Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentinin 10 illik fəaliyyəti ilə bağlı 32 QHT nümayəndəsi ilə onlayn görüş keçirilib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, iştirakçıları salamlayan SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin insan resurslarının idarə edilməsi sahəsində 10 il ərzində aparılmış islahatlardan bəhs edib.
O bildirib ki, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu hədəflərə uyğun olaraq, SOCAR böyük inkişaf yolu keçib, apstrim fokuslu milli neft şirkətindən tam inteqrasiya olunmuş neft və qaz şirkətinə çevrilmiş, beynəlxalq enerji şirkətləri sırasında özünə layiqli yer tutub. Biz 10 il əvvəl aparıcı neft şirkətlərinin təcrübəsinə əsaslanaraq, İnsan Resursları Departamentini yaratdıq və dünyanın aparıcı universitlərində bu sahədə yüksək səviyyəli müasir təhsil almış, tərəfdaş transmilli şirkətlərdə təcrübə keçmiş gənc milli kadrlarla komplektləşdirdik. İlkin olaraq, vakansiyaların idarə olunması, yeni işçilərin axtarılması, seçilməsi, işə qəbulu prosesləri mərkəzləşdirildi. SOCAR dövlət şirkəti və ölkənin ən böyük işəgötürənlərdən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar vətəndaş cəmiyyətinin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin müzəffər siyasi kursunu rəhbər tutaraq dövlət qurumlarının vətəndaş cəmiyyəti qarşısında hesabatlı olması prinsipi bizim sizinlə qarşılıqlı münasibətlərimizin əsasını təşkil edir və şəffaflığa xidmət edir.”