29 iyul 2021 20:55
903

Azərbaycan gələcəyə daha böyük inamla addımlayır

Yeni reallıqlar Azərbaycanla dost, qardaş ölkələrə bütün sahələrdə əməkdaşlığı gücləndirmək çağırışını edir 

Şuşa və Bakı Bəyannamələrinin ardınca daha neçə-neçə imzalanacaq sənədlər yeni reallıqlara uyğun olaraq diktə edən  Azərbaycanın regionda və dünyada mövqelərini möhkəmləndirəcək, haqlı tərəfin hər zaman qalib olduğunu təsdiqləyəcək

44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çaldığını nümayiş etdirdi. Halbuki işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər 30 ilə yaxın müddətdə imitasiya naminə danışıqları aparmaqla Azərbaycanın nə zamansa  işğalla barışacağını düşünürdülər. Vətən müharibəsi bu sərsəm düşüncələrə son qoydu. Dünyaya sübut edildi ki, beynəlxalq hüquq, ədalət deyilən məfhum var, sadəcə bugünədək maraqların arxasında əriyib.  Dünya  bir daha bu həqiqətin şahidi oldu ki, bu torpaqların əsl sahibi Azərbaycandır. Tarixi Qələbəmizdən ötən 8 aydan çox bir zamanda  qeyd olunan bayramlara, tarixi günlərə nəzər salsaq, onların hər birinin dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  işğaldan azad olunmuş ərazilərimizə səfəri ilə yadda qaldığını görərik. Şuşamız işğaldan azad olunduğu vaxtdan qonaqlarını qarşılayır, 28 ildə yaşadığı acını bölüşür. Bu gün ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə, toplantılarda iştirak edən nümayəndə heyətlərinin Qarabağımızın tacı Şuşamıza səfər etmək istəkləri və bunu reallaşdırmaları da  adi görünə bilməz. Butün bu addımlar Ermənistana və ona havadarlıq edən dövlətlərə  mesajlardır.

Bu gün dünya Şuşa Bəyannaməsinin ardınca Azərbaycan- Türkiyə- Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsindən bəhs edir. Üç dost ölkənin parlament sədrlərinin  ölkəmizdə  toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasındandır. Bakı Bəyannaməsinin imzalanmasından sonra nümayəndə heyətlərinin Şuşaya səfəri artıq geniş şərhə ehtiyac yaratmır. Qonaqlar işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. Türkiyə və Pakistan nümayəndə heyətlərinin buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında eşitdiklərini, bu gözəl  məkan öz gözləri ilə görməkdən qürurlandıqlarını bildirirlər. Bununla yanaşı,   Şuşada gördükləri  dağıntılardan  məyusluqlarını ifadə edirlər. Şuşanın tez bir zamanda öz əvvəlki həyatına qayıdacağı da böyük əminliklə qeyd olunur. Nümayəndə heyətləri  Cıdır düzündə də  olublar. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şuşadan bu mesajı ünvanladı ki, biz Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini Pakistanla üçtərəfli münasibətlərə çevirməyə qərar verdik. Türkiyənin hər zaman qardaş və dost ölkələrin yanında olduğunu bildirən Mustafa Şentop bildirdi ki, bunun ən gözəl təzahürü Şuşa Bəyannaməsidir.

Bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəddir. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları,  ədalətin, beynəlxalq hüququn  hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır. Hər bir ölkənin inkişafında qanunların rolunu nəzərə alsaq qanunvericilik bazasının təkmilləşdirilməsi mütləqdir. Məhz bu əməkdaşlıq təcrübə mübadiləsinin gücləndirilməsində, yeni təkmil qanunların qəbulunda əhəmiyyətli rol oynayacaq.  Həmçinin bu birlik dost ölkələrin milli maraqlarımızın  beynəlxalq səviyyədə  müdafiə olunmasında da öz sözünü deyəcək. Təbii ki, atılan hər bir addım Azərbaycanın Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost, qardaş ölkələrin dəstəyinin göstəricisidir. İşğalçı Ermənistan sərsəm düşüncələrindən, keçmişlə yaşamaqdan yaxa qurtarıb gələcəklə yaşamaq istəsəydi bu reallıqlarla barışar, xalqı üçün firavan həyat qurardı. Regionda sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etmək üçün Ermənistanın sülh razılaşmasına imza atması gərəkdir. 30 ilə yaxın dövrdə havadarlarının maraqlarının ifadəçisi olduğu üçün işğalçılıq siyasətini davam etdirməklə  bütün enerji layihələrindən kənarda qalan, iqtisadi böhran içərisində çabalayan Ermənistan görünür yenə də dəstəkçilərindən sülh razılaşması ilə bağlı  necə addım atmaq göstərişini gözləyir. “İşğal bu ölkəyə nə qazandırıb” sualının bir ifadə ilə cavabı Ermənistanı ciddi düşündürməlidir. 

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edən bir dövlətin hansı inkişafdan danışa biləcəyini sual etməklə yanaşı, bu siyasətin Ermənistanı uğursuz ölkəyə çevirdiyini də xüsusi vurğulayır. Siyasətində müstəqil olmayan bir dövlət təbii ki, daim başqa bir dövlətdən asılı olacaq.  Azərbaycan müstəqil siyasət həyata keçirən dövlətdir. Bu, hər sahədə atılan addımlardan aydın görünür. Dövlət maraqları hər şeydən öndə saxlanılır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında qurur. Azərbaycan  başqa ölkələrin əlində alət olmayıb, olmayacaq.  Bütün bu uğurları  müstəqil siyasət sayəsində əldə etmişik. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi ölkələrin xoşuna gəlmirdi. Ölkəmizə  olan təzyiqlərin səbəblərinin biri də məhz  müstəqil siyasət aparmağımız,  öz yolumuzla getməyimiz, heç kimin sözü ilə oturub-durmamağımız,  heç kimin qarşısında baş əyməməyimizdir.

Son 17 ildə Azərbaycanı diplomatik  uğurlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini  qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi.  Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi: «Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır.»

Bu gün Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi dövrünü yaşayır. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır.  Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək,  müstəqilliyin üstünlükləri göz qabağındadır.  Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq. Dövlətimizin başçısı hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik  atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin   “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində söylədiyi bu əminliyi  yada salmaq istərdik:   “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Əminik ki, o gün uzaqda deyil”.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, artıq o sevinci yaşayırıq. Qarabağa yeni nəfəs gəlir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hazırlanan bərpa planlarının uğurlu icrasını, şəhər, kənd və qəsəbələrimizin əvvəlkindən daha da yaxşı vəziyyətə  qayıtmasını təmin edəcək. «Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq» söyləyən dövlət başçısı bildirir ki, müharibə  şanlı tariximizdir: «Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.» 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə məğrur, yenilməz, tarixinə, torpağına sahib çıxmaq üçün bütün çətinlikləri dəf edən xalq olduğunu göstərdi. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı  bəyan etdiyi kimi, əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.

Bu gün Azərbaycan həmin qərarları verir, imza atdığı sənədlərlə perspektivləri açıqlayır. Şuşa və Bakı Bəyannamələrinin ardınca daha neçə-neçə imzalanacaq sənədlər Azərbaycanın regionda və dünyada mövqelərini möhkəmləndirməklə yanaşı, Qarabağımızın cənnət məkana çevrilməsində dost, qardaş ölkələrin  birgə fəaliyyətini tənzimləyəcək.

Göründüyü kimi, yeni reallıqlar dost, qardaş ölkələrdən bütün sahələrdə birgə addımlamağa çağırışlar edir. Bu ölkələrin hakim partiyaları ilə əməkdaşlığın dərinləşdirilməsi də bu tərkibdəndir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının dəvəti ilə  AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası  ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası  arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransın  keçirilməsi də iki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını nümayiş etdirdi. Hakim partiyaların ölkələr arasında əlaqələrin inkişafında roluna da işıq saldı. Konfransın mövzusunda yer alan “Şuşa Bəyannaməsi” ifadəsi sənəddən irəli gələn vəzifələrin icrasında partiyaların əməkdaşlığının daha da möhkəmləndirilməsinin zəruriliyini bir tələb kimi ortaya qoyur.

Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək gələcəyə daha böyük inamla addımlayır.

Yeganə Əliyeva, “İki sahil”