26 fevral 2021 11:45
1190

Qələbə müjdəsini eşidərkən ilk getdiyimiz yer Xocalı soyqırımı abidələri oldu

"Biz bu dəfə həm Xocalı soyqırımı şəhidlərini yad etmək, həm də Qələbə müjdəsini şəhidlərimizin ruhuna çatdırmaq üçün abidələrin yanına tələsdik"

“Xocalı rayon Kosalar kəndində anadan olmuşam. 6 yaşımdan doğma el-obamdan didərgin düşmüşəm.  Soyqırım günü mən Xocalı şəhərində olmamışam. Amma, Xocalı sakinlərindən, soyqırımın şahidlərindən, erməni əsirliyində olan xocalılardan müsahibə götürərkən onların söylədiklərinə əsasən bildirmək istəyirəm ki, faciə zamanı xocalılılar ağlasığmaz və dözülməz işgəncələrə məruz qalıblar. Buna baxmayaraq, onlar daim əzmkar, mübariz və döyüşkən olublar. Aylarla blokada şəraitində yaşayan Xocalı sakinləri daim bir-biriləri ilə həmrəy olublar. Xocalılar düşmən çəmbəri ilə əhatə olunan zaman, soyqırım günündə və didərginlik vaxtlarında öz həmyerliləri üçün fədakarlıqlar ediblər. Əsirlik həyatı yaşayan insanlar bir-birini müdafiə etmiş, yoldaşlarının düşmən zindanında daha çox işgəncələr görməməsi üçün onların əvəzində özlərinə işgəncələr verilməsini istəyiblər. Müdhiş gecədə Qarqarçaydan qocaları, uşaqları, taqəti olmayanları çayın o tayına keçirən zaman doğmalarından aralı düşənlər oldu. Meşədə qalan taqətsiz insanlar, əsirlikdə amansız işgəncələr görənlər öz canlarını düşündükləri qədər, başqalarının da həyatını düşünürdülər. Xocalı soyqırımında qadınlarımızın hünəri, sədaqəti, öz namusu ilə bərabər soydaşlarının həyatını qorumaları üçün etdikləri fədakarlıqlar Azərbaycan qadınının mərdliyinin, əqidəsinin, millətə məhəbbətinin təzahürüdür. Erməni vəhşilərinin fiziki və mənəvi işgəncələri qarşısında xocalıların dözüm və iradəsi, həmçinin tale yoldaşlarına köməklikləri insanı heyrətə gətirir. Onlar ölüm ayağında, dar gündə də bir-birinə kömək olmuşlar. Xocalıların torpağa bağlılığı düşmənə gözdağı olmuşdu.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında  "Xocalının səsi" qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu söyləyib.

Həmsöhbətimizin sözlərinə görə, Xocalı sakinlərinin doğma torpağa bağlılığı yüzlərlə şəhid verməsi ilə ifadə oluna bilər. Şəhid və qəhrəman şəhərin sakinlərinin hünəri haqqında çoxlu kitablar yazılıb. Fevral ayında xocalılılar toy mərasimi keçirmirlər. Çünki hər il fevral ayı gələndə bəşər tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının ağrısı ürəklərdə daha da şiddətlənir. O dəhşətli günlərdə həmyerlilərimiz bir-birilərinin həyatını qurtarmaq üçün fədakarlıqlar göstəriblər. Bunlara aid çoxlu sayda misallar göstərmək olar. Mənim yazdığım “Xocalı Soyqırımında əsirlərin bir-birinə köməklikləri” adlı məqaləmdə bunları qeyd etmişəm. Qarlı-çovğunlu, yolsuz meşədə dayanmadan ağlayan 6 aylıq Salatın adlı qızını boğan Müşkülat adlı gəlin qohum-qonşular ələ keçməsin deyə, yeganə körpəsinə qıymışdı. Qundağdakı körpəsini atmayan ana ermənilərin səsi gələn ərazidən xeyli uzaqlaşandan sonra Salatının nəfəs aldığını görür. Taleyin oyununa bax ki, uşaq yenidən həyatda idi.

27 gün erməni əsirliyində olmuş Valeh Hüseynovun yaşlı insanlar üçün etdiyi kömək onun timsalında ağsaqqal və ağbirçəklərə qoyulan böyük hörmətdir. Valeh Hüseynov deyir ki, onunla birlikdə əsirlikdə olan Məhəmməd kişi yerdə uzanıqlı, yaralı vəziyyətdə su istəyirdi. Mən onun halına dözə bilmədim, bir təhər dəmir qapını ayaqlarımla döydüm. Qapı açılanda ermənilərdən yaşlı insanlara su vermələrini istədim. Onlar içəri girdilər və məni yenidən döyüb çıxdılar. Bir neçə dəqiqədən sonra gəlib məndən soruşdular ki, əgər istəyirsənsə onlara su verək, onda icazə ver, səni öz xoşunla döyək. Mən razılaşdım. Bunu Məhəmməd kişi bilmədi. Ələmdar kişi bildi və çalışdı ki, məni fikrimdən yayındırsın. Ancaq qərarımı vermişdim. Məni çölə çıxarıb döydülər, onlara su verdilər.

“Azərbaycan Bayrağı” ordenli, Əməkdar həkim fəxri adına layiq görülmüş Məmməd Nağıyev xocalılılar üçün əziz insandır. Xocalı yerli özünümüdafiə batalyonunda könüllü olaraq xidmət rəisi kimi fəaliyyət göstərib. Məmməd Nağıyev deyir ki, çox əzab-əziyyətlərdən sonra fevral ayının 27-də Dəhraz kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq, atışma başladı. Yaxındakı dərəyə doluşduq, buradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən öndə anası ilə gedən 10 yaşlı uşağı yaraladılar. Mən uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilərin atdığı güllə başımdakı papağın qaşını deşib keçdi, buna baxmayaraq, bir az gözləyib yenidən uşağa doğru sürünüb onun yarasını sarıdım. Atəş artıq kəsilmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralandığımdan - bu vaxt 2 nəfər avtomatlı da məni gözləyirdi və deyirdilər ki, həkim, gəl gedək. İstəsəm çıxıb gedə bilərdim, lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, qocanın əsir düşməsini və onların içərisində neçə-neçə yaralının, əli-ayağı donmuşların olduğunu nəzərə alıb, düşündüm ki, onları bu vəziyyətdə qoyub getməyə mənəvi haqqım yoxdur. Ona görə də yaralı uşağı götürüb camaatın yanına qayıtdım.  Məmməd həkimlə birlikdə əsirlikdə olan xocalılılar onu qorumağa çalışmış, əsirlikdən xilas olmasına köməklik etmişlər.

Xocalı soyqırımının şahidi, erməni əsirliyində olmuş Arif Əhmədov Məmməd həkimin sücaətindən, həm həkim, həm də insani keyfiyyətlərindən danışır. Arif Əhmədov “Xocalının səsi” qəzetinə danışdıqlarında qeyd edir ki, ermənilər Məmməd həkimdən hətta yaralı ermənilərə kömək etməsini istəyirdilər. Ona deyirdilər ki, əgər, bizim yaralımız ölsə, əsirlərdən bir neçə nəfəri güllələyəcəyik. Hippokrat andını yerinə yetirən həkim əvəzində spirt, tənzif gətirib əsirlərin yaralarını sarıyırdı.

Qeyd edə bilərəm ki,  uşaqları olan əsirləri buraxarkən iki uşağı olan valideynlər uşağının birini digər Xocalı sakinlərinə vermişdilər ki, onları da əsirlikdən qurtarmaq mümkün olsun.

Qalib Bəyməmmədoğlu vurğulayıb ki, dəhşətli faciəni redaktoru olduğu "Xocalının səsi" qəzetində mütəmadi olaraq işıqlandırır: “Biz Xocalı soyqırımını ilin bütün günlərində yad edir, Xocalı soyqırımını, Xocalı həqiqətlərini, Qarabağ həqiqətlərini, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırırıq. “Xocalının səsi” qəzeti yaranan zaman Xocalıya rayon statusu verilmişdi. Xocalıda yeni idarə, müəssisələr yardılır, abadlıq-quruculuq işləri aparılırdı. Bununla bərabər mənfur qonuşularımız Qarabağın – Xocalının işğal planlarını hazırlayırdılar.  “Xocalının səsi” qəzeti məhz belə ağır dövrdə yaradıldı.   Xocalılıların özü kimi didərgin olan “Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək haqq səsimizi ucaldıb. Rayonumuzun qəzeti hal-hazırda Bakıda çap olunur. Qəzetin səhifələrində Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular həmçinin, rayonumuzda keçirilən ümumrayon tədbirləri və respublikada baş verən əlamətdar hadisələr işıqlandırılır. Şəhid ailələrindən, erməni əsirliyində olmuş sakinlərdən, Xocalı soyqırımı şahidlərindən alınan müsahibələr üçün qəzetimizin səhifələrində yer ayrılır. “Xocalının səsi” qəzeti Xocalının tarixini yazır, xocalılıların vəhdətini təşkil edir. “Xocalının səsi” bizi birliyə səsləyir. Hər birimiz bu haraya qoşulmalı və haqq səsimizi gücüm çatdığı qədər yüksəkdən deməliyik. Qəhrəmanlarımızdan mütəmadi olaraq yazılar çap edirik. “Xocalının səsi” qəzetindəki yazılar sosial şəbəkələrdə, qəzetin internet ünvanı olan "xocalininsesi.info" saytında geniş oxucu kütləsinə çatdırılır. Bu gün də qəzet bütün gücü iləhaqq səsimizi dünyaya çatdırmaq üçün çalışır.”

Sonda həmsöhbətimiz tarixi Zəfərimizin Xocalı sakinlərində yaratdığı qürur və fəxarətdən bəhs etdi: “Təxminən 30 ilə yaxın müddətdən sonra ilk dəfədir ki, ərazi bütövlüyümüzün bərpası baş verdi. Xocalının bir çox kəndi döyüşlə işğaldan azad olundu. Biz çox sevincliyik xocalılıların Vətən müharibəsindən sonra ilk ziyarət etdiyi yer Xocalı Soyqırımı abidələri oldu. Niyə?  Çünki biz 29 il ərzində  həmin o abidələri soyqırımı qurbanlarının xatirəsini yad etmək, onların ruhuna dualar oxumaq üçün ziyarət edirdik. Vətən müharibəsində ilk qələbə müjdəsini eşidərkən ilk getdiyimiz yer Xocalı soyqırımı abidələri oldu. Biz bu dəfə həm  Xocalı soyqırımı şəhidlərini yad etmək, həm də Qələbə müjdəsini şəhidlərimizin ruhuna çatdırmaq üçün abidələrin yanına tələsdik.”

Yaqut Ağaşahqızı, “İki sahil”