KÖŞƏ

Günel Eyyubova

Adın şərəflidir...

05 mart 2021 18:05
2253

Napaleon deyib ki, dünyada gördüyümüz hər şey qadının əsəridir. Qadın- Ana sözü bütün dövrlərdə həyatın mənbəyi kimi assosiasiya olunub. Hələ bizim eradan əvvəl qadına bərəkətin simvolu kimi baxılırdı. Bunu mağaraların divarlarına çəkilmiş qadın təsvirləri, az sayda olsa da tapılan heykəlçiklər də sübut edirdi. Qadının gündəlik həyatda da çox önəmli yeri vardı. Ancaq qadının duası olarsa kişilərin ovlarının uğurla sonlanacağına, bərəkətli olacağına inanılırdı. Daha sonralar torpaq uğrunda gedən savaşlarda kişinin fiziki üstünlüyü önə çıxsa da qadın yenə bərəkətin simvolu olaraq qalırdı. Tarixə nəzər yetirəndə görürük ki, İslamdan əvvəlki dövrdə də Türk toplumlarında  qadına yüksək dəyər verilirdi. Qadın həmişə həyat yoldaşının yanında olaraq onun gücü və ilham qaynağı olub. Yeri gələrdi onunla çiyin-çiyinə savaşırdı. Azərbaycanda arxeoloji qazıntılar zamanı  son tunc və erkən dəmir dövrünə aid  tapılan silahlı qadın qəbirləri də qadınların tarixdəki rolunu göstərir. Elə ona görə də deyilib ki, birinci zənginlik sağlamlıqdırsa, ikinci zənginlik qadındır.

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı boylarda da qadın obrazları sadiq, qəhrəman, cəsur, ağıllı, iradəli, namuslu, qürurlu təqdim olunub. Dəli Domrul canının yerinə can axtararkən dünyanın şirin, canın əziz olduğunu deyərək nə atası, nə də anası ona canlarını verdilər. Lakin atını sürüb həsrətlisi ilə vidalaşmağa gələndə : “Yer şahid olsun, göy şahid olsun, qüdrәtli Tanrı şahid olsun, Mәnim canım sәnin canına qurban olsun!” deyərək xanımı canını ona verməyə hazır olduğunu söylədi.

Hər birimiz bilirik ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir. Yaddaşımızı təzələmək məqsədilə deyək ki, ABŞ-da qadınlar 1848-ci ildən başlayaraq, seçkidə iştirak hüququ tələbi ilə çıxış etsələr də, buna yalnız 72 il sonra nail olublar. Bəli, indi demokratiyanın beşiyi hesab edilən ölkələrdə qadınlara seçki hüququ Azərbaycandan çox-çox sonralar verilib. Məsələn, Fransa Azərbaycandan 24 il sonra – 1944-cü ildə qadınlara seçki hüququ verib. Bu siyahını çox uzatmaq olar...

XX əsrin birinci yarısında Azərbaycanda çap mətbu orqanlar da qadınların hüququnun müdafiəsi, onların maariflənməsi üçün çalışırdılar, mübarizə aparırdılar. Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olan pedaqoq, publisist və yazıçı Şəfiqə Əfəndizadə : “Analar, qızlarınızı oxudun!” - deyərək qadınlara müraciət edirdi.

Azərbaycan tarixində dərin iz qoyan qadınların sayı olduqca çoxdur. Onlardan Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri Topçubaşova,  müəllim, maarifçi Xədicə Ağayeva, ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın Nigar Şıxlinskaya, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, Azərbaycan SSR-in Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın adlarını çəkmək yerinə düşər.

Bu gün Azərbaycan qadınının cəmiyyətdəki rolu daha da yüksəlib və zərif cinsin nümayəndələri dövlət strukturlarında təmsil olunurlar. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadın problemləri prioritet təşkil etməyə, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı. Ulu öndər Heydər Əliyevin 1998-ci il yanvar tarixli  “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı, daha sonra “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanları qadınların ölkənin ictimai-siyasi həyatındakı iştirakını artırdı.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti bütün Azərbaycan qadınlarına bir nümunədir.

Nəhayət, qeydlərimi dahi Azərbaycan şairi Səməd Vurğunun “Аdın şərəflidir sənin, еy qаdın, Dаhilər аnаsı çаğrılır аdın” misraları ilə bitirmək istəyirəm.