KÖŞƏ

Zahid Rza

Muzdlu nökərlərin mənəvi-əxlaqi deqredasiyası

25 iyun 2021 22:29
1628

Xəyanətkar, “siyasi mühacir” donuna bürünən “bloqqerlər” sürüsünün  sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etməsi cəmiyyətimizdə ciddi narazılıq və etirazla qarşılanır 

Müxalifətin radikal qanadındakı partiyaların saxta sənədləri ilə ayrı-ayrı xarici ölkələrdə məskunlaşan  məlum satqın “bloqqerlər” dəstəsinin şübhəli erməni təəssübkeşliyini gizlədə bilməyərək tamamilə açıq, cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirmələri xəyanətkarlığın, mənəvi-əxlaqi deqredasiyanın, əxlaqsızlıq və həyasızlığın pik nöqtəsidir. Son vaxtlar bu başıpozuq dəstənin üzvlərindən olan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Vidadi İsgəndərli Qənimət Zahid, Sevinc Osmanqızı, Qabil Məmmədov, Emin Hüseynov ermənipərəst dairələrdən aldıqları qrantlarla  sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları qarayaxma kampaniyasının sərhədlərini daha da genişləndiriblər. Xarici fondlardan və anti-Azərbaycan qüvvələrdən maliyyə yardımı alan və cəmiyyətdə gərgin ab-hava yaratmağa cəhd edənlərin fəaliyyəti getdikcə intensivləşir. Bu parazitlər  davamlı olaraq şübhəli erməni təəssübkeşliyi ilə dövlətimizi, xalqımızı aşağılamaq kimi antimili mövqeyi nümayiş etdirirlər.

“Siyasi mühacir” donuna bürünən, əslində isə dağıdıcı müxalifətin lokomotivləri olan AXCP-nin və Müsavat Partiyasının üzvləri kimi çıxış edən bu marginalların əsas məqsədi ölkəmizdə sabitliyin pozulması, xaos, anarxiya və qarşıdurma yaranmasıdır. Xalqımızın və dövlətimizin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən bu antimilli ünsürlər sosial şəbəkələrdən həm də mənəvi terror vasitəsi kimi istifadə edirlər. Bütün mənəvi-əxlaqi dəyərələri ayaqlar altına atan bu avantüristlər  dövlətimizə, onun atributlarına  qarşı təhqiramiz ifadələr səsləndirir, dağıdıcı çağırışlar edirlər. Radikal təfəkkürə malik olan bu ünsürlərin  sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri cəmiyyətimizdə ciddi narazılıq və etirazla qarşılanır.  

Azərbaycanın əleyhdarlarının maddi və mənəvi dəstəyindən bəhrələnərək ölkəmizin uğurlarına kölgə salmağa çalışan AXCP, Müsavat Partiyası liderləri ilə eyni şər və böhtan kampaniyasını bölüşən Məhəmməd Mirzəli, Arif Məmmədov, Leyla Yunus, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri artıq ifşa olunmaqdadırlar. Bu dağıdıcı xislətli ünsürlərin Azərbaycanda gedən pozitiv işlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri, sosial şəbəkələrdəki şər və böhtanlar səsləndirmələri onların başqaları  tərəfindən idarə olunduğunu bir daha sübuta yetirir. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalqımız yaxşı tanıyır, onların kimlərə, hansı məkrli məqsədlərə  xidmət etdiklərini də yaxşı bilir. Məhz bu reallıqdan çıxış edən ictimaiyyətimiz dağıdıcı müxalifət funksionerlərinin, eyni zamanda, xaricdəki “söyüş müxalifəti”nin  qanunvericilik  çərçivəsində cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir. 

Anti-Azərbaycan dairələrlə və erməni lobbisinin təsiri altında olan təşkilatlarla təkzibedilməz işbirliyində olan bu xəyanətkarların iç üzü, həqiqi mahiyyəti də getdikcə daha çox üzə çıxır. Əslində bu muzdlu nökərlərin, zombiləşmiş dəstənin ölkəmizə qarşı ermənilərlə birgə fəaliyyət göstərdiklərini, erməni lobbisinə yaxınlığı ilə seçilən fondlar tərəfindən maliyyələşdirildiklərini  ictimaiyyətimiz çoxdan bilir. Belə ki,  bir müddət əvvəl aparılan araşdırmalardan bəlli olmuşdu ki, sosial şəbəkələrdə Azərbaycan əleyhinə təbliğat aparan həmin antimilli ünsürlərə 2016-cı ilin martın 15-dən 2019-cu ilin martın 12-dək  Fransa, Belçika, Almaniya, Britaniya və ABŞ-dakı 29 təşkilatın hesablarından toplam olaraq 3986352 dollar ayrılıb.Vəsaitin izini itirmək üçün fərqli təşkilatlardan çeşidli “layihələr”ə qrantlar və maliyyə dəstəyi ödənilib.  Bundan başqa xaricdə anti-Azərbaycan kampaniyası aparanların sosial şəbəkələrdəki səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır. Həmin kanal və səhifələri idarə edənlər isə əslən azərbaycanlı olan mühacirlərdir. Bu qədər böyük məbləği yalnız aylıq reklama xərclənməsi artıq bu prosesin arxasında xüsusi qüvvələrin olduğunu söyləməyə əsas verir.

Bütün bunlar bir daha dağıdıcı ünsürlərin, inkarçıların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir. Bu xəyanətkar “bloqqerlər”in hətta tarixi Zəfərimizə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmaq cəhdləri bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərmiş oldu.