1992-ci ilin fevralında erməni silahlı dəstələri tərəfindən törədilmiş Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinin ünvanına məktub göndərib.
Məktubda deyilir ki, 29 il bundan əvvəl Ermənistan ilə Azərbaycan arasında münaqişə tarixində ən böyük kütləvi qətl törədilib, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki şəxsləri və şəhəri müdafiə edənlər bu qırğının qurbanı olublar.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Yaşar Əliyev yazır ki, münaqişəyə qədər Xocalı şəhərində 7 minə yaxın əhali yaşayırdı. 1991-ci ilin oktyabr ayında şəhər erməni silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınıb. 1991-1992-ci illərin qış fəslində şəhər demək olar ki, hər gün atəşlərə məruz qalır, o cümlədən istiqaməti bilinməyən atəşlər və ya bilavasitə mülki şəxslərə tuşlanmış atəşlər açılırdı. 1992-ci il fevralın 26-na keçən gecə şiddətli atəşlərdən sonra şəhər işğal edildi. Hücum keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı alayında xidmət edənlərin bilavasitə iştirakı ilə təşkil edilmişdi. Həmin alay Sovet İttifaqı dağılandan sonra bu rayonda qalmışdı.
Məktubda qeyd edilir ki, şəhərə hücum və onun zəbt edilməsi nəticəsində 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib. Min nəfərə yaxın yaralanıb, 1275 adam girov götürülüb. Xocalının 150 sakininin sonrakı taleyi barədə indiyə qədər məlumat yoxdur.
Azərbaycanlı diplomat daha sonra öz məktubunda Xocalı faciəsindən sonrakı günlərdə beynəlxalq mətbuatda dərc edilmiş məlumatlardan sitat gətirir. Bu məlumatlar qəddarlığın miqyası barədə tam təsəvvür əldə etməyə imkan verir. Məsələn, “Independent” qəzetində “Reuters” informasiya agentliyinin Ağdamdakı müxbirinin məlumatına istinadla deyilirdi: “Qanlı divandan sonra azərbaycanlılar ermənilər tərəfindən bu rayonda böyüklüyünə görə Azərbaycanın ikinci yaşayış məntəqəsi olan Xocalı şəhərinin zəbt edilməsi zamanı həlak olan onlarla insanı dəfn edirdilər. Dəfn mərasimində iştirak edənlərdən biri jurnalistlərdən ibarət bir qrup tərəfə qışqırdı: “Dünya burada baş verənlərdən üz çevirir. Biz həlak oluruq, siz isə sadəcə seyr edirsiniz”. Avstraliyanın “Eyc” qəzetində bildirilmişdi ki, zərərçəkənlərin dəqiq sayı hələ də məlum deyil, amma azərbaycanlı mülki şəxslərin ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında erməni ordusunun törətdiyi qanlı qırğının qurbanı olmasına heç bir şübhə ola bilməz. “Newsweek” jurnalının müxbirləri Paskal Privat və Stiv Le Vayn “Qanlı qırğının üzü” adlı məqalələrində qeyd ediblər: "Keçən həftə Azərbaycan yenə də matəmə qərq olundu. Dərin hüznlə qaçqınlar məscidin arxasında olan kiçik əraziyə gətirilən onlarla sadə azərbaycanlının: kişilər, qadınlar və uşaqların eybəcər hala salınmış meyitləri - müharibə ilə parçalanmış Dağlıq Qarabağda fevralın 25-dən 26-na keçən gecə erməni qüvvələri tərəfindən işğal edilmiş kiçik Xocalı şəhərciyinin sakinləri üçün göz yaşı tökürdülər. Bir çoxları qaçmağa çalışarkən yaxın məsafədən öldürülmüşdü; həlak olanların bir qisminin üzləri eybəcər hala salınmışdı, bəzilərində baş dərisi çəkilmişdi”. "Time" jurnalının müxbiri Cill Smolou "Xocalıda qanlı divan" adlı məqaləsində yazmışdı: "Detallar mübahisə edilsə də, bir şey aydındır: iki həftə əvvəl Azərbaycanın Xocalı şəhərində nəsə dəhşətli və ağlasığmaz baş vermişdi. Hazırda əksəriyyəti eybəcər vəziyyətə salınmış 200-ə yaxın azərbaycanlının meyiti şəhərdən dəfn olunmaq üçün çıxarılıb”.
"Human Rights Watch" təşkilatı Xocalıya hücum zamanı erməni qüvvələrinin mülki əhali arasında qeyri-mütənasib itkilərə səbəb olan hücumlara qadağanı "qəsdən görmədiyini" bəyan edib. Bundan əlavə, o qeyd edib: "Şahidlər işıqlandırmanın normal görünüşü təmin etmək üçün kifayət olduğunu bildiriblər, bununla əlaqədar olaraq işğalçılar silahlanmış və/və ya silah istifadə edənləri silahsız mülki şəxslərdən ayıra biliblər. Bundan başqa, atəşin haradan aparıldığı barədə ziddiyyətli sübutlara baxmayaraq, mövcud məlumatlar göstərir ki, hücum edənlər fərq etmədən qaçan bütün şəxslərə atəş açırdılar. Bu vəziyyətdə qaçmaqla xilas olan döyüşənlərin qətlə yetirilməsi böyük sayda proqnozlaşdırılan mülki şəxslərin həlak olmasına bəraət qazandıra bilməzdi". "Memorial" hüquq müdafiə mərkəzinin məlumatına görə, "Xocalının ələ keçirilməsi üzrə hərbi əməliyyat zamanı bu şəhərdə mülki şəxslərə qarşı kütləvi zorakılıq aktları törədilib"; "azad dəhliz" zonasında və ətraf ərazidə mülki şəxslərin kütləvi qırğınına heç bir halda haqq qazandırıla bilməz"; "şəhərin erməni birləşmələri tərəfindən zəbt edilməsindən sonra Xocalıda qalan mülki şəxslər deportasiya ediliblər"; "bu hərəkətlər mütəşəkkil şəkildə həyata keçirilirdi"; "Xocalının saxlanılmış sakinləri ilə amansız rəftar olunurdu".
Beynəlxalq məhkəmələr və təşkilatlar Xocalıdakı vəhşiliyin ciddiliyini etiraf ediblər. Avropa Şurası Nazirlər Komitəsi qırğından cəmi bir neçə həftə sonra qəbul etdiyi 11 mart 1992-ci il tarixli bəyannaməsində, Azərbaycanda son zaman baş verən kütləvi qətllər və kobud pozuntuları haqqında xəbərlərdən dərin narahatlığını bildirib və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin mülki əhalisinə qarşı şiddət və təcavüz aktlarını kəskin şəkildə pisləyib. Avropa İnsan Haqları Məhkəməsi, Xocalıdakı qanlı qırğın əsnasında hərbi cinayətlərə və ya insanlığa qarşı cinayətlərə bərabər tutula biləcək xüsusilə ağır hərəkətlərin edildiyi barədə qərar çıxarıb. İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq və milli səviyyədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş azərbaycanlı mülki şəxslərin qətliamının soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmasına çağırıb.
Xocalıda törədilən cinayətlər tək-tük və ya təsadüfi aktlar deyildi, əksinə, Ermənistanın genişmiqyaslı və sistemli siyasətinin və praktikasının ayrılmaz hissəsi idi. Ölkənin bir çox başqa kənd və şəhərlərində mülki Azərbaycan əhalisi də erməni qüvvələri tərəfindən oxşar repressiyalara məruz qalırdı. Lakin bu cinayətlərin törədilməsində təqsirli olan şəxslər nəyinki ədalət mühakiməsinə cəlb olunmamış, hətta Ermənistanda tərif edilir. Azərbaycan diplomatı qeyd edib ki, Ermənistan tərəfindən 2020-ci il sentyabrın 27-də törədilən başqa bir təcavüz aktı, onun uzun illərdir istifadə etdiyi cəzasızlığın məntiqi nəticəsi oldu.
1990-cı illərin əvvəllərində tətbiq etdiyi barbar müharibə üsulları ilə müqayisədə Ermənistan muzdluların və xarici terrorçuların bilavasitə iştirakı ilə mülki şəxsləri qətlə yetirmək, Azərbaycan şəhərlərinə, qəsəbə və kəndlərinə birdəfəlik və ya qeyri-mütənasib ziyan vurmaq üçün bütün qüvvələrini yenidən səfərbər edib. Ermənistan silahlı qüvvələri dəfələrlə sıx məskunlaşmış rayonlara hücumu zamanı qadağan olunmuş kaset sursatlardan və ağ fosforlu mərmilərdən istifadə etmiş, nəticədə qadın və uşaqlar da daxil olmaqla, bir çox azərbaycanlı mülki şəxslər həlak olub.
Ermənistan münaqişə başlayandan Azərbaycan ərazilərində törətdiyi çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Belə cinayətlərə mülki şəxslərin qətlə yetirilməsi və onlara bədən xəsarəti yetirilməsi; mülki əmlakın məhv edilməsi və mənimsənilməsi; saxlanılan və hərbi əsirlərlə amansız rəftar; girovların ələ keçirilməsi; etnik təmizləmələr, əhalinin zorla yerdəyişməsi və işğal edilmiş ərazinin xarakterinin dəyişdirilməsi, təbii ehtiyatların istismarı; mədəni irsin məhv edilməsi; ətraf mühitə ziyan vurulması aiddir.
Ermənistanın məsuliyyəti həm ümumi beynəlxalq hüquqa, həm də İnsan hüquqları haqqında Avropa Konvensiyasına uyğun olaraq müəyyən edilib və vurulan zərərə görə tam ödənilməsinin təqdim edilməsi öhdəliyində ifadə olunan hüquqi nəticələrə səbəb olur. Yuxarıda sadalanan cinayətlər, həmçinin təqsirkarların fərdi cinayət məsuliyyətini nəzərdə tutur. Təqsirkarların məsuliyyətə cəlb edilməsi hüquqpozmaların törədilməsinin qaçılmaz nəticəsi olmalıdır. Bu, həm də həqiqi barışıq və dinc yanaşı yaşamaq yolunda mühüm qabaqlayıcı alət və zəruri şərtdir.
Məktubun sonunda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Y.Əliyev Baş katibdən məktubun gündəliyin 34, 35, 40, 70, 72, 86 və 135 bəndləri üzrə Baş Assambleyanın sənədi kimi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edir.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib