20 aprel 2021 17:52
2320

Rzaqulu Əbdülqasım oğlu Ağasıyev

Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, uzun illər Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru vəzifəsində çalışmış, kimya elmləri namizədi Rzaqulu Əbdülqasım oğlu Ağasıyev ömrünün 92-ci ilində vəfat etmişdir.

Rzaqulu Ağasıyev Azərbaycan Sənaye İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra əmək fəaliyyətinə neft emalı zavodunda operator köməkçisi vəzifəsindən başlamış və böyük uğurlar qazanmışdır. Mənalı və şərəfli həyat yolu keçən R. Ağasıyev 1960-cı ildə Azərbaycanın ən iri kimya müəssisəsi kimi yaradılan Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi altında çox mürəkkəb qurğular tikilmiş, ölkənin neft-kimya sənayesi üçün xüsusi əhəmiyyət daşıyan EP-60 kompleksi inşa edilmiş və istismara verilmişdir. Elmi işə marağı R. Ağasıyevi 1969-cı ildə Azərbaycan Elmlər Akademiyasına gətirmiş, burada sektor müdirliyindən Aşqarlar Kimyası İnstitutunun direktor müavini vəzifəsinədək yüksəlmişdir.  R.Ağasıyev 25 il müddətində Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru olaraq, məhsuldar fəaliyyət göstərmiş, sənayenin bu mühüm sahəsi üçün aktuallıq kəsb edən bir sıra problemli məsələlərin həlli istiqamətində dəyərli nəticələr əldə etmişdir.

Ömrünü neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi işinə həsr etmiş Rzaqulu Ağasıyev yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqının müttəfiq respublikalarında nüfuzlu kimyaçı-alim, güclü mütəxəssis kimi tanınmış, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və başqa  şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsində və istismarı proseslərində yaxından iştirak etmişdir.

R.Ağasıyevin səmərəli fəaliyyəti daim diqqət mərkəzində olmuş, yorulmaz əməyi yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikasının “Əməkdar səmərələşdiricisi” fəxri nişanına, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Öz ixtisasının kamil bilicisi, zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Rzaqulu Ağasıyevin əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır. 

ALLAH rəhmət eləsin!

Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Süleyman Qasımov, Elşad Nəsirov, David Məmmədov, Mikayıl İsmayılov, Bədəl Bədəlov, Xalik Məmmədov, Rəfiqə Hüseynzadə, Tofiq Qəhrəmanov, Bəhram Hüseynov, Yaşar Lətifov, Daşqın İsgəndərov, Fəxrəddin İsmayılov, Cahangir Əliyev.