KÖŞƏ

Zahid Rza

Nikol Paşinyan sülh prosesini niyə sabotaj edir?

22 noyabr 2021 23:14
540

Qırx dörd günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan və kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış sənədin şərtlərini yerinə yetirməkdən boyun qaçıraraq müxtəlif bəhanə və təxribatlarla sülh prosesini yubatmağa çalışır. Heç kimə sirr deyil ki, son günlər iki dövlət arasındakı sərhəddə baş verən təxribat da Ermənistan hakimiyyəti tərəfindən törədilmişdi. Bütün bunlar onu göstərir ki, N.Paşinyan hazırda müxtəlif vasitələrlə sülh prosesini sabotaj edir. Prosesin ləngiməsi isə öz növbəsində sərhədlərin delimitasiyası və demarkasiyasını, eləcə də Zəngəzur dəhlizinin açılmasını qeyri-müəyyən müddətə təxirə salır.

Azərbaycan üçün isə sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması prioritet təşkil edir. Hazırda Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğurlu fəaliyyət göstərir. Artıq Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada əldə etdikləri razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsi davam etdirilir.  Əslində 2021- ci il yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmiryolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Bu dəhliz mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Əvvəla, ölkə başçısının söylədiyi kimi, ilk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.

 Təxminən 30 illik fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu da Azərabycanın strateji, iqtisadi, və siyasi məqsədlərinin daha sürətlə reallaşmasına yol açacaq.

Digər yandan isə yalnız Azərbaycan deyil, eyni zamanda, regionda maraqları olan dövlətlər də bu dəhlizdən maksimum yararlanmaq imkanı əldə edəcəklər. Bu baxımdan ölkə başçısının qeyd etdiyi kimi, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Zəngəzur dəhlizi yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın deyil, qonşu ölkələrin də maraqlarına cavab verir. Bu dəhliz həm də Ermənistanın blokadadan çıxaraq yeni əməkdaşlıq mühitində çətin iqtisadi vəziyyətdən qurtulması üçün əsas şanslardan biri ola bilər. Bütövlükdə yeni dəhliz bölgənin inkişafına böyük töhfələr verəcək. Bu mənada Ermənistan qeyri-konstruktiv hərəkətlərinə son qoymalı, regionda davamlı sülhün bərqərar olması üçün 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinə əməl etməli və Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımalıdır. Bu ölkənin hərbi-siyasi rəhbərliyi dərk etməlidir ki, Azərbaycan Zəngəzur dəhlizinin dəhlizinin açılması, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi üçün danışıqların başlanması istiqamətində bütün lazımi tədbirləri həyata keçirəcək. Əslində bütün bunları ermənilər özləri də yaxşı dərk edirlər. Bu günlərdə erməni ekspert Van Ambarsumyan Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, Azərbaycan istədiyinə nail olacaq: “Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Mən sizə dedim, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü boş yerə deməməsi ilə tanınır”.

Azərbaycan hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilməsi bunun əyani təsdiqidir. İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar müstəvisində sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi ölkəmizin başçısı tərəfindən dəfələrlə səsləndirilib. Prezident İlham Əliyev daim vurğulayır ki, münaqişə bitib və indi hamımız gələcəyə baxmalıyıq. Müharibədən sonra ötən bir ildə artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir: “Xüsusilə kommunikasiyaların açılması müharibə səhifəsini tamamilə bağlamaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır”.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?