KÖŞƏ

Zahid Rza

“Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil

23 iyun 2021 01:13
1541

Ermənistanda iyunun 20-də keçirilən növbədənkənar seçkinin rəsmi nəticələrinə görə Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə 53,92 faiz, Robert Koçaryanın “Ermənistan” bloku 21,04 faiz, Serj Sarkisyanın və Artur Vanetsyanın “Şərəfim var” bloku isə 5,23 faiz səs toplayıb. Seçkilərdə N.Paşinyanın qələbə qazanması göstərir ki, artıq erməni seçicilər müharibədə məğlub olduqdan sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda göstərilən həll şərtlərini qəbul etməkdən başqa çarələrinin olmadığını başa düşürlər.

Əslində Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir. Ekspertlərin qeyd etdiyi kimi, 20 iyun seçkisinin nəticələrini tək Ermənistandaxili və Qərbyönümlü qüvvələr yox, həm də Azərbaycanın son 18 ildə apardığı kurs müəyyən etdi. Dövlətimizin başçısı müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən yüksək nüfuza malik ölkəyə çevrilib. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirdi.

Ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa və R.Koçaryan-S.Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi. Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Prezidentimiz R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi.  Buradaca ölkəmizin başçısının “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” sözlərini bir daha xatırlatmaq yerinə düşərdi. 20 iyun seçkiləri bir daha göstərdi ki, artıq Ermənistanda xalqıın böyük əksəriyyəti revanşistlərə “yox” deyir.  Onlar artıq Qarabağın Azərbaycan ərazisi olması həqiqəti ilə barışıblar. Həmçinin Azərbaycanla müharibə istəmirlər. Ona görə də, onlar bu seçkidə “Qarabağ klanına” “yox” dedilər.

Seçkilərin nəticələri həmçinin göstərdi ki, erməni xalqı revanşist meyillərə yox deyir, o məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. 2016-cı ilin aprelində Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldu, 2020-ci il müharibəsindəki məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur.

Şübhəsiz, seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir. N.Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diqtəsi ilə hərəkət etdiyi sirr deyil.

Nəhayət, qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, bu ölkə də artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Bunun üçün Ermənistan ilk növbədə  10 noyabr üçtərəfli birgə Bəyanatının müddəalarını yerinə yetirməlidir.

Zahid Rza, “İki sahil”