterinar Həkimlər Birliyinin keçirdiyi anket sorğusunun nəticəsinə görə, yalnız insanlar arasında ev heyvanları saxlayanların sayı nəzərəçarpaçaq qədər artıb. Yuxarıda adını çəkdiyimiz birliyin keçmiş sədri Duqlas Aspros da açıqlamalarında ev heyvanlarının insan sağlamlığı üzərindəki faydalarına xüsusi diqqət çəkmişdi

Başqa bir araşdırma isə 1000 nəfər ev heyvanı saxlayan 5-16 yaş arası uşaqlar arasında keçirilmişdi. Uşaqların böyük əksəriyyəti (79%-i)  heyvan dostlarının məktəb tapşırıqlarını yerinə yetirməkdə onlara müsbət təsiri olduğunu söyləyib. Şərqi İngiltərədəki uşaqların 54 %-i, Şotlandiyadakı uşaqların isə 57%-i ev heyvanlarının onları xoşbəxt etdiklərini bildiriblər. Rəqəmlər çinçillaların (Amerika dovşanı) və dequsların (Çili mənşəli siçan) uşaqların zəkasını daha çox inkişaf etdirdiyini göstərir. Bu ev heyvanlarını saxlayan uşaqların 55%-i özlərini daha ağıllı hiss edir. Onu da qeyd edək ki, sorğuda iştirak edən uşaqların üçdə biri (36 %-i) yardımsevər və şəfqətli, 34 %-i isə çox məsuliyyətli olduqları ortaya çıxıb.  

Kornell Universiteti Baytarlıq fakültəsinin  sağlamlıq mərkəzinin direktoru Paul Maza isə daha sevindirici fikir bildirib: «Pişik və itlərdə olan bakteriyaların çoxu insanlarda olan bakteriyaların fərqli növüdür. Ev heyvanlarının ağızları bizimki qədər çirkli deyil». Dr. P.Maza ev heyvanlarının ağız boşluqlarının, dişlərini nizamlı fırçalamayan kəslərin ağızlarından daha təmiz olduğunu söyləyib. Ev heyvanlarında olan bakteriya və viruslar istənilən halda insanlardakından az olduğunu söyləyən həkim, bütün gigiyenik normalara əməl edilərək qulluq göstərilən sevimli evcillərinizi istədiyinizdə rahatlıqla öpə biləcəyinizi də vurğulayıb. Heyvanlar ev şəraitində mehribanlıqla rahatlığın xüsusi mikroiqlimini yaratmağa qadirdirlər. Psixoloqlar ev heyvanlarının ruh sağlamlığı baxımından da əhəmiyyətli olduğunu qeyd edirlər. Uzun və yorucu bir iş günündən sonra evə gəldiyiniz zaman evdə hər hansı bir ev heyvanı ilə vaxt keçirmək bütün stress və yorğunluqları aradan qaldırır.

Çində 25-40 yaş arası insanlar üzərində aparılan araşdırmalar zamanı evində heyvan saxlayan insanların saxlamayanlara nisbətən özlərini daha rahat hiss etdikləri və daha rahat yatdıqları müəyyən olundu. Ev heyvanı deyərkən, ağlımıza ilk it və pişik gəlir. Psixoloqların fikrincə, insana ən çox müsbət enerji verən heyvan isə balıqlar və quşlar sayılır. Artıq xeyli müddətdir təsdiqlənib ki, akvariumda üzən rəngbərəng balıqları seyr etmək əzələ gərginliyini aradan qaldırır, ürək döyüntülərini nizamlayır. Şəxsi təcrübəmdən yola çıxaraq qeyd edirəm ki, nə qədər əsəbi və gərgin olsanız da akvarium qarşısına keçdiyiniz an nəyə əsəbləşdiyinizi belə unudacaqsınız.

Bundan savayı, amerikanlar sübut etdilər ki, pişiksevərlər digərlərinə nisbətən ürək-damar xəstəliklərinə 3 dəfə az məruz qalırlar. Həmçinin sübut olundu ki, ev heyvanları onkoloji xəstəliklərin inkişafının aradan qaldırılmasına da kömək edir. San-Fransiskoda yerləşən Stenford universitetinin mütəxəssisləri, bir neçə il müddətində 4000 insanın iştirakı ilə araşdırmalar aparmışlar. Ev heyvanları saxlamayan insanlarla müqayisədə, pişik və it sahibkarlarının xərçəng xəstəliyinə tutulma riski 30 % daha aşağıdır. Alimlər izah edirlər ki, belə hallar heyvan sahiblərinin immunitetinin yüksək olmasından irəli gəlir. Məhz bu amil, bir çox xəstəliklərin və xərçəng xəstəliyinin qarşısını almağa kömək edir. Həmçinin çoxsaylı araşdırmalar göstərib ki, heyvan saxlayan ailələrin uşaqları daha az xəstələnir və infeksiyaların tutulmasına daha az məruz qalırlar.

Bütün bu araşdırmalar heyvanların həyatımızın ayrılmaz bir hissəsi olduğunu bir daha sübut edir. Qərb ölkələrində adi, hətta mütləq hal kimi qarşılanan canlı sevgisi hazırda ölkəmizdə də getdikcə artır. Bir çox ev heyvanlarının insanlara zərər vermə riskinin az olmasına baxmayaraq, mütəxəssislər yenə də ehtiyatı əldən verməməyi məsləhət görürlər.

Günel Eyyubova, «İki sahil»