30 mart 2021 15:26
1194

İnsanlığa sığmayan cinayətlər

 1918-ci ilin mart qırğını erməni soyqırımı  siyasətinin Azərbaycan  tarixindəki ən dəhşətli səhifələrindəndir.  Tarix təsdiqləyir ki, bu qırğın da qabaqcadan  düşünülmüş, planlı  surətdə hazırlanmış və qəddarlıqla  həyata keçirilmişdir. Həmin dövrdə  daşnak dığaları  bolşeviklərin  hakimiyyətə  yiyələnməsindən  istifadə  edərək minlərlə  dinc  azərbaycanlıya milli  mənsubiyyətinə  görə divan tutmuşlar.

 Oktyabr hadisələrindən sonra Rusiya bolşeviklərinin  qarşısında  duran əsas  məqsəd Qafqazın    sovetləşdirilməsi  idi. Bununla bağlı 1917-ci il dekabr ayının16-da Petroqrad  Xalq Komissarlar  Soveti “Qafqazda vəziyyət haqqında” məsələ müzakirə etdi. Həm də iclasda Bakı Sovetinin  sədri, üzdə özünü  bolşevik kimi  göstərən, əslində  hər an müsəlmanların  qanını içməyə  hazır olan  daşnak dığa S. Şaumyan  “Qafqaz üzrə fövqəladə  komissar “ təyin edildi. Bundan sonra erməni  daşnakların  bilavasitə  nəzarəti ilə  Qızıl Ordu  hissələri adı altında  erməni qoşun  birləşmələri yaradıldı. Qızıl Ordunun  qərargah  rəisi  daşnak dığa Z. Avetisyan  olmaqla, Hamazasp  üçüncü briqadanın  komandiri və polkovnik  Qazarov   korpus  komandiri seçildi.  Bu üç  erməninin əli ilə  müsəlman korpusunun  komandiri  general Talışinski  Bakıda həbs edildi.  Nəticə  müsəlmanlar arasında qəzəb yaratdı, hətta  müsəlman əhalisi  ilə  ermənilər və bolşeviklər  arasında  silahlı  toqquşmalara  səbəb oldu. Azərbaycanın ziyalıları, siyasi xadimləri- M. Ə. Rəsulzadə,  N. Nərimanov və N. Yusifbəylinin  ciddi səyləri  sayəsində  bu qanlı toqquşmaların  qarşısı alındı. Buna baxmayaraq,  erməni millətçiləri   hər vasitə ilə  sülhə, barışığa mane olmağa çalışır, mənfur ideyalarını reallaşdırmaq  istiqamətində  ardıcıl  tədbirlər görürdülər.

 Nəhayət, məkrli erməni millətçiləri 1918-ci il mart ayının 30-da öz təcavüzkarlıq  siyasətinə nail ola bildilər. Əsas məqsəd  dinc müsəlman əhalisini qırmaq olan döyüşlər başlandı.  31 mart azərbaycanlıların soyqırımının  başlanğıcı qoyuldu. Döyüşlərə  rəhbərlik üçün  S. Şaumyan, A. Caparidze, Q. Korqanov , İ. Suxartsev, S. Saakyan  və M. Yolçiyan  daxil olmaqla  Bakı Soveti yanında  inqilabi  müdafiə  komitəsi  yaradıldı.

 İlk qırğın Bakıda oldu. Yəni, martın 30-da səhər tezdən  erməni-bolşevik birləşmələri  şəhəri gəmilərdən top atəşinə tutdular. Bundan sonra silahlı  daşnak dığaları bir-bir azərbaycanlıların  evlərinə  soxularaq  rastlaşdıqları  kişiləri, qadınları, uşaqları   qəddarcasına  qətlə yetirdilər.  Üç gün ərzində Bakıda  30 min insan öldürüldü. Müsəlmanların bir-çox ziyarətgahları yerlə- yeksan  edildi. Təzəpir  məscidi  daşnakların  top atəşinə   məruz qaldı. Bakının ən möhtəşəm  memarlıq   incilərindən  sayılan “İsmailiyyə”  binasına od vuruldu.

 S. Şaumyanın  əmrinə əsasən  qatı daşnak  T. Amirov  və  müsəlman  qanına susamış  S. Lalayevin  başcılığı ilə  2 min nəfərlik  erməni ordusu  martın 18-də  sübh çağı  Şamaxıya  hücum edir. Əvvəlcə  şamaxılılar  müdafiə olunmaq istəsələr də, topların qarşısında dayana  bilməyib  geri çəkilirlər.  Burada evlər yandırılır,  insanlara amansızcasına  divan tutulur. Qanlı  döyüşlərdə  8 mindən  artıq azərbaycanlının qanını axıdırlar. Daşnak-bolşevik  hərbi birləşmələri  həm də  Şamaxı  qəzasının 72 kəndini  dağıdıb yandırır.

 Daşnak  dığası Hamazaspinin   etdikləri  daha ağıla sığmazdır. Bu qan içən cəllad başda olmaqla  may ayının 1-də  ancaq ermənilərdən ibarət  böyük  hərbi dəstə ilə Qubanı mühasirəyə  alaraq , şəhəri  toplardan və pulemyotlardan  atəşə tutur. Tezliklə buranı işğal edir.  Hamazaspin  dəstəsi  Qubada 162 kəndi darmadağın edir, 16 mindən  çox insan həyatına son qoyulur. Onu bildirim ki, Qubadan  erməni əsgərləri  dörd milyon manat nağd pul, xeyli qızıl  pul, qiymətli daş-qaş, beş milyon manatlıq əşya-mal, iyirmi beş  milyon  manatlıq  ərzaq ehtiyatı  ələ keçirmişlər.

 Mart soyqırımlarında  erməni quldurları  Haçıqabul, Kürdəmir, Salyan və  Lənkəran qəzalarında da  qanlı faciələr törədiblər. Azərbaycanlıların soyqırımı 1918-ci il sentyabrın ortalarına qədər  davam etmişdir. Bolşevik maskası altında S. Şaumyan  və onun əlaltılarının  azərbaycanlılara   qarşı etdikləri vəhşiliklər nəticəsində  70  mindən çox  günahsız  insan  xüsusi  qəddarlıqla  qətlə  yetirilib, on minlərlə dinc əhali  doğma  yurdundan  didərgin düşüb. Minlərlə Azərbaycan kəndini başdan-başa  yandırıb külə döndərmişlər.

 Ermənilərdən ibarət  məkrli  daşnakların  xalqımıza  qarşı törətdikləri  mart soyqırımından 103 il keçir. Bu soyqırımı barədə əsl həqiqəti Ulu Öndər Heydər Əliyev  dünya ictimaiyyətinə  çatdırdı. Onun 1998-ci il  26 mart tarixli  fərmanında  bütün bəşəriyyətə qarşı qanlı cinayət kimi  tarixə düşən  bu faciə  geniş   əksini tapdı, öz hüquqi-siyası qiymətini aldı. O vaxtdan  31  mart Azərbaycanlıların Soyqırımı Günü  kimi  dövlət səviyyəsində qeyd olunur.

Zəfər Əliyev, 

Lerik rayon, Bradi kənd klubunun müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü