Azərbaycanlıların Soyqırımı -103
Müasir dövr informasiya mübarizəsi dövrüdür. Tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğat daha inandırıcı, təsir imkanları geniş olur. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu öndər Heydər Əliyev bu cağırışı edirdi ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu.
Tarixi faktlar təsdiqləyir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır. Tarixə nəzər salaq. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Tarixi faktlar təsdiqləyir ki, ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Amma baş verən olayların təşkilatçıları məsələnin mahiyyətinin açılmaması üçün ciddi səylər göstəriblər.
Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. Ermənilərin torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına səbəb olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilməkdiklərini etdi, ədalət bərpa edildi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.
Nəzərə alaq ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatmanı ona görə edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər bu qərar və qətnamələrə məhəl qoymurdu, «evin ərköyun uşağı» kimi istədikləri zaman danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da qatılmırdı. 44 günlük Vətən müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslanırdı. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu.
Bu reallıq da məlumdur ki, ermənilər illərdir xarici himayədarlarının dəstəyindən bəhrələnərək beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar. ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsi də bu təbliğatın nəticəsi idi. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi. Hər zaman qeyd etdiyimiz kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayır. Dövlətimizin başçısı hər zaman bəyan edirdi ki, səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz.
1992-ci il fervralın 26-na keçən gecə yaşanan Xocalı faciəsi təbii ki, ermənilərin əvvəlki cinayətlərinin cəzasızlığından yaranan soyqırımıdır. Bu gün Azərbaycan dövləti bütün səylərini bu faciənin soyqırımı kimi tanıdılmasına yönəldib. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. 44 günlük Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildi, dünya yenə də seyrçi mövqeyindən əl çəkmədi. Bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.
Cənab İlham Əliyev çıxışlarında, həmçinin bu çağırışı da edirdi ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»
Faktlar dil açdıqca ermənilər daha aciz görünürlər. Son illərdə aparılan araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktların və sənədlərin toplandığını vurğulayan cənab İlham Əliyev Quba şəhərində aşkar olunmuş kütləvi məzarlığı önə çəkərək bildirir ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir. Məhz bu faktların, sənədlərin daha çoxluq təşkil etməsinə inamdan irəli gələrək ölkə Prezidenti İlham Əliyev bildirir ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı alimlərimiz, mütəxəssislərimiz gərək dolğun məlumat versinlər. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik: «Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.»
Dünyaya səs salan Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları mənfur düşmənin əsl simasının təqdimatında mühüm rol oynayır. Tarixi və dini abidələrimizi yerlə-yeksan edib tariximizi silmək niyyətini ortaya qoyan ermənilər artıq həqiqətlərin qarşısında aciz duruma düşdüklərinin fərqindədirlər. 103 illik tarix ermənilərin əsl simasının aydın mənzərəsini yaradır. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları tarixə XX əsrin dəhşətli faciəsi kimi daxil olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 44 günlük müharibə dövründə döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində aparılan mübarizənin davamı oldu. Bu gün ermənilər yenə də yalanları ilə beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, Azərbaycanın artan nüfuzuna və möhkəmlənən mövqeyinə kölgə salmağa cəhdlər etsələr də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi bunu mümkünsüz edir. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Vətən müharibəsi Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya təqdim etdi.
Yeganə Əliyeva, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib