KÖŞƏ

Günel Eyyubova

Ermənistan çıxılmazlıq sindromunda...

16 aprel 2021 21:56
1044

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalandı.  Qeyd edilən tarixdən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Vətən müharibəsinin gedişi dövründə bir neçə ermənipərəst dövlətlər və Ermənistanın siyasi və hərbi rəhbərliyi iddia edirdilər ki, Azərbaycanın Türkiyənin qismində güclü xarici dəstəyi var. Lakin Azərbaycan sübut etdi ki, istər masada, istərsə də savaş meydanında özünə güvənir.

Labüd məğlubiyyətlərini görən Ermənistanı sözsüz ki,Türkiyə-Azərbaycan qardaşlığı narahat etməyə bilməzdi. Bu dostluq onları nəinki narahat, hətta qorxudurdu və indi də qorxudur. İkinci Qarabağ müharibəsi dövründə erməni hərbçiləri tərəfindən çəkilən videolarda da görünürdü ki, sahibləri gəlir deyə 30 ildir işğal altında saxladıqları torpaqlardan silahlarını ataraq qaçan haylar “türklər gəlir, qaçın” deyib, necə həşir salmışdılar.

Ermənistan kapitulyasiyadan “qaçmaq” üçün çox çalışdı. Xatırlayırsınızsa, baş nazir Nikol Paşinyan dəfələrlə Rusiya Prezidentindən dəstək də  istədi. Paşinyan bir tərəfdən sosial şəbəkədə canlı yayım açaraq “ordusunun” uğurlu əməliyyatlar keçirdiyini deyir, digər yandan isə Türkiyənin Azərbaycana dəstək verdiyini, bölgədə silah balansının Azərbaycanın xeyrinə pozulduğunu, söyləyərək beynəlxalq aləmi Türkiyəni qınamağa, ona qarşı sanksiya tətbiq etməyə çağırırdı. Təbii ki, Ermənistan hakimiyyəti və erməni toplumu tərəfindən qoparılan mərəkə və təxribat kampaniyaları gözlənilən idi. Çünki tarix boyu ermənilərin bizə və Türkiyəyə qarşı qarayaxmalarını, yalan iddialarını çox görmüşük.  Bu günə qədər tarixi abidələr, tarixi şəxsiyyətlər, coğrafi adlar, dini əsərlər, mədəni irs, sülalələr, numizmatika, kulinariya - bütün sahələrdə erməni saxtakarlığının şahidi olmuşuq. Elə indi də oluruq...

Bir müddət əvvəl erməni saytları Ermənistan prezidentinin belə bir fikrini paylaşmışdı. Prezident A.Sarkisyan 30 illik diplomatik təcrübəsinə dayanaraq qənaətə gəlib ki, baş verən hadisələr başqa ssenari üzrə də inkişaf etdirilə bilərdi. Hətta sözügedən “diplomat” fikrini belə əsaslandırır ki, Azərbaycan həmişə müharibədən bəhs edirdi. Ona görə də Ermənistan Qarabağın müdafiə qabiliyyətini gücləndirmək, daha müasir hərbi infrastruktur yaratmaq və eyni zamanda Qarabağı iqtisadi cəhətdən daha səmərəli hala gətirmək üçün vaxtında müəyyən addımlar atmalı idi. Bunların məntiqinə baxın bir tərəfdən deyirlər ki, biz əvvəldən münaqişənin həllinə və elə postmüharibə dövründə də bütün atılan addımlara konstruktiv yanaşırıq. Digər tərəfdən də vurğulayırlar ki, gərək Ermənistan ordusunu və təmas xəttini gücləndirəydik.

Baş nazir N. Paşinyan aprelin 14-də Ermənistan parlamentində çıxışı zamanı ölkəsi üçün ağrılı olan bir neçə məsələyə toxunub. O, İkinci Qarabağ müharibəsinin bəzi detallarına dair öz fikirlərini səsləndirib və adəti üzrə yenə də danışıqlar prosesinin pozulmasında əvvəlki hakimiyyəti günahlandırıb. Bundan başqa, Paşinyan sözügedən çıxışında parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprel ayının son 10 günü ərzində vəzifəsindən istefa verəcəyini də bildirib. “ “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”, - deyə N.Paşinyan “hökumət saatı”nda bildirib.

Göründüyü kimi, Ermənistanda bütün siyasi qüvvələr məğlubiyyətin günahkarını axtarır, tərəflər məsuliyyəti bir-birinin boynuna atır, hamı hamını satqınlıqda ittiham edir. Hətta ideoloji baxımdan bir birinə yaxın olan Ter-Petrosyanla Paşinyan belə bir-birinə qarşılıqlı ittihamlar səsləndirirlər. Bütün bu xaos və qarışıqlıq Ermənistanın məğlubiyyətinin miqyasını göstərir. Müharibədəki məğlubiyyətin Ermənistanda yaratdığı siyasi qarşıdurma davam etməkdədir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?