KÖŞƏ

Zahid Rza

Anti-Azərbaycan dairələrdən alınan sifariş

29 iyun 2021 23:16
1330

Son vaxtlar məlum dağıdıcı düşərgədə baş verənlər bir daha təsdiq edir ki, AXCP-nin və Müsavat Partiyasının antimilli mövqeyi ölkəmizin milli mənafeləri ilə tam ziddiyyət təşkil edir

Milli maraqlar hər bir dövlətin inkişaf prioritetləri ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasının 2007-ci ildə qəbul olunmuş Milli təhlükəsizlik konsepsiyasında müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması  milli-dövlət maraqlarımızın doqquz  istiqaməti arasında birinci sırada dayanır. Milli və ya dövlət maraqları isə ictimai maraqların fövqündə dayanır. Xalqına söykənərək, ona güvənərək ən çətin problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə uğurla həll edən Prezident İlham Əliyev bunu belə ifadə edir: “Müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz ləyaqətli yoldur. Azərbaycanın dünya miqyasında rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir”.

Bu baxımdan qətiyyətlə demək olar ki, bu gün ölkəmizdə fəaliyyət göstərən, müxtəlif proqramlara malik ayrı-ayrı siyasi partiyaların milli maraqlar və Qarabağ məsələsində mövqeləri tamamilə üst-üstə düşür. Çox təəssüf ki, antimilli  fəaliyyətləri ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşmış AXCP, Müsavat Partiyası və onların başbilənləri haqqında bunları demək mümkün deyil. Anti-Azərbaycan dairələrin buyruq qulları olan bu xəyanətkar zümrə təxminən 30 il müddətində ölkəmizin milli mənafelərini özlərinin korporativ maraqları naminə  qurban verməyə hazır olduqlarını dəfələrlə sübut ediblər. Çünki onların Azərbaycanın milli maraqları ilə heç bir bağlılığı yoxdur. Dağıdıcı müxalifət təmsilçiləri üçün milli maraqlar yox, öz şəxsi mənafe və ambisiyaları əsasdır. Şübhəsiz, bu marginalların mövqeyi ölkəmizi istəməyən düşmən qüvvələrin, anti-Azərbaycan dairələrin maraqları ilə tam olaraq üst-üstə düşür. Uzun illər məlum antimilli düşərgədə baş verənlər onu deməyə əsas verir ki, dağıdıcı müxalifətin maraqları Azərbaycanın milli mənafeləri ilə tam ziddiyyət təşkil edir.

Ən acınacaqlısı isə odur ki, bu antimili ünsürlər bu gün də həmin istiqamət üzrə öz çirkin, xəyanətkar fəaliyyətlərini davam etdirirlər. Bu günlərdə biz bir daha bunun şahidi olduq. Belə ki, 2021-ci il iyunun 15-də qardaş  Türkiyə ilə Azərbaycan arasında böyük tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi imzalandı. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya bu müqaviləni dəstəkləyən birgə bəyanat imzaladı. Xarici qüvvələrin əlində alətə çevrilən, daim ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən Müsavat Partiyasının sədri Arif Hacılı və AXCP-nin sədri Əli Kərimli öz şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq siyasi partiyaların birgə bəyanatına imza atmadılar. İmza atmaqdan imtina etmələri bir yana, üstəlik bu bəyanata qarşı həyasızcasına qara piar kampaniyası apardılar. İş o yerə çatdı ki, Müsavat Partiyasının sədr müavini Səxavət Soltanlı sosial şəbəkələrdə “Bir millət, iki dövlət söhbəti populizmdir” deməkdən belə çəkinmir. Bu nədir? Xəyanətkarlıq, siyasi korluq, xaricdəki Anti-Azərbaycan dairələrdən alınan sifariş, yoxsa mənəvi-əxlaqi deqradasiyanın pik nöqtəsi?!

Əslində bu cür antimilli fəaliyyətlərinə, Azərbaycanın düşmənləri ilə işbirliyində olduqlarına görə hələ uzun illər bundan əvvəl cəmiyyətimizin AXCP və Müsavat Partiyasının üzərindən birdəfəlik xətt çəkdiyini yaxşı bilirik. Hamımız  onu da yaxşı bilirik ki, milli maraqlarımıza zidd hərəkətlərinə görə  dəfələrlə ifşa olunan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların yanında düşmən yalı ilə yallananlar, xaricdə “siyasi mühacir” adı ilə məskunlaşan, manqurtlaşan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Fəhmin Hacıyev kimilərin Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası birmənalı olaraq iflasa uğrayacaq. Onların adı isə Azərbaycan tarixinə xəyanətkar kimi yazılacaq.