KÖŞƏ

Zahid Rza

Azərbaycan Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı suallara cavab istəyir

13 aprel 2021 22:21
1355

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı 30 il ərzində möhkəmləndirilən müdafiə xətləri yarılan, hərbi ehtiyatları məhv edilən, döyüş meydanında rüsvayçı məğlubiyyətlərə uğrayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi insanlıq əleyhinə cinayətlər törədərək döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Bakıda Hərbi Qənimətlər Parkının giriş hissəsində yerləşdirilib. Dünya hərb tarixində bənzəri olmayan 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Burada Şuşaya atılmış “İsgəndər M” raketinin qalıqları da var.

Prezident İlham Əliyev istər aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı, istərsə də ADA Universitetində keçirilən konfransda 44 günlük müharibədə işğaldan azad edilən Şuşada “İsgəndər-M” operativ taktiki raket komplekslərinin qalıqlarının tapılmasını xüsusilə qeyd edib. Birmənalı olaraq demək olar ki, Rusiya istehsalı olan “İsgəndər-M” raketinin Şuşaya atılması Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi cinayət əməlidir.

Əslində II Qarabağ müharibəsi zamanı “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am” portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sarkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İsgəndər”dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?”.

O zaman Rusiyanın Müdafiə Nazirliyi N.Paşinyanın siyasi böhrana səbəb olan iddialarını rədd edərək Qarabağ müharibəsində “İsgəndər” ballistik raketlərindən istifadə edilmədiyini bildirmişdi. Bu qurum hətta Ermənistanın baş nazirini məlumatsızlıqda ittiham etmişdi: “Görünür, baş nazir cənab Paşinyan yanıldılıb və beləliklə, səhv məlumatlardan istifadə edib”.

Təbii ki, bütün bu açıqlamalar, “təkziblər”, qarşılıqlı ittihamlar nə 44 günlük müharibədə Azərbaycana qadağan olunmuş silahlardan istifadə edən təcavüzkar Ermənistanı, nə də onun havadarlarını, xüsusilə “İsgəndər-M”in istehsalçısı və satıcısı olan Rusiyanı məsuliyyətdən azad etmir. İndi Azərbaycan 44 günlük müharibədə Şuşaya atılan Rusiya istehsallı kütləvi qırğın silahı olan “İsgəndər-M” raketləri ilə bağlı suallara cavab istəyir. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bu sualı bir daha səsləndirib: “Bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.