Şəhidlər- Varlığımızın, tariximizin əbədiyyət rəmzləri!
«Sərhəd hərəkatı», Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı… Erməni vandalizminin qanlı əməllərinin nəticələri
Tariximizə qanla yazılmış 20 Yanvar faciəsindən bəhs edəndə istər –istəməz həmin vaxt son günlərini yaşayan keçmiş SSRİ-dəki siyasi vəziyyət, sovetlər məkanında baş verən hadisələr xatırlanır.
…İctimai-siyasi formasiyalar arasında ideoloji müharibənin gərginləşdiyi o dövrdə Qərbin başlıca məqsədi dünya dövlətlərinə meydan oxuyan SSRİ-ni dağıtmaq idi. Bunun ən başlıca yolu isə «bir bayraq altında birləşən» müttəfiq respublikalar arasında milli münaqişələr yaratmaq idi. Bu reallığı Sovetlər birliyinə daxil olan respublikalarda baş verən hadisələr də təsdiqləyir: Ermənistan-Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Pribaltika hadisələri, Moldovada Dnestryanı münaqişələri, Tacikistanda vətəndaş müharibəsi…
1991-ci ilin dekabrında SSRİ dağıldı. Milli ədavətlərin qızışdırılması ilk olaraq 1987-ci ildə Abel Aqanbekyanın M. Qorbaçova müraciəti ilə başladı. Beləliklə, görkəmli publisist Ömər Faiq Nemanzadənin 1906-cı ildə «İrşad» qəzetində dərc olunan məqaləsindəki « Ermənilər, necə olursa –olsun özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və məqsədə nail olmaq üçün bizi Yerevandan, Qarabağdan, Qarsdan qovub çıxartmağa cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq, müsəlmanları özlərinə qarşı qalxmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah-nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arayacaqlar» sözləri özünü doğrultdu. Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün zəmin hazırlayan, 1987-ci il noyabrın 17-də Parisdə Erməni Fransa İnstitutunun və Erməni Veteranları Assosiasiyasının o zaman SSRİ-nin başçısı Mixail Qorbaçovun şərəfinə təşkil etdiyi birgə mərasimdəki çıxışında « Mən istərdim ki, respublikanın şimali –qərbində yerləşən Qarabağ Ermənistanın olsun. O, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır» söyləyən akademik Abel Aqanbekyanın başçılığı ilə erməni millətçiləri hazırlanan planı həyata keçirmək üçün hamiləri Raisa və Mixail Qorbaçovlardan dəstək aldılar.
…19 fevral 1988-ci ildə Xankəndidə baş qaldıran «Miatsum»la bağlı
«xəfif pıçıltılar» dəhşətli qanlı hadisələrin başlanğıcı idi. Daşnakların əbədi arzuları olan «böyük Ermənistan» planlarının gerçəkləşməsi üçün hazırlanan, müstəqilliyimizə təhlükə olan və Azərbaycanın ərazilərinin işğalına yönələn ilk güllə səsləri Ağdamda eşidildi. Erməni millətçilərinin və havadarlarının yandırdıqları münaqişə ocaqlarının alovları sonra bir neçə millətlərin məskunlaşdığı Sumqayıtı «qarsaladı.» Sumqayıtın 70 illiyi münasibətilə keçirilən mərasimdə o dövrdə baş verənləri xatırladan Prezident İlham Əliyev ermənilərin xəyanətkar siyasətlərinin məqsəd və məramını da açıqlamışdı: «1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin.»
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil olması haqqında qərarın qəbulundan sonra saqqallı erməni emissarları ustalıqla maskalanaraq təxribatlara başladılar. «Böyük Ermənistan» ssenarisini reallaşdırmaq üçün hazırlanan məkrli planın, erməni təxribatlarının ilk ünvanı kimi Sumqayıt və Dağlıq Qarabağın seçilməsi də təsadüfi deyildi. Hər iki məkanda erməni və azərbaycanlılar birgə yaşadıqlarından milli zəmində qarşıdurma yaratmaq, münaqişə törətmək daha asan idi. Sumqayıt hadisələrindən sonra 1989-cu ildə Naxçıvanda, Araz çayı boyu çəkilən, SSRİ-nin cənub sərhədi sayılan tikanlı çəpərlərin sökülməsini bilərəkdən sükutla qarşılayan imperiyanın «yaşıl papaqlıları» aksiya iştirakçılarını ekstremist, narkoman kimi tanıtdırdılar. 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən qırğın Azərbaycana qarşı cəza adlandırıldı. Sovetlərin 366-cı alayının erməni silahlıları ilə birgə törətdikləri Xocalı qırğını isə Azərbaycan xalqının gözünü qorxutmaq, Xankəndini və ətraf əraziləri birdəfəlik erməniləşdirmək idi. Ən ağır faciələrin törədildiyi zamanlarda belə milli mənsubiyyətlərini itirən, soydaşlarımızın nahaqdan axıdılan qanlarından narahat olmayaraq, hələ də Kremlin göstərişlərini yerinə yetirən Azərbaycanın «beynəlmiləlçi» rəhbərləri xalqın səsini boğmağa çalışırdılar. Əslində, 20 Yanvar hadisələrinə əvvəlcədən hazırlıq görülmüş, ordu döyüş vəziyyətinə gətirilmişdi. SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov erməni əsilli arvadının və iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın istəyinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsinə başladı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar qırğını törədildi. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin «ALFA» qrupu Bakıda baş verənləri, əsl həqiqətləri ört-basdır etmək, qanla susdurduqları Azərbaycan xalqının səsini boğmaq, törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün 19 yanvarda Azərbaycan Televiziyasının enerji blokunu partlatdı. SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin başda olmaqla digər güc strukurlarının, dövlət və hökumət rəsmilərinin əmrlərinə əsasən Bakıya yeridilən ordu dinc əhalini qətlə yetirdi. Sonra Qorbaçovun sərəncamı ilə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi. Beynəlmiləl «ailənin» başçıları çirkin məqsədləri naminə « qardaşı qardaşa qırdırdı.» Azərbaycan xalqı təşviş içərisində idi. Gəmini ən sonda tərk etməli olan «kapitan», Bakıya ordu yeridilməsinə bilavasitə imkan yaradan, azərbaycançılıq duyğularını çoxdan itirmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov elə bir dərrakə, siyasi hazırlıq sahibi deyildi ki, torpaqlarımızın Ermənistana birləşdirilməsi ilə bağlı Xankəndidən başlanan erməni məkrini qavrasın, hadisələrin əsl mahiyyətini başa düşsün. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişlər. Topxana meşəsinin dağıdılımasından, soydaşlarımızın Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan çıxarılmasından hiddətlənən Azərbaycan xalqının tələblərinə, hiddətlərinə biganə qalan respublikanın başsız rəhbəri ata-baba yurdundan çıxarılan soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsinin qarşısını aldı. Çünki Kremlin tələbi belə idi. Ağalarının qarşısında diz çöküb, imperiyanın göstərişlərinə qolu bağlı qul kimi itaət edən Əbdürrəhman Vəzirov daşnak ideologiyasını davam etdirən Abel Aqanbekyandan, Zori Balayandan, Silva Kapitukyandan fərqli olaraq milli təəssübün müqəddəsliyini belə dəyərləndirmək iqtidarında deyildi. Düşünülmüş plan əsasında Azərbaycanda hakimiyyətə gətirilən ölkəmizin «baş kommunisti»nin 20 Yanvar faciəsinin törədilməsində əli olduğunu söyləyənlərin sözlərində həqiqət vardır. Vəzirovun razılığı əsasında Azərbaycana qoşun yeridildi. SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın böyük hərbi kontingenti Qala, Nasosnı aerodramlarında, Salyan kazarmasında yerləşdirildi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür;
Bakıya gətirilən sovetlərin « qızıl ulduzlu» hərbçilərinin sayı 66 mindən çox idi. Bakıda və rayonlarda keçirilən hərbi əməliyyatlar nəticəsində 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. Təcavüzkar ordu tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. O ağır günlərdə xalqımızla həmrəylik sədaları da Moskvadan eşidildi. Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn fərdi pensiyaçı Heydər Əliyev xalqla bir olduğunu bildirməklə həmyerlilərini səbrli, təmkinli olmağa çağırdı. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
1990-cı ilin 22 iyulunda doğma elinə, obasına- muxtar respublikaya qayıdan Naxçıvan MR Ali Məclisinin sıravi deputatı, sonralar Sədri seçilən Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsi müzakirəyə çıxarıldı. «Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə» söyləyən Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1990-ci il tarixdə qəbul olunmuş bəyanat 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Bəyanatda qeyd olunurdu ki, respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymətin verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın. 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət də ulu öndər Heydər Əliyevin1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışından sonra verildi. Azərbaycan xalqının haqq səsini dünyaya çatdıran ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderin səyi nəticəsində Sumqayıt hadisələrinə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verildi. Sadalanan hadisələrə növbəti qiymət isə 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad edən, Azərbaycan xalqına verdiyi vədini 44 gündə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik qətiyyəti, torpaqlarımızın qorunması uğrunda qurban getmiş bütün şəhidlərə ümumxalq ehtiramıdır.
Prezident İlham Əliyevin «Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”» sözləri, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, işğaldan azad edilmiş ərazilərdə qaldırılan üçrəngli bayraqlarımız qəhrəmanlarımızın ruhuna və xatirəsinə göstərilən el hörməti, ümumxalq məhəbbətidir. Bu günlərdə Azərbaycan xalqı bütün şəhidlərimizi hörmətlə yad edir, hamının ürəyindən bu sözlər keçir: Uğuruna qurban getdiyiniz Zəfərimizlə ruhlarınız rahatlansın, şəhidlərimiz!
Xuraman İsmayılqızı, «İki sahil»
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib