KÖŞƏ

Zahid Rza

Əli Kərimliyə və satqın “bloqqer” sürüsünə əqrəbləri tutuşdurmaq əmrini kim verib?

21 iyun 2021 23:58
1381

Son vaxtlar  anti-Azərbaycan dairələr yenidən fəallaşıblar. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün ölkəmizdəki müxalifət, QHT adı ilə fəailiyyət göstərən bəzi antimilli qruplardan fəal şəkildə istifadə etməyə çalışırlar. Məsələn, keçən ilin iyul ayında Tovuz istiqamətində baş verən hadisələrlə bağlı  Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələr qəbul edən bəzi qurumların ölkəmizin əleyhinə canfəşanlıq etmələri bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, erməni terrorçularını hərbi əsir adlandıranlar onların təcili azad edilmələrini tələb etdikləri halda minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bir kəlmə olsun belə demirlər. Halbuki, Ermənistanın bu hərəkəti, xüsusilə hərbi təyinatı olmayan ərazilərə  belə minalar yerləşdirməsi beynəlxalq hüququn norma və prinsiplərinə görə hərbi cinayət hesab olunur.

44 günlük müharibə bitəndən bugünə qədər Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Təcavüzkar ölkə isə bundan israrla imtina edir, hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Nəticədə müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.

İyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunun  Susuzluq kəndində mina partlayışı nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun və yerli icra nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, dörd nəfərin isə yaralanması Ermənistanın terrorçu dövlət olmasını bir daha bütün dünyaya nümayiş etdirdi. Niyə məlum dairələr təcavüzkar Ermənistanı Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə ittiham etmədilər, sanksiya tətbiqi ilə hədələmədilər, təzyiq göstərmədilər?

Belə olan halda haqlı sual meydana çıxır: Görəsən, ölkəmizə qarşı bu qədər qərəzli, məkrli olan bu qüvvələri narahat edən, onların içini göynədən nədir? Təbii ki, Azərbaycanın uğurları, 44 günlük müharibədə tarixi  Qələbəsi ilə öz ərazi bütövlüyünü təmin etməsi, NATO- da ikinci hərbi gücə malik, dünyanın 17-ci iqtisadiyyatına, bütün Şərqdə güclü nəzarətə sahib olan, hətta neoimperialistlər tərəfindən yaradılan süni əngəllərə rəğmən gündən-günə böyüyən qardaş Türkiyə ilə “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan tarixi Şuşa Bəyannaməsini-Müttəfiqlik sənədini imzalaması türkfobiya, islamofobiya xəsətəliyinə tutulmuş həmin qüvvələrin yuxusunu ərşə çəkir, özündən çıxarır, necə deyərlər, xroniki streslərinə səbəb olur.

  Həmin anti-Azərbaycan qüvvələrin ölkəmizdəki dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP, Müsavat Partiyası, “Milli Şura” və onlara yaxınlığı ilə tanınanlarla işbirliyinə girərək çirkli qrantlar və vədlər hesabına öz çirkin niyyətlərini həyata keçirmək üçün ən iyrənc üsullara əl atdıqları açıq-aşkar ortadadır. Özünü azərbaycanlı adlandıran, “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşmış Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı, Qabil Məmmədov, Fəhmin Hacıyev kimi xəyanət simvoluna çevirlən antimilli ünsürlər-dezinfarmotorlar sosial şəbəkələr, “YouTube” vasitəsilə Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası apararaq ölkəmizin uğurlarına kölgə salmağa çalışır,  ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmaq, ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Təbii ki, bütün bunlar bu xəyanətkar, satqın, mənəviyyatsız başıpozuq “blogerlər” sürüsünün Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktını bir daha aydın şəkildə göstərməkdədir. Bu satqın zümrənin, dağıdıcı müxalifətin və onların orbitindəki, “bozbaş ekspertlər”in sinxron işbirliyi də həmin anti-Azərbaycan dairələrin “əqrəbləri tutuşdurun!” komandası ilə birbaşa bağlıdır.

Şübhəsiz, tarixi Qələbəmizi, Şuşa Bəyannaməsini, bütün uğurlarımızı hədəf alaraq xarici kəşfiyyat orqanlarının qrantları müqabilində yalan tirajlayan bu satılmışların, AXCP sədri, Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqubli ilə işbirliyinə girərək ölkəmizə və xaqlımıza qarşı yönəlmiş bütün fəaliyyətləri, cılız səyləri əvvəllər olduğu kimi, yenə də nəticəsiz qalacaqdır. Çünki xalqımız kimin kim olduğunu, hansı mənbədən qidalandığını, kimin əlinin kimin cibində olduğunu yaxşı bilir. İnsanlarımız dövləti, milləti, bütövlükdə milli maraqları satan xəyanətkarları, öz şəxsi ambisiyalarının əsirinə çevrilənləri  çox yaxşı tanıyır. Çünki onların özlərinin dedikləri kimi, axı indi “internet əsridir”, nələrisə gizlətmək, həqiqətləri ört-basdır etmək mümkün deyil...