18 fevral 2022 16:45
980

Ağdam şəhəri üzrə qaz çəkilişinin layihələndirilməsi gələn ay yekunlaşacaq FOTO

Fevralın 18-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

İB-nin İctimaiyyətlə ələaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

İşğaldan azad edilmiş rayonların qazlaşdırılmasına dair sualı cavablandıran Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, azad olunan ərazilərdə qazlaşma işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür: «İlk olaraq Ağdamın və Şuşanın qazlaşdırılmasından söhbət gedir. «Azəriqaz» İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib və artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı planlaşdırırıq. Şuşa şəhəri üzrə layihələndirmə isə müəyyən qədər vaxt aparacaq. Dövlətin qərarı olduqdan və maliyyələşmə məsələləri həll edildikdən sonra artıq bilavasitə şəhərdaxili qaz şəbəkəsi yaradılacaq. O cümlədən hazırda Zəngilan rayonu istiqamətində böyük tutumlu magistral qaz kəmərinin çəkilişi layihələndirilir. Bu kəmər çəkildikdən sonra yeni pilot layihə olan Ağalı kəndi də qazlaşdırılacaq»

Teymur Cəfərov sənaye torpaqlarında salınan yaşayış məntəqələrinin qazlaşdırılmasına dair sualı cavablandıraraq bildirib ki, bu ərazilərin qazlaşdırılması ilə bağlı mütləq hökumətin müvafiq qərarı olmalıdır. Bu halda qazlaşma layihəsi hazırlanaraq işə başlanıla bilər.

Onun sözlərinə görə, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri  öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra  məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» kommunal xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir. Yalnız bu proseslər tam başa çatandan sonra sakinlərin vəsaitləri hesabına məhəllələrin qazlaşdırılmasına başlamaq olar. Belə çəkilişlər qanuni hesab olunur və sakinlərin məişət firvanlığını təmin edir. Çəkiliş başa çatandan sonra istismara qəbul prosesini «Azəriqaz» İB-nin müvafiq qurumları həyata keçirir»

«Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev «Qaz təchizatı haqqında» Qanuna ediləcək dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərə əsasən,  mənzildaxili qaz infrastrukturuna texniki baxışları və yoxlamaları yenidən «Azəriqaz» həyata keçirə bilər. Qeyd edək ki, bu funksiyalar 2016-cı ildən İB-dən alınaraq Fövqəladə Hallar Nazirliyinə verilmişdi.

Elçin Zaman, "İki sahil"