16 aprel 2021 15:29
969

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinə hazırlaşır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Capital" MMC təmsil etdiyi şirkətin istiqrazları üzrə növbəti faiz ödənişinə hazırlaşır.

"İki sahil" bu barədə "SOCAR Capital"a istinadən xəbər verir.

Məlumata görə, ödəniş aprelin 19-da həyata keçiriləcək. Nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan SOCAR İstiqrazlarının sahiblərinə 1,25 milyon dollar rüblük faiz ödəniləcək.

4 ildən artıqdır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin ikinci, ümumilikdə isə, 18-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi gəliri 22,5 milyon dollara yüksələcək. Yekun gəlir isə 25 milyon dollar olmalıdır.

İstiqrazlartın təkrar bazar əməliyyatlarının dəyərinin 200 milyon dollara çatması, bağlanmış əqd sayının 2 400–ü ötməsi və "Bakı Fond Birjası" QSC-də ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi bu növ qiymətli kağızlara olan yüksək tələbatın göstəricilərindəndir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2021-ci ilin ilk rübündə ölkənin korporativ istiqraz bazarındakı payı 62% təşkil edib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi bu il iyulun 17-də baş tutacaq.

*1999 çağrı nömrəsi daim investorların xidmətindədir.