11 yanvar 2022 00:14
902

Bu gün daha güclü Azərbaycan dünyada tanınır

Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində tarixi Zəfərimizin ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində rolundan bəhs edərək bu əminliyi ifadə etmişdir ki, Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq

Tarixi Zəfərimizdən ötən bir ildən artıq dövrün təhlili bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. 30 illik işğal, həmçinin 44 günlük Vətən müharibəsi dövründə ölkəmizə qarşı ikili standartlara əsaslanan yanaşmalar məlumdur. Qəbul edilən qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, konkret məqam yetişəndə isə erməni sevgisi öndə dayanır. Ədaləti və hüququ müdafiə etməyən dünya gücləri etimadsızlıq mühiti yaratmaqla narazılıqların dərinləşməsinə stimul verirdilər. Azərbaycan dövləti 30 ilə yaxın dövrdə dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından ikili siyasətin ədalətsizliyini bəyan edərək, beynəlxalq hüquq normalarının tətbiqini, qərar və qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etdi. Amma dünya gücləri yenə də bu çağırışları eşitməzdən gələrək, ermənilərə olan sevgilərini hər addımlarında büruzə verirdilər. Vətən müharibəsinin başlanmasından bir neçə gün öncə BMT Baş Assambleyasının iclasında dövlət başçısı İlham Əliyev Ermənistanın yeni ərazilər uğrunda müharibə planı olduğunu bəyan etdi. Yenə də dünya bunu susmaqla qarşıladı. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu məqamlara bir daha işıq saldı, həqiqətlər açıqlandı, Ermənistanın illərdir havadarlarının dəstəyi ilə silahlandırıldığı bəlli oldu. Vətən müharibəsində tarixi Qələbəmiz dünyaya sübut etdi ki, ədalət və hüquq deyilən məfhumlar var, hər bir münaqişəli məsələnin həllində onlar əhəmiyyətli rol oynayır. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın döyüş meydanında üstünlük qazanmasında beynəlxalq hüquqa əsaslanan mövqeyi əsas rol oynadı.

Bu gün artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Müharibədən sonra cərəyan edən proseslər Azərbaycanın haqlı olduğunu bütün dünyaya bir daha sübut etdi. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu məqamı xüsusi qeyd etmişdir ki, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər: “Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir.”

Ötən il Azərbaycan Türk Şurasına sədrliyini uğurla başa vurdu. Noyabrda keçirilən Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır ki, bu qurum da Qoşulmama Hərəkatı kimi Azərbaycana haqq işində dəstək göstərir. İslam Əməkdaşlıq Təşkilatı da ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Ölkə Prezidenti İlham Əliyev müharibədən sonra nəticələrin qəbul etdirilməsində İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini yüksək qiymətləndirir.

Ötən ilin mühüm tədbirləri sırasında Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitini qeyd edə bilərik. Prezident İlham Əliyev çıxışında uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulamışdır. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edərək bu məqamı da açıqlamışdır ki, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədləri əlaqələrin xarakterini nümayiş etdirir.

Dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də həmin sammiti xüsusi vurğulayaraq bildirmişdir: “Dekabr ayında NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir.”

Qeyd edək ki, dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO ilə ölkəmizin əməkdaşlığı hazırda yüksək səviyyədədir. Əvvəllər Dağlıq Qarabağ münaqişəsinə münasibətdə seyrçi mövqedə dayanmağa daha çox üstünlük verən qurumun son sammitlərində münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə xidmət edən qərar və qətnamələrin qəbul edilməsi NATO-nun da artıq həqiqətləri olduğu kimi dəyərləndirməkdə maraqlı olduğunu ortaya qoydu. ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə dəstəyin və etimadın göstəricisi idi. NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən xüsusi dəyərin ifadəsi idi. 

1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanıb. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında iştirak edən Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı, nizam-intizamı ilə əlaqədar söylənilən fikirlər sübut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir. 

İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.

Avropa İttifaqının və NATO-nun postmünaqişə dövründə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirmələri də Azərbaycanın haqlı mövqeyinə dəstəyin ifadəsidir.

“Beynəlxalq arenadakı fəaliyyətimizə gəldikdə, bildirməliyəm ki, bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulub. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır. Faktiki olaraq iki dost, qardaş ölkə arasında əlaqələr bu səviyyədə idi. Belə bir sənədin imzalanmasına Qarabağın tacı Şuşamızın şahidlik etməsi özündə bir sıra məqamları birləşdirir. Tarixi Zəfərimiz bu qardaşlığın sarsılmazlığını, nümunə olduğunu dünyaya nümayiş etdirdi.

Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Postmünaqişə dövründə Rusiya Prezidentinin təşəbbüsü ilə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva və Soçi görüşlərini xatırlamaq kifayətdir.

Ölkə Prezidenti qeyd edilən müraciətində bu fikri də qeyd etmişdir ki, qonşular haqqında danışanda Ermənistanı heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etməyib. Bu gün də hələ ki, daxil etmir. Amma ümid edir ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrimiz qurulacaq: “Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.” Dövləti başçısı daim bu çağırışı da edir ki, İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır.

Ötuz ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız artıq azaddır, sevinclidir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir. 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizə ölkə başçısının 32 səfəri olub.

Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük maraq doğurmasıdır.

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2022-ci il üçün bu hədəfi də açıqlamışdır ki, hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaq. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir: “İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq.”

Yeganə Əliyeva, “İki sahil”