KÖŞƏ

Cavid Əkbərov

Revanşizm xülyası Ermənistana növbəti dəmir yumruq vəd edir

30 aprel 2021 00:59
2691

Bildiyimiz kimi, aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Səfər çərçivəsində Prezident İlham Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşü zamanı çıxışında bildirib ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər: “Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi.”

Dövlətimizin başçısı deyib ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır: “Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq...”

44 günlük Vətən müharibəsindən sonra Ermənistan şok vəziyyətinə düşüb. İşğalçı ölkənin hakimiyyəti, müxalifəti və cəmiyyəti sözün həqiqi mənasında çaşqınlıq içindədir. Bu ölkədə ən çox şoka düşənlər isə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlardır. Bunların önündə “Daşnaksütyun” partiyası, erməni kilsəsi, xaricdəki erməni lobbisi və diaspor təşkilatları gedir. Onlar hər zaman Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə çox radikal mövqedən çıxış ediblər. Onlar, həmçinin bunu erməni ictimaiyyətindən də tələb etməklə bir növ cəmiyyəti bu radikalizmə məcbur ediblər. Lakin Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, Ermənistanın başına dəyən dəmir yumruq bu ölkənin planlarını, siyasətini, hərbi-sənaye kompleksini və iqtisadiyyatını darmadağın etdi.

Azərbaycan Qarabağın işğaldan azad edilməsi məsələsini silah gücü ilə həll etdi, torpaqlarımızı düşməndən geri qaytardı. İndi Ermənistan daxilində olan radikal qruplar yenidən revanşist çıxışlar edirlər və erməni xalqını intiqama kökləməyə cəhd göstərirlər. Ermənistandakı radikal qruplaşmalar bu yolla Azərbaycandan qisas almaq istəyirlər.

Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Bu o deməkdir ki, erməni radikalları, faşistləri nəinki bir şəhərimizi, kəndimizi, hətta bir metr ərazimizi belə silah gücünə işğal etmək niyyətinə düşsələr, bu dəfə dəmir yumruq onları birdəfəlik məhv edəcək. Çünki Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biri olduğunu 44 günlük müharibədə sübut etdi.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Qələbə paradında Zəngəzurun, İrəvanın, Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bir daha bəyan etməklə ermənilərin kim olduqlarını, haradan gəldiklərini xatırlatdı. Heç şübhəsiz ki, Ermənistandakı revanşist, qisasçı, faşist qrupların çağırışları populizm və boşboğazlıqdır. Bu, Ermənistan cəmiyyəti və bütün bölgə üçün təhlükəlidir. Revanşistlərin bu cür separatçı çağırışları Ermənistanın dövlət kimi sonunu yaxınlaşdıra və bütövlükdə, bu ölkənin yer üzündən silinməsi ilə nəticələnə bilər. Revanşist qüvvələr erməni xalqının mövcud vəziyyətini düşünməli və öz populist çıxışları ilə onları qisas ruhunda kökləməyi dayandırmalıdırlar. Eyni zamanda, onlar Ermənistanın məğlubiyyəti ilə barışmalıdırlar. Birdəfəlik dərk etməlidirlər ki, faşizmə, radikalizmə həm bizim bölgədə, həm də dünyada yer yoxdur.