KÖŞƏ

Zahid Rza

Ağdam dünyaya örnək olacaq

18 fevral 2022 01:57
1233

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəlir, tarixinə, mədəni irsinə, ənənələrinə qovuşur, bu torpaqlarda həyat yenidən canlanır. Bu gün işğaldan azad edilmiş ərazilər geniş tikinti meydançasını xatırladır. Ölkə başçısının təşəbbüsü və nəzarəti ilə ilə Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində infrastruktur layihələrinin reallaşmasına start verilib, yol-nəqliyyat infrastrukturu yaradılır, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, hava limanları inşa edilir, mədəni, tarixi və dini abidələr bərpa olunur.

Dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza hər səfəri Qarabağın dirçəlişini daha da sürətləndirir. Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfərləri bunun əyani təsdiqidir. Həmin gün Ağdamın gələcək inkişafında həlledici rol oynayan infrastruktur obyektlərinin, iqtisadi və sosial tipli layihələrin istifadəyə verilməsi və təməlinin qoyulması ilə yadda qaldı. Dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə də sosial obyektlərin təməlini qoydu. Prezident Ağdam rayonunda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin istifadəyə verildiyini göstərir.

 Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir.  Bundan başqa, həmin gün 209 mənzildən ibarət Yeni yaşayış kompleksinin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Yeni yaşayış kompleksi təqribən iki ilə inşa ediləcək. 210 çarpayılıq xəstəxananın inşası 28 ildən sonra öz doğma yurdlarına dönən soydaşlarımıza yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir.

Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin kəsişməsində yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Hazırda Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək. Həmçinin Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və bu diyara başqa ölkələrdən gəlmək daha asan olacaq. 

Prezident İlham Əliyev Ağdama ilk səfəri zamanı bildirmişdi ki, bu tarixi torpağımız yenidən qurulacaq və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”

Bəli, arzularımız, niyyətlərimiz gerçəkləşir. Dövlət başçısının söylədiyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. “Ruhlar şəhəri” möcüzələr diyarına çevriləcək, Ağdam əvvəlki əzəmətini bərpa edəcək.