Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Ümumiyyətlə, ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
1918-ci ilin martında erməni quldurlarının törətdikləri faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə hüquqi - siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuşdur.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba Soyqırımı Məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Təcrübə göstərir ki, o ölkələrdə ki, xaos, qeyri-sabitlik hökm sürür, silahlı münaqişələr baş verir, orada qadın və uşaqlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmişdir. Bu gün də rəsmi qeydə alınan 267 itkin vardır, 98 əsir və girov qadın isə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. II Qarabağ müharibəsindən sonra işğaldan azad olunan torpaqlarımızda kütləvi şəkildə qadın və uşaqların zəncirlə bağlanaraq işgəncə ilə yandırıldığını sübut edən sümük qalıqları tapılmışdır. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranmışdır. Heç bir halda mülki əhaliyə ziyan dəyməmişdir. Ermənistan isə döyüş meydanından uzaq məsafədən yerləşən şəhər və rayonlarımızda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum etmişdir. Bu, barbarlıq və vandalizmdir. Nəticədə 12 azyaşlı və 27 qadın olmaqla 100-ə yaxın günahsız vətəndaşımız qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cı il Cenevrə Konvensiyalarının və ona 1 saylı Əlavənin, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğul olub. İşğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Kəlbəcər rayonu işğal olunduqdan sonra Tarix-Diyarşunaslıq Muzeyinin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş əşyalar, ötən əsrlərdə toxunmuş xalçalar talan edilərək Ermənistana daşınmışdır.
Bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırım kimi beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri çox diqqətəlayiqdir. Milli Məclisin rəhbəriliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlamışdır. Lakin biz yenə də ikili standartları görürük. Mən neçə illərdir ki, uşaq və qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm. Qoşulduğumuz Konvensiyalara uyğun olaraq həm uşaq hüquqları, həm də qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi ilə bağlı ölkə üzrə dövrü hesabatlar vermişik. Hər dəfə də Ermənistanın apardığı işğalçılıq siyasətini qabartmışıq. Lakin həmişə olduğu kimi, beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir.
Ermənilər tərəfindən törədilən 31 Mart azərbaycanlıların soyqırımından 103 il ötür. Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində erməni terrorçularının layiqli cavabını verdi.
Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq və tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən şanlı səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun, soyqırımını əks etdirən açıq muzeylər, abidələr yaradılmalıdır.
Bir çox hallarda istər ayrı-ayrı dövlətlər olsun, istəsə də insanlar məsələnin mahiyyətinə, onun tarixi əsaslarına varmır, sadəcə davamlı eşitdikləri və oxuduqları məlumatları əsas götürürlər. Buna görə də bizim qarşımızda dayanan əsas məsələ bu sahədə təbliğat işlərinin daha gücləndirilməsi və dayanıqlı olmasıdır. Bunun üçün ilk növbədə müxtəlif ölkələrin diplomatlarının, mədəniyyət və elm xadimlərinin, o cümlədən Azərbaycanda keçirilən forum və konfranslarda iştirak edən nümayəndələrin işğaldan azad olunmuş ərazilərimizə səfərlərini təşkil etməliyik, onlar erməni vəhşiliyinə öz münasibətlərini bildirməlidirlər. Azərbaycan diasporu öz fəaliyyətini daha da gücləndirməli, özündə həmin ölkələrin tanınmış elm, mədəniyyət, ictimai, siyasi xadimlərini birləşdirən ittifaqlar yaradılmalıdır. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, erməni lobbisinin güclü olduğu ölkələrdə diplomatlarımızın sayı artırılmalıdır, informasiya və lobbiçilik sahəsində işlərimizi daha da gücləndirməli, bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və siyasi sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib