KÖŞƏ

Zahid Rza

İctimai nəzarət güclü olarsa…

15 yanvar 2022 00:15
1347

Prezident İlham Əliyev daim vurğulayır ki, o yerdə ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Ölkəmizin başçısının tələbi budur: Xalq dövlət üçün yox, dövlət xalq üçündür, vətəndaşlara layiqincə xidmət göstərmək hər bir məmurun ən ümdə vəzifəsidir.

Dövlət başçısı dəfələrlə bildirib ki, dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət.  Burada ictimai nəzarəti xüsusi ilə qeyd etmək lazımdır. Çünki ictimai nəzarət geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərti kimi mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən dəfələrlə ictimai nəzarətlə bağlı çağırışlar səsləndirilmiş və ictimai nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziyalara müsahibəsində dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin rolunu bir daha vurğulaması çox mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Hazırda cəmiyyətimizin bütün sahələrində islahatların reallaşdırıldığı, mühüm iqtisadi dəyişikliklərin baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri bildirməli, şikayətlərini lazımı orqanlara çatdırmalı, ictimai və siyasi təsisatlar, eyni zamanda isə QHT sektoru və KİV ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır.  Bundan başqa, ictimai nəzarət təşkilatları da bu istiqamətdə mümkün nəzarət mexanizmlərindən daha fəal istifadə etməli, alimlərin, nüfuzlü ziyalıların, ictimai-siyasi xadimlərin və fəal həyat mövqeyi tutan vətəndaşlarımızın iştirakı ilə ictimai müzakirələr aparılmalıdır.  Bütün sahələrdə ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarətin düzgün təşkili hər bir məmurun konstitusiya, qanunlar və digər normativ aktlara əməl etməsini təmin edir,qəbul olunmuş qərarların həyata keçməsi üçün təşkilati iş aparılır, yaranmış problemlərin həlli üçün praktiki addımlar atılır. Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır. İctimai nəzarət güclü olan cəmiyyətlərdə məmurlar, aidiyyəti qurumlar, rəhbər işçilər özlərini daha məsuliyyətli hiss edir, işlərinə daha diqqətlə yanaşır, mövcud problemlərin həlli daha da sürətlənir, qeyri-müəyyənlik və çaşqınlıq yaradan hallara operativ surətdə aydınlıq gətirilir. Aydındır ki, cəmiyyəti, insanları narahat edən məsələlər yalnız inzibati orqanların, rəhbər təşkilatların ümidinə buraxılmamalıdır. Unutmaq olmaz ki, ictimai nəzarət, həmçinin dövlət orqanlarının, təşkilatların fəaliyyətindəki mövcud problemlərin çoxalıb böhrana çevrilməsinin qarşısının alınmasına imkan yaradır. Bütün bunlar ölkəmizdə uğurla davam etdirilən demokratikləşmə prosesinin effektivliyini daha da artırar.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?