KÖŞƏ

Zahid Rza

Yalanlarla tarixi gerçəklikləri dəyişdirmək mümkün deyil...

13 oktyabr 2021 01:35
694

Yeni reallıqları qiymətləndirmək istəməyənlər, “sapı özümüzdən olan baltalar”ın əli ilə Azərbaycana tələ qurmaq sevdasına düşənlər mütləq uduzacaq

Dağıdıcı düşərgədəkilərin müxalifətçiliyinin formulu belədir: öz dövləti, xalqı ilə kin və nifrət dilində danışmaq. Təbii ki, onların bu əməlləri cəmiyyətimiz tərəfindən qəzəblə qarşılandığından atdıqları hər addımda fiaskoya uğrayırlar. AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilər 30 ilə yaxın müddətdə tutduqları antimilli mövqeləri ilə əslində öz təşkilatlarını uçuruma yuvarladıblar. Vaxtilə bu qurumlarda təmsil olunan vətənsevər insanlar bunların şəxsi mənafe və ambisiyaları naminə milli maraqları heçə saydıqlarını, yalan və iftiralarla nəfəs aldıqlarını, dövlətə, xalqa xəyanət etdiklərini vaxtında görərək o şər yuvalarından uzaqlaşdılar.

Siyasət ilə az -çox maraqlananlar, həmçinin gündəmi diqqətlə izləyənlər yaxşı xatırlayırlar ki, bir neçə il bundan əvvəl  xarici xüsusi xidmət orqanlarının əli ilə yaradılan “Milli Şura” adlı amorf qurum mövcud olduğu bir ilk gündən qaranlıq məqsədlərə xidmət edib. Cəmiyyətimiz yaxşı bilir ki, həmin qurum xarici ölkələrdəki anti-Azərbaycan dairələrin ideyası əsasında yaradılıb. Vaxtilə Müsavat Partiyasında təmsil olunan və bu düşərgənin cikinə-bikinə yaxından bələd olan Adil Qeybulla hələ 2013-cü ildə “Milli Şura”dakıları nəzərdə tutaraq söyləyirdi ki, başqa dövlətin xüsusi xidmət orqanları ilə, digər güc strukturları ilə separat əlaqələr dünyanın hər yerində Vətənə xəyanət kimi dəyərləndirilir: “Bu, cinayət tərkibli bir hadisədir, məsələ ictimailəşdirilməlidir, bu məsələlərdə cavabdeh olan şəxslər xalqın qarşısında cavab verməlidir. Çünki bəzi məsələlərin konturları görünməkdədir”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da hələ o vaxtlar bildirmişdi ki, bu təşkilata toplaşanların əsas məqsədi maddi maraqlardır: “Milli Şura”da qüvvələr nisbəti elə formalaşdırılıb ki, AXCP, Müsavat, İctimai Palata və başqa birliklər hegomonluq edə bilməz. Eyni zamanda, Əli Kərimli və İsa Qəmbər də müəyyən dövrlərdə “Mill Şura”ya böyük ümidlər bağladıqlarına görə bu vəziyyətlə razılaşmışdılar. Yalnız icra işlərini Müsavat və AXCP-yə tapşırmışdılar”.

Təbii ki, biz 2013-cü ilin prezident seçkiləri ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələrin təlimatı və “xeyir-duası” ilə formalaşdırılan “Milli Şura”nın necə yarandığını heç də təsadüfən xatırlamadıq. Çünki bu gün də dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP, Müsavat Partiyası və “Milli Şura” kimi qurumların, eləcə də onlarla sinxron fəaliyyətdə, işbirliyində olan “siyasi mühacirlər” adlı xəyanətkar dəstənin kənar qüvvələr tərəfindən idarə olunması heç kimə sirr deyil. Ermənipərəst qüvvələrin boyunduruğu altında olan bu qurumların başbilənləri  və bəzi Qərb ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan məlum üzdəniraqlar sosial şəbəkələrdə ağız-ağıza verərək Vətənimizə, dövlətimizə, onun simvollarına qarşı çirkin, əxlaqsız qara piar kampaniyası aparmaqla anti-Azərbaycan dairələrin dəyirmanına su tökməkdə davam edirlər. Milli mənlik şüurunu itirən, həmin dairələrdən ianə və qrant alan bu antimilli ünsürlər 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, milli ruhumuzun, birlik və həmrəyliyimizin təntənəsi olan möhtəşəm Zəfərimizi həzm edə bilməyənlərin, Azərbaycanı gözü götürməyənlərin, ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin maşası rolunu əxlaqsızcasına oynayan  xəyanətkar mənəviyyatsızların bütün çirkin fəaliyyətləri nəticəsiz qalacaq.

 Niyə?... Çünki indi vəziyyət dəyişib. Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Dövlətimizin başçısının söylədiyi kimi, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq: “Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq”.

Bəli, bu gün ölkəmizin başçısının bildirdiyi kimi, yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımları planlaşdırmağa ehtiyac var. Əks təqdirdə  “sapı özümüzdən olan baltalar”ın əli ilə Azərbaycana tələ qurmaq istəyən qüvvələr uduzacaq. Çünki uydurma və yalanlarla tarixi gerçəkləri dəyişdirmək mümkün deyil...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?