“Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin qanlı səhifələrindən biridir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev söyləyib.
S.Hacıyev qeyd edib ki, bu soyqırım aktının nəticəsi olaraq yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib: “Yalnız milli mənsubiyyətə görə dinc azərbaycanlıları qırmaq erməni şovinizminin çoxəsrlik amalı və planı olub. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Tarix boyu erməni qəddarlığının xüsusiyyəti ondan ibarət olub ki, onlar sadəcə dinc əhalini qırmaqla kifayətlənməyib, şəhərləri, kəndləri yandırıblar. Mədəniyyət və sivilizasiya düşməni olan bu vəhşilər milli mədəniyyət abidələrini də yerlə-yeksan ediblər. Soyqırımı aktının nəticəsi olaraq 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran və Muğanda otuz mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə öz dədə-baba yurdundan zorla qovulub. Bakıda on minə yaxın azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Ümumiyyətlə, bu soyqırımı çərçivəsində dinc əhaliyə qarşı yaş və cins kateqoriyasına məhəl qoymadan qətliam həyata keçirilib.”
Milli Məclisin deputatı vurğulayıb ki, 1919-1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşəsində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir. Xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iş aparılır.
Partiya sədri bildirib ki, yüz ildən artıqdir ki, biz martın son günlərini dərin ürək ağrıları ilə yaşayırdıq. Bu il isə mart soyqırımını xatırlamaqla yanaşı, qəddar düşmən üzərindəki şanlı qələbəmizin sevincini də yaşayırıq. Çünki biz 31 Mart Soyqırımını törədən nəslin davamçıları üzərində tarixi Qələbə qazandıq. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi. Ordumuz güclü təşkilatlanmış düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Yaqut Ağaşahqızı, "İki sahil"
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib