Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanı imzalamasından 23 il keçir. Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
31 mart 1918–ci il soyqırım həqiqətlərinin dünyaya tanıdılması istiqamətində bütün sahələrdə təbliğat işi aparılır. Məqsədimiz ermənilərin 103 il bundan öncə başımıza gətirdikləri 31 mart terroruna yenidən nəzər salmaq, amansız vəhşiliklə törədilən bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətimizin apardığı siyasətə dəstək olmaqdan ibarətdir. 31 mart soyqırımı haqqında danışarkən qeyd etmək lazımdır ki, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri–diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Qeyd edim ki, Lənkəran 1918–ci ilin mart–aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40–dək yaşayış məntəqəsi yandırılmaqla yerlə–yeksan olunub, 2000–dən çox dinc sakin qətlə yetirilib. Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə–deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər. Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918–ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919–cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları FİK-nın normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi. 1998–ci il martın 26–da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanını ruslar Azərbaycanın genosid konsepsiyası kimi qəbul edib. Bu Fərman daxilə hesablanmış sənəd deyildi. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırım ilə xaricdən özümüzə maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya çatdırmağa çalışırıq. Məşhur fransız diplomatı Lores deyir: “Danışmaq lazımdır ki, həqiqət açılsın”. Ümummilli lider Heydər Əliyevin tarixi fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918–ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat–qat çox olduğunu sübuta yetirir.
Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina" münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər. 1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi. 31 mart soyqırımı zamanı Müqəddəs kitabımız olan Qurani–Kərimin yandırılması, dini obyektlərə vurulan zərər bütün dünya müsəlmanlarına qarşı edilən vəhşilik idi. 1998–ci il martın 26–da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni–bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Son olaraq bildirim ki, hər birimiz Ulu öndərin dediyi kimi, azərbaycanlı olmağımızla qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik.
Сəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib