KÖŞƏ

Zahid Rza

Şər-böhtan, yalan üzərində qurulmuş kampaniya

07 yanvar 2022 00:58
1629

Heç kimə sir deyil ki, ölkəmizdəki radikal müxalifət uzun illərdir ki, anti-Azərbaycan dairələr tərəfindən himayə olunur. Məhz həmin qüvvələr media və mətbuat orqanlarını öz alətlərinə çevirdikləri kimi, dağıdıcı müxalifətdə səngərləşmiş bəzi siyasi partiyaları, xəyanət çirkabına bulaşmış bəzi şəxsləri maliyyələşdirərək onlardan maşa kimi istifadə edirlər. Məlum dairələr müasir texnologiyanın yaratdığı imkanlardan-internetdən, sosial şəbəkələrdən, o cümlədən “Facebook”dan, “YouTube”dən istifadə edərək, necə deyərlər, “pult”la idarə edtikləri milli xəyanətkarları, zombiləşdirilərək şeytani məqsədlərə xidmət edən dönükləri, antimilli ünsürləri çirkli pullar, qrantlar vasitəsilə ələ alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xətdə yerləşdiriblər. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi və diplomatik Qələbəsindən sonra ölkəmizin əleyhinə aparılan “qara piar” kampaniyasının miqyasının gündən-günə genişləndirilməsi bunun əyani təsdiqidir. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların və “sapı özümüzdən olan baltalar”ın sistematik və planlı şəkildə apardıqları bu şər-böhtan kampaniyası heç də təsadüfi deyil.

Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan, beynəlxalq müstəvidə mövqeləri daha da möhkəmlənən Azərbaycanın imicini, eləcə də ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq istəyən qüvvələr dağıdıcı müxalifət düşərgəsində təmsil olunan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, bu qurumun Koordinasiya Şurasının üzvlərindən Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərdən məharətlə istifadə edirlər. Son zamanlar bəzi Qərb ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov kimi xəyanətkarların internet TV-lərdə fəallaşmaları bu antimilli ünsürlərin eyni mərkəzdən idarə olunmasına dəlalət edir.

Bu gün sosial dayaqlarını tamamilə itirən radikal müxalifət başçıları və onlarla işbirliyində olanlar Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Xarici ölkələrdə məskunlaşaraq pərdə arxasından idarə olunan, erməni lobbisi ilə sıx işbirliyində olan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən bəzi “azərbaycanlı” “siyasi mühacirlərin” internet TV-lərində uzun-uzadı yorucu monoloqlar söyləyən, isterik bəyanatlar səsləndirən məlum dəstənin üzvlərinin atdıqları hər addımdan aydın olur ki, bu psevdodemokratlar xarici anti-Azərbaycan şəbəkənin tezisləri ilə silahlanaraq onların tapşırıqlarını yerinə yetirmək, qrantlarını yemək üçün demək olar ki, yarışa giriblər. Bu xəyanətkarların son zamanlar xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyası cəmiyyətimiz tərəfindən etirazla qarşılanır.

Ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə təhrikedici çıxışlar edənlərin bu pozuculuq cəhdləri cəmiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Xalqımız bilir ki, anti-Azərbaycan dairələrin məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan yaradan tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Vətəndaşlarımıza o da bəllidir ki, respublikamızda heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edənlər məhz milli dönüklərdir.

Şübhəsiz, pozuculuğu, inkarçılığı ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan dağıdıcı müxalifət təmsilçiləri və onların havadarları öz məqsədlərinə güc, təzyiq vasitəsi ilə nail olmağa cəhd etsələr də niyyətlərinə çata bilməyəcəklər.